Modern.az

"Azərbaycanın hərbi döyüş potensialı artır"

"Azərbaycanın hərbi döyüş potensialı artır"

Təhsil

18 Yanvar 2010, 22:20

Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev ordu quruculuğu sahəsindən də danışıb: “Ordu quruculuğu sahəsində bütün işlər uğurla davam edir. 2010-cu ildə, hesab edirəm ki, biz müdafiə sənayesinin xətti ilə yaradılan yeni zavodların açılışında iştirak etməliyik. Bu proses gedir və lazımi vəsait ayrılır. Müdafiə Sənayesi Nazirliyi qısa müddət ərzində Azərbaycanda yeni sənaye sahəsinin yaradılmasında çox mühüm rol oynamışdır. Həyat göstərir ki, o vaxt Azərbaycanda müdafiə sənayesi yaradılması barədə bizim tərəfimizdən qəbul edilmiş qərar çox düzgün qərar idi. Bəziləri buna şübhə ilə yanaşırdılar. Çünki Azərbaycan böyük ölkə deyildir. Əslində böyük ölkələrdə güclü müdafiə sənayesi yaradılır. Bəli, biz böyük ölkə deyilik, halbuki artıq Azərbaycanda 9 milyonuncu vətəndaş da doğulub. Ancaq biz müharibə şəraitində yaşayırıq. Belə olan halda biz hər yerdə olduğu kimi, bu sahədə də daxili resurslara istinad etməliyik. Necə ki, biz siyasətdə, diplomatiyada, iqtisadiyyatda daxili resurslar hesabına yaşayırıq və fəaliyyət göstəririk, bu sahədə də maksimum dərəcədə daxili imkanlardan istifadə edib güclü müdafiə sənayesini yaratmalıyıq. Artıq bunu yaratmışıq. Azərbaycan məhsulları müxtəlif beynəlxalq sərgilərdə nümayiş etdirilir. Artıq biz ixrac imkanlarımızı da genişləndiririk. Biz müdafiə sənayesini yaradanda əlbəttə ki, ilk növbədə öz daxili tələbatımızın ödənilməsini nəzərdə tuturduq. Bu gün də bu prioritetdir, ordunun və bütün hərbi qüvvələrin ehtiyacları ilk növbədə ödənilməlidir. Ancaq əgər ixrac üçün əlavə imkanlar olarsa, əlbəttə ki, bu, ancaq alqışlanacaqdır. Bu, həm iş yerləridir, həm yeni sənaye obyektləridir, həm də ki, əsas məsələmizi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bizə çox lazım və vacib olan sahədir.
Ümumiyyətlə, Azərbaycanın hərbi döyüş potensialı artır. Orduda və bütün hərbi qüvvələrdə gedən proseslər mövqeyimizi gücləndirir. Həm döyüş qabiliyyəti, həm də vətənpərvərlik ruhu yüksək səviyyədədir. Əlbəttə ki, texnika, silah-sursat, bütün lazımi məsələlər 2010-cu ildə də yubanmadan həll olunmalıdır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır