Modern.az

Qarabağ zəfəri Azərbaycanın yeni iqtisadi inkişaf amillərini formalaşdırdı - Rektor

Qarabağ zəfəri Azərbaycanın yeni iqtisadi inkişaf amillərini formalaşdırdı - Rektor

Təhsil

24 Dekabr 2020, 12:45

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi, Azərbaycanın zəfəri, Ermənistanın isə kapitulyasiyası ilə başa çatdı!”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov deyib.

Rektor bildirib ki, Qarabağ Zəfəri ilk növbədə iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir Azərbaycanın apardığı siyasətin uğurunu ortaya qoydu.

“Başqa sözlə, bu zəfər Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin zəfəri idi. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə daha da yaxşılaşdırdı və öz gücünü bütün dünyaya bir daha sübut etdi.

Bu zəfər Azərbaycanın və eləcə də bütün regionun iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı. Bu amillərdən ən vacibi Qarabağda əldə edilmiş hərbi qələbəni Azərbaycanın gələcək dinamik, davamlı sosial-iqtisadi inkişafına transformasiya edə biləcək əhali, xalq məmnunluğudur. İnanırıq ki, məmnun xalqımızın Prezident İlham Əliyev ətrafında daha da sıx birləşməsi Post-müharibə dövründə iqtisadi və sosial islahatlara dəstəyi və etimadı daha da yüksəldəcək, islahatların səmərəliliyini əhəmiyyətli artıracaq. Eləcə də, xalq dövlət birliyinin güclənməsi və güclü siyasi iradənin mövcudluğu insanların həm də gələcəyə ümidini artıracaq. Nəticədə ölkənin iqtisadi gücünün və iqtisadi potensialının artımının əsas şərti təmin olunacaq”.

Ə.Muradovun sözlərinə görə, Azərbaycan kiçik iqtisadiyyatlı ölkədir və bu amil həm iri həcmli qeyri-neft investisiyaların cəlb edilməsi, istehsalın həcminin kəskin artması, həm də dünyada proteksionist tədbirlərin güclənməsi ixracın artırılması üçün müəyyən problemlər yaradır.

“Qarabağın azad edilməsi Naxçıvanla Azərbaycanın birbaşa nəqliyyat əlaqələrinin qurulması nəticəsində ölkənin iqtisadi ərazisinin böyüdülməsi baxımdan Azərbaycan-Türkiyə-Gürcüstan azad ticarət zonası iqtisadi regionlaşma çərçivəsində yeni perspektivlər vəd edən layihələrdən biri kimi görünür.

Digər çox ciddi bir layihə kimi, “Bir kəmər bir yol” layihəsində Azərbaycanın Qarabağ zəfərindən sonra rolunun artmasıdır. Məlumat üçün qeyd edim ki, bu layihə uğurla reallaşdığı halda dünyanın 65% ÜDM-ni istehsal edən 65 ölkəsini birləşdirəcək. Bu layihə dünya əhalisinin 70%-ni, kəşf edilmiş enerji resurslarının 75%-ni əhatə edir”.

UNEC rektoru qeyd edib ki, Zəfərdən sonra Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafında bir növ dönüş baş verdiyini, bundan sonra bu əlaqələrin davamlı dərinləşərək davam edəcəyini demək mümkündür.

“Zəfərdən əvvəl ölkələrimiz arasında preferesial ticarət sazişi imzalanmış, Zəfərdən sonra isə bir çox istiqamətlərdə yeni əməkdaşlıq sazişləri bağlanmışdır. Bura iki ölkə arasında gediş-gəlişdə vizanın aradan qaldırılması, şəxsiyyət vəsiqələri ilə qarşılıqlı gediş-gəlişin təmin edilməsi, İqdır-Naxçıvan qaz xəttinin çəkilməsi, Qars-İqdır-Naxçıvan dəmiryolu xəttinin tamamlanması, KOB, investisiyalar, nəqliyyat, inşaat və media sahəsində strateji əməkdaşlıq daxildir. Prezident İlham Əliyevin də elan etdiyi kimi Qarabağın inşasında Azərbaycan və Türkiyə şirkətləri bərabər şəkildə fəaliyyət göstərəcəklər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü