Modern.az

Xarici pasportların verilməsinə dəyişiklik edildi

Xarici pasportların verilməsinə dəyişiklik edildi

Təhsil

12 İyun 2012, 12:41

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında gündəliyə çıxarılan “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında sənəd təsdiq edilib.

Qeyd edək ki, sözügedən qanuna əsasən ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində verilməlidir. Dəyişiklikdə göstərilir ki, ümumvətəndaş pasportu alınarkən vətəndaş müvafiq quruma fotoşəkil təqdim etməyəcək. Həmçinin vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırlmasını nəzərdə tutan müddəanın da qanundan çıxarılması nəzərdə tutulub.

Qeyd edək ki, xarici pasportlarının 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara verilməsi təklif olunub. Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illlik müddətə verilməsi nəzərdə tutulur.

Qanunda göstərilir ki, xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq. Pasportda göstərilən məlumatlar sırasında pasportun seriyası, vətəndaşla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və doğulduğu tarix sözləri çıxarılır, məlumatlar sırasına "fərdi identifikasiya nömrəsi" və "etibarlılıq müddəti" sözləri əlavə olunur.

Pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya pasport sahibinin imzası istisna olmaqla, müvafiq məlumatlar, pasport sahibinin üz təsviri, iki əl-barmaq izi daxil edilir.

 Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəkilinin çəkilməsi pasportu verən dövlət orqanında həyata keçirilir. Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın adı, atasının adı, soyadı dəyişdikdə və ya pasport, onun elektron daşıyıcısı yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir. Pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilməlidir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır