Modern.az

İTBAŞI (13-cü bölüm)

İTBAŞI (13-cü bölüm)

Ədəbi̇yyat

30 Dekabr 2020, 14:18

Mahir Qabiloğlunun romanı

 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 10-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 11-ci bölümünün LİNKİ) 
("İTBAŞI"nın 12-ci bölümünün LİNKİ)


Hərəmxana. Şahənşah Göyverən mütəkkələrə dirsəklənib uzanıb. Hərəmlər qarşısında rəqs edirlər. Karine həmişəki kimi pəncərənin qabağında oturub eşiyə baxır. Şahənşahın gözü hərəmlərdə olsa da fikri başqa yerdədir: deməli Karine sözünə sahib çıxmadı. Yenə baş kəsdi. Amma nədənsə Aslan bu dəfə onun edam olunmasını tələb etmədi. Görəsən niyə? Özünümüdafiə olduğuna görəmi? Bəlkə də... Ondan yenə qorunmalıyammı? Ondan qorxmalıyammı? Yox. Mən şahənşaham. Heç kimdən qorxmamalıyam. Əksinə. Məndən qorxmalıdırlar. Qorxurlar da...

Şahənşah Göyverən əlini əlinə şappıldatdı.

– Hərəmlər, düzülün, – deyə Karine baş hərəm olaraq onlara əmr etdi. Şahənşah ayağa durub işarət barmağıyla onu göstərdi.

Şahənşahın yatağı. Göyverən xumarlanıb. Çoxdandır belə həzz almamışdı.

– Karine.

– Bəli, şahənşahım.

– Sən hələ çox baş kəsəcəksən?

– Şahənşahım, hansı insan istər ki, qatil olsun? Buna həyat məcbur edir adamı.

– Heç yuxuna girirmi onlar?

– Xeyr, şahənşahım.

– Niyə?

– Yəqin qorxurlar röyalarıma gəlməyə. Ki, yenə başlarını kəsərəm, – deyə Karine güldü, – Şahənşahım, bir sualıma cavab verin. Xacənin saxta, Yaninanın isə xəyanət etdiyini gəlib sizə desəydim, cəzaları nə olacaqdı?

– Əlbəttə ki, edam. Özü də dəhşətli edam.

– Mən də sizin edəcəyinizi etdim. Günahım budurmu? Həm özünümüdafiə oldu, həm də şahənşahıma sədaqətimi bir daha sübut etdim. Hətta yataqda da əmin əllərdəsiniz. Bir nəfər də sizə yaxın gələ bilməz.

– Yaddan çıxartma ki, şahzadə Göyverənlərdən səkkizi hazırda ətrafımızdadır.

– Üzləri o yanadır, şahənşahım. Necə görəcəklər sizə yaxınlaşan qatili?

– Bəsdir! Adam öldürməkdən elə danışırsan ki, sanki qəhrəmanlıq etmisən. Əminəm ki, bu sonuncu baş kəsməyin olacaq. Mənim də səbrimin həddi var. Vallahi qəzəbimə tuş gələcəksən bir gün. Artıq baş hərəmsən. Özün başçılıq edirsən oralara. Nə olsa əvvəlcədən xəbər elə. Yadından çıxartma ki, sən hərəmsən, cəllad deyilsən.

– Başüstə, şahənşahım.

– Xacə məsələsini də Aslanla həll elə. Bu dəfə yəqin yoxlayıb alar.

– Əmr edərsiniz, şahənşahım.

– Yenə darıxırsan öz el-oban üçün?

– Bəli.

– Getmək istəyirsənmi Kaminat şahlığına?

– Xeyr.

– Niyə?

– Mən ordan çıxanda şahlıq idi. İndi isə təbəəlik.

– Şahənşahlığın baş hərəmisən. Bundan qürur duymalısan.

– Mən də onu deyirəm. Şahənşahlığın baş hərəmi qula çevrilmiş məmləkətinə getməz. Bəs siz necə, bu vaxta qədər hansısa şahlığa qədəm qoymusunuzmu?

– Ay hərəm, mən heç öz valiliklərimin yerini düz-əməlli tanımıram, qalmışdı təbəəlikləri, – deyə şahənşah güldü.

Karine daha heç nə danışmadı. Ah çəkib, arxası üstə uzandı. Qəmli gözlərini tavana dikdi. Uzaqdan sübh azanının səsi gəlirdi.

 

***

 

Valiliklərdə şadyanalıqdır. Qulağısırğalılar sevinirlər. Beş üzdəniraq meydanda söhbət edir:

– Axır ki, biz də bir gün görəcəyik. Allah çəkdiyimiz əzab-əziyyətləri qarşılıqsız qoymadı. Səbr etdik, dözdük, sonda payımızı aldıq. İndi biz sizə göstərərik, ey bizləri aşağılayanlar, söyənlər, təpikləyənlər.

– Ay kişi, Allah yox, Şahənşah Göyverən çatdırdı bizi bu mənsəbə.

– Onu kim dedi? Bizi bu günə qoyan o deyil? O deyil bizi əzablara, iztirablara düçar edən? Gülünc şalban yadından çıxıb? Yoxsa səhərlər güzgüyə baxmırsan? Saçların uzanıb alnını örtüb deyə, hər şeyi unutmusan? Get saçını qırxdır ki, alnındakı aydın görünsün. Daha utanma. Bu gündən alnıaçıq gəzməliyik. Bizim zəmanəmiz gəlib çatdı. Qoy alnında damğa, qulağında sırğa olmayanlar utansınlar.

– Nə olsun ki, bizim zəmanədir. Bu şakərdən ki, qurtula bilmirik. Bir də gördün ibnəmiz oyanır.

– İbnənin ibnəsi oyanar da... Burda qeyri-adi nə var ki? Sən fəxr elə. Fəxr elə ki, qulağı dəmirsırğalısan. Yoxsa səni yüksək mənsəbə qoyardılarmı?

– Düz deyirsən. Əvvəllər xəcalət çəkirdik. Adam arasına çıxa bilmirdik. İndi isə qulağında sırğa olmayanlar qoy xəcalət çəksinlər.

– İndi görəcəksən. Gedib hərəsi bir sırğa taxıb valiliyin qabağında növbəyə dayanacaq ki, bəs biz də göyverənik. Elə bilirlər sırğa taxmaqladır. Bizi heç vaxt aldada bilməzlər.

Bu zaman yanlarından qırx-qırx beş yaşlarında bir kişi keçir.

– A bala, bura gəl görüm? – deyə gənc göyverənlərdən biri onun qolundan yapışır, – Qulağına baxım? Sırğan yoxdur? Tfu sənin üzünə, iyrənc köpəyoğlu, – deyib kişinin üzünə tüpürür. O birisi isə dalına təpiyi elə vurur ki, üzüqoylu yerə uzanır. Papağı başından düşür, – Alnını göstər. Gör necə tərtəmiz alnı var e bunun. Heyf ki, damğamız yoxdur da... yaxşıca dağlayardım bunu, eşşəyi dağlayan kimi. Gör necə acıqla baxır sifətimizə? Utan, yerə gir. Sən də özünü kişi sayırsan? Əsl kişi qulağına sırğa taxar. Bildin? Murdarın biri murdar. Gəlin təpikləyək bunu, – deyib beş nəfər yazığı ortaya salıb təpikləməyə başlayırlar. Kişi “imdad!”, “imdad!” bağırsa da, ətrafdakı fərraşlardan heç biri yaxına gəlmir. Kənardan kimsə binəvaya kömək etməyə ürək eləmir. Qulağısırğalılar dübarə kişiyə tüpürüb, heç nə olmamış kimi yavaş-yavaş oradan aralanırlar.

– İndi də gedək yeyib-içək.

– Nə işləmişik ki, pulumuz olsun?

– Nə? Pul? Bizimçün hər şey havayıdır. Hünərləri var pul istəsinlər. Mən elə-belə demədim ki, gəlin o küçüyü təpikləyək. Bu göz qorxutmaq üçün idi. Başqaları da gördü. İndi ürəyimiz nə istəsə edə bilərik. Hünərləri var cınqırlarını çıxartsınlar. Sonra da gedək özümüzə təzə əyin-baş tikdirək.

– Birdən birləşib üstümüzə hücum çəksələr?

– Ağciyər olma. Bəs fərraşlar nə üçündür? Onlar valiliyə tabe deyillərmi? Borclarıdır bizi müdafiə etmək. Görmürsən ki, addımbaaddım arxamızca gəlirlər?

 

***

 

Saray. Baş vəzir şahənşahın hüzurundadır.

– Nə olub, baş vəzir?

– Məmləkətdəki vəziyyəti demək istəyirdim sizə?

– İşin çətinə düşüb?

– Xeyr, şahənşahım. Hər şey qaydasındadır.

– Hər şey qaydasındadırsa, day məni niyə narahat edirsən? Dedim axı hər şeyi sənə tapşırmışam. Get idarə elə. Bircə şeyi yaddan çıxartmamaq şərtiylə – “Kasıbın xəstəsi, Şahənşah Göyverənin göyverənləri bilinməz”.

– Yadımdadır, şahənşahım. Elə də edirəm. Valilərin hamısını qulağısırğalılardan qoymuşam. Onlar da valiliklərdəki yüksək mənsəblərə yalnız qulağı dəmir sırğalıları götürürlər. Köhnələrin hamısını atıblar küçəyə.

– Əcəb edirlər. Onları təpikləyəndə, həqarət edəndə yaxşı idi? Lap düz edirlər. Sonra?

– Bunu görən digərləri də düzülüblər sırğa növbəsinə. İşsiz qalmasınlar deyə.

– Təbiidir. Elə də olmalıdır – “Palaza bürün, elnən sürün”. O ki, qaldı onları vali qoymağına... məncə tələsmisən. Aslan Göyverən qalasında mədrəsə açıb. Məşhur üləmaları ora yığıb. Şahzadələrimdən ən itizəkalılarını hazırlayırlar. Mən onları nəzərdə tutmuşdum nə vaxtsa yüksək mənsəblərə yerləşdirməyi. Amma sən məni qabaqladın. Eybi yox. Nə vaxt hazır olsalar, əvəz edərik. Başqa?

– Bu qədər, şahənşahım. Çətinliyim olsa sizə deyəcəyəm. Hələ ki, məmləkətdə hər şey öz axarıyla gedir.

– Hoqqa öz yerində, sən süfrədən ceyran südünü də əskik eləmə. Şairləri də şama çağır. Kefimi açsınlar.

– Başüstə, şahənşahım.

– Aslana de gəlsin!

Baş vəzir gedir. Aslan gəlir.

– İşlər necədir?

– Hər şey yaxşı gedir, şahənşahım.

– Təbiblərin neyləyir?

– Yaxşıdırlar, şahənşahım. Allah ömrünüzü uzun eləsin. Bir mədrəsə də açmaq istəyirəm. Xəstələr çoxalıb.

– Xub, xub. Xeyir-dua verirəm. Aç. Amma demədin ki, xəstələr niyə çoxalıb?

– Şahım, xırda şeydir. Əsas müraciət edən kişilərdir. Oturmaqdan, hərəkətsizlikdən olur belə xəstəlik. Adına babasil deyirlər.

– İşləmək istəmirlər, ay Aslan, ondandır. Hamısı deyir Allahdan buyruq, ağzıma quyruq. Bu camaat yaman nağılsevəndir. Bir tükü yandırmaqla hər şeyə nail olmaq istəyirlər. Elə olsaydı nə var idi ki?

– Düzünü siz bilirsiniz, şahənşahım.

– Axşam çıxaq dərviş seyrinə?

– Əmr edərsiniz, şahənşahım.

 

***

 

Paytaxtın küçələriylə iki dərviş addımlayır. Biri arıq, bəstəboy, o birisə hündür, pəhləvan cüssəli. Küçələrdə uşaqlar dilənçilik edirlər. Şahənşahla Aslana yaxınlaşırlar. Hamısı da eyni sözü deyir: “Ay dərvişlər, dədəm gətirməyib, nənəm bişirməyib, mən yeməmişəm”. Aslan quruşlarını onlara paylaya-paylaya gedir. Göyverənin heç tükü də tərpənmir.

– Aslan, bəsdir pul payladın! Min zülmlə qazanırsan, onu da gəl bunlara ver. Canları çıxsın atalarının, analarının – işləsinlər də...

– Başüstə, Əfdal, – deyib Aslan pul kisəsini heybəsində gizlədir.

– Nə “Əfdal”? Bir də o adı çəkmə yanımda.

– Başüstə, şahənşahım.

Nəhayət işıqlı məhəllələrdən birinə gəlib çatdılar. Aslan şahənşahın əmriylə qapılardan birini döydü. Qapının deşiyindən göz baxdı. Amma heç nə soruşmadılar, qapını da açmadılar. Aslanla şahənşah bir az gözləyib, başqa qapını tıqqıldatdılar. Yenə deşikdən göz baxdı. Amma hay verən olmadı. Beləcə, şahənşahla Aslan o küçədəki bütün qapıları döydülər.

– Qayıdaq geri, Aslan. Bunlar lap qanımı qaraltdı. Gedək, şairlər məni gözləyir. Onlarla ceyran südü içmək, hoqqa çəkmək, bunların dərdini öyrənməkdən yaxşıdır. Qayıdaq saraya.

– Bəlkə şahgülülərə baş çəkək? “Məmləkətdəki həyat səviyyəsini onlar müəyyənləşdirir” demişdi İtbaşı.

– Qələt eləyir İtbaşı – nəsliylə birlikdə. O kimdir ki, mənə ağıl öyrədir. Onun da vaxtı çatacaq yaxında. İtlərinə yem edəcəyəm onu.

Aslan daha dinmədi. Saraya az qalırdı.

 

***

 

Göyverən valiliyi. Qaş qaralır. Əli silahlı qaraniqablılar qala qapısında keşik çəkirlər. Uzaqdan on yolçu onlara tərəf gəlir.

– Dayanın. Kimsiz? Hardan gəlib hara gedirsiniz?

– Yol adamıyıq. Qonşu Əllam şahlığındanıq. İş tapmaq üçün təxtgaha gedirik. Qaranlığa düşdük. Gecələməyə yer axtarırdıq.

– Gecələməyə yer axtarırsınız? – deyə qaraniqablılar gülüşdülər, – Qurbandır sizə yer. Ürəyiniz istədiyiniz qədər qala bilərsiniz. Üstəlik iş də taparıq sizinçün nə qədər istəsəniz. Ta diliniz “bəsdir” deyənə qədər. Açın qala qapılarını. Qonaqlarımız var, – deyə qaraniqablılardan biri gülə-gülə o birinə əmr etdi. Yolçular sevinərək hərəsi bir şahzadənin ayağına sarılıb əl-ayaqlarını öpməyə, onlara dua etməyə başladılar.

Qala qapıları açıldı. Yolçular içəri girdilər. Qapılar bağlandı.

 

***

 

Saray. Şairlər şahənşahı ziyarətə gəliblər. Süfrə açılıb. Ortada nə desən var. Şahənşah xortumdan qullab vura-vura şairləri süzür. Şairlərin gözü isə şahzadə Göyverənlərdədir. Qaraniqablıların zəhmli baxışları onları rahat buraxmır.

– Şair Meyxoş, şair Tənxan, şair Əmrac, şair Əsnaf! Necəsiz? Çoxdandır görsənmirsiz? Heç xəbər tutmursunuz ki, şahənşahınızın kefi necədir. Bəlkə nəyəsə ehtiyacı var?

– Şahənşahımızın nəyə ehtiyacı ola bilər ki? – deyə şair Meyxoş dilləndi, – Allah bundan da min qat artıq eləsin. Maşallah hər şeyi var. Onun bizlərdən yox, bizim ondan umacağımız ola bilər. Əgər ki, vəziyyətimiz pis olsa. Məmləkətdə isə hər şey qaydasındadır. Öz axarıyla gedir. Camaat şad-xürrəm yaşayır.

– Amma nədənsə sizi kefsiz görürəm. Nə yazırsınız, nə pozursunuz, şairlər?

– Demək olar ki, heç nə, – deyə bu dəfə də Meyxoş dilləndi.

– Niyə? Məmləkətdə bütün qadağalar götürülüb. İstədiyiniz vaxt içə də bilərsiniz, çəkə də... Hələ gözəl-göyçək xatınlarla kefi demirəm. Siz ona nə deyirsiniz? Hə. Tapdım. İlham pərisi. Yox. Deyəsən, cibinizdəki pulun azlığını görüb ilham pəriniz sizdən yan qaçır. Ona görə də kefiniz yoxdur, – deyə şahənşah gülümsədi, – Bu dəqiqə onu cəzb eləyərik. Hətəm! – deyə şahənşah qışqırdı. Bir az keçmiş baş xəzinədar gəldi, – Hətəm, şairlərin ənamını on qızıl elə. Şair Meyxoş sənə daha yeddi nəfərin adını verəcək. Onları da nəzərə al. Carçılar bu xəbəri hər yerə yaysınlar.

– Başüstə, şahənşahım.

– Şair Meyxoş, o mənə həcv yazan vardı ey... adı nə idi onun?

– Şair Cəbbar.

– Hə. Cəbbar. Onun adını da salarsan ənam alanların siyahısına. Yəqin səfil günündə yaşayır. Ac adam elə o cür gic-gic şeylər yazar. Yaxşı. İlham pərisi məsələsini həll elədik. Amma şairlər gülüb-danışmırlar. Şair Meyxoş da ilk dəfə bura gələndə gördüyüm həmin adam deyil. O vaxt dil ağıza qoymurdu. Rəqqasələri çağırırdı. İndi nəsə qanıqara oturub. Siz şairlər də onun kimi.

Meyxoş dinmir. Gözüylə qaraniqablıları işarə verir.

– Bunlardan qorxursunuz? – deyə Göyverən üzünü şahzadələrə tutub, – Çevrilin üzü divara, – deyə qışqırdı. Qaraniqablılar əmri yerinə yetirdilər. Şahənşah yenidən şairlərə baxdı. Amma onların üzündə bir dəyişiklik görmədi, – Nə oldu? Yenə narahatsınız? Deyin dərdinizə əlac edək. Mən bura sizi şənlənməyə çağırmışam.

– Şahənşahım, hamımızın sizdən iki ricamız var.

– Deyin! Həmən yerinə yetəcək!

– Birincisi, ənamın qaldırılmasını heç yerdə car çəkməsinlər.

– Niyə? Qorxursunuz ki, kasıb qohum-qonşu əlinizdən ala? Yaxşı. İkinci xahişinizi deyin.

– Bizə gümüş sırğalardan bağışlaya bilərsinizmi?

– Qurbandır sizə. Lap qızılından verərəm.

– Ömrünüz uzun olsun, şahənşahım, – deyə Meyxoş minnətdarlıq etdi.

– Bəlkə bundan sonra şahzadələrin bizə yazığı gələ, – deyə şair Tənxan dilləndi.

– Hə? Belə deyin, – deyə şahənşah hoqqadan bir qullab vurub belini divara söykədi, – Mən də səhərdən fikirləşirəm ki, görəsən şairlərin niyə kefi yoxdur.

– Ağrıdırıq, şahım. Naxoşuq.

– Təbibə gedin. İstəyirsinizsə Aslana deyim. Onun mədrəsəsində yaxşı loğmanlar var.

– Olmuşuq orda, şahənşahım. Deyirlər ki, babasildir. Ağrını kəsirlər. Amma sonra yenə başlayır. İllah ki, da oturanda.

– Başa düşürəm sizi, başa düşürəm. İndi siz mənim sağlığıma badə qaldırıb, ceyran südündən nuş etməyəcəksiniz? – deyə şahənşah süzməyə başladı. Şairlər badələri götürdülər, – Şairlər, xoş gəlibsiniz. Həmişə siz gələsiniz. Gözləməyin mən sizi çağırım. Bir qapımı döyün. Halımı xəbər alın. Bəlkə məsləhətinizə ehtiyacım var. Sarayın qapıları üzünüzə həmişə açıqdır, – deyib şahənşah badəsini şairlərin badəsinə toqquşdurdu. İçdilər. Bu dəfə Meyxoş badələri doldurdu.

– Sizin sağlığınıza, şahənşahım! – deyə şair Meyxoş sağlığa başladı, – Allah sizi məmləkətin üstündən əskik eləməsin. Məmləkətimiz bundan da gözəl olsun.

Şairlər Meyxoşun sağlığına qoşularaq, badələrini şahənşahın badəsinə toqquşdurub başlarına çəkdilər. Bu minvalla beşinci badə də həzmi-rabedən keçdi. Amma şairlər məst olmurdular.

– Şairlər, deyəsən ceyran südü yaxşısından deyil. Bəlkə şərab gəlsin? Hoqqa da çəkə bilərsiniz.

– Xeyr, şahənşahım. Lap əlasındandır. Başqa şeyə ehtiyac yoxdur, – deyə şairlər dilləndilər.

– Bəs onda niyə məst etmir sizi?

– İçki əhvali-ruhiyyə sevir, şahənşahım.

Şahənşah daha heç nə danışmadı. Hoqqadan qullab vurub, əliylə şairlərə “gedin!” işarəsi verdi.

 

***

 

Divan. Baş vəzir taxtında əyləşib. Əlində namə var. Üzü gülür: deməli, Dürəng bacardı ona tapşırdıqlarımı. Əla! İndi gözləmək lazımdır. Şahzadə Göyverənlər hələ iyirmi altı gündən sonra paytaxta gəlməlidirlər. Şahənşah xəbər tutanacan iş-işdən keçəcək. Dürəngə tapşırmışam ki, Göyverən valiliyindən çıxan yollarda nəzarət qoysun. Qaladan çıxanları qətlə yetirib yandırsınlar. Sonrasına Allah kərimdir. Çətini bir işi başlamaqdır. Amma onu idarə edib nəzarətdə saxlamaq qat-qat çətindir.

 

***

 

Divan. Keçmiş valilər, hakimlər, qazilər baş vəzirin hüzurunda diz çöküblər.

– Baş vəzir həzrətləri, bu nə gün idi saldınız bizi?

– Axı biz sizin adamınızıq?

– Bu vaxta qədər nə demisinizsə, o da olub, – deyə yerbəyerdən səslənirlər.

– Mən saldım sizi bu günə? Deyəsən yaddaşınız pozulub. Qulağısırğalıları qapıdan mən qovurdum? Onları işindən-gücündən mən bayıra atırdım? Küçədə onlara “murdar”, “ibnə”, “üzdəniraq” deyərək, üzlərinə mən tüpürüb, dallarına mən təpik vururdum? Dayan-dayan. Nə “ibnə”? Nə “üzdəniraq”? Siz onları “göyvərən” deyə çağırırmışsız. Belə qudurmuşdunuz? Öz günahınızdır, indi də çəkin. Gəlib şahənşaha şikayət etdilər. Sizlərin əlindən bezara gəlib müharibəyə getməyə, ölməyə belə hazır olduqlarını bildirdilər. Sizin onlara “göyvərən” dediyinizi söyləyəndə, şahənşah dözmədi. Qeyzləndi. Onlara görə baş hakim Fərmanı iti qovan kimi qovdu saraydan. Qovmağı bir tərəfə qalsın, üç gün gülünc şalbanı boynuna taxıb işgəncə verdirdi, alnını damğalatdırdı. Bilirsiniz də yəqin, hansı işgəncədən danışıram. Sonda da sağ qulağı olmadığı üçün dəmir sırğanı burnunun sağ pərəsinə taxdırdı. İndi deyirsiniz ki, onları yox, sizi müdafiə edim? Mən də Fərmanın gününə düşüm? Əsla! Mən özümə qamçı vurduran atlardan deyiləm. Amma sizi də ümidsiz buraxmaq istəmirəm. Bir azca dözün. Təcrübələri azdır. İdarə edə bilməsələr, özləri çıxıb gedəcəklər. Ya da sizi qaytarıb nökər kimi özlərinə işlədəcəklər. Kim onların əlinin altında işləməyə razıdırsa, qalıb işləsin. Kim belə yaşamaq istəmirsə şahənşahlığı tərk etsin. Yəqin bu sözümü sizə çatdırıblar saray əyanları.

– Bəli, baş vəzir həzrətləri, – deyə valilər, hakimlər, qazilər başlarını yellədilər.

– Elə isə nəyi gözləyirsiniz? Boynunuza gülünc şalban keçirilməyini? Gedin, işarəmi gözləyin. Lazım olsa çağırtdıraram.

Gələnlər dinməzcə başlarını aşağı salıb Divanı tərk edirlər. Baş vəzir fikrə gedir: deməli, Göyverən qalasında mədrəsə də açılıb. Ən itizəkalıları hazırlaşdırırlar. Sonra da yerləşdirəcəklər yüksək mənsəblərə. Deməli, saray əyanları da onlardan olacaq. Sonra da yəqin ki, mühafizlər, fərraşlar... Ordu, baş sərdar onsuz da bekar gəzir. Fərraşlar onlardan hörmətlidirlər. Yox. Tez hərəkət etməliyəm. Sonra gec ola bilər.

 

***

 

Saray. Şahənşahın otağı. Baş vəzir hüzurunda dayanıb.

– Nə olub yenə, ay Qüdrət? Sən məni lap bezdirdin. Qoymursan rahat həyatımı yaşayım. Hər şeyi sənə tapşırmışam. Get idarə elə də məmləkəti. Hər dəfə yumurtadan təzə çıxmış cücə kimi “cük” eləyib qaçırsan üstümə?

– Şahənşahım, elə şeylər var ki, sizinlə məsləhətləşməliyəm. Sonra bilsəniz mən günahkar olaram. Kəlləm gedər.

– Yaxşı, de.

– Şahənşahım, camaat narazılıq edir yenə.

– Yenə müharibə edib qırdırmaq istəyirsən onları?

– Xeyr, şahənşahım. Deyirlər ki, dövlətin adı dəyişdirilib Həqq dövləti qoyulanda, elə bildik hər şey Haqq dünyasındakı kimi olacaq. Mizan-tərəzi qurulacaq. Biz də bir gün görəcəyik. Amma əvəzində nə oldu? Göyverən ibadətgahındakı minarələrin arasından bir kəndir asıldı. Adını da belə izah etdilər ki, bizə Haqq dünyasındakı Qıl körpüsünü xatırladacaq daima. Elə bu? Bundan ibarətmiş Həqq dövləti? Lazım deyil bizə bu. Haqq dünyasında nə zövqü-səfa varsa elə bu dünyada yaşatdırsın Şahənşah Göyverən bizə. Mən də qalmışam belə.

– Başa düşmədim. Onlara nə dəxli ki, kəndir var, ya yox? O bir rəmzdir. Nə vaxtsa Haqq dünyasında Qıl körpüsündən keçəcəklərinə bir işarədir ki, günah eləməsinlər. Yoxsa...

– Anlayıram, şahənşahım. Mən də elə dedim onlara. Amma qanmırlar ki, qanmırlar.

– Deyirsən ki, qanmayanı qandırmaq lazımdır?

– Bəli, şahənşahım.

– Onda belə elə. Kəndirin aşağısında, damın üstündə qır tiyanları qaynat. Camaatı da başa sal ki, Haqq dünyasında zövqü-səfaya çatmaq üçün, cənnətə düşmək üçün hamı əvvəlcə Qıl körpüsündən keçir. Fani dünyada da Qıl körpüsünü bu kəndir əvəz edəcək. İlk olaraq zindan cəzasına layiq görülənlər qoy həmin kəndirdən adlasınlar. Minarənin bir başından o biri başına sağ çıxarlarsa, deməli günahları yoxdur. Əgər qır tiyanına yıxılsalar... günahı özlərində bilsinlər. Bu da olsun onlar üçün fani dünyada Haqq dünyası. Çox tərifləyirlər o tərəfləri. Camaat arasında da kim hoppanıb-düşürsə, zövq-səfa istəyirsə, fani dünyada cənnətə düşmək arzusundadırsa onları da qaldır ora. Qoy öz günahlarının az və ya çox olmasını əvvəlcədən yoxlasınlar. Kəndirin də adını qoy Göyverən körpüsü. Və onu da xatırlat ki, Haqq dünyasındakı körpü qıl nazikliyindədir, sonu isə görünmür. Fani dünyadakı kəndir isə vaizin başı yoğunluğundadır, sonu isə gözlə görünür. Qoy bilsinlər ki, mən öz təbəələrimə Allah kimi insafsız deyiləm. Adiləm, rəhmliyəm.

– Şahənşahım, ağlınıza heyranam. Üləmalar sizin dərrakənizə, biliyinizə həsəd apara bilərlər.

– Mən belə görürəm ki, camaat dindən çox danışır. Ona görə də belə elə. Mənim adımdan şeyxə, axunda belə tapşırıq ver. Çıxsınlar meydana desinlər ki, bəs dini qanunlar pozulur. Qəbir yerlə-yeksan olmalıdır. Varlıyla kasıbın fərqi olmamalıdır. Hamı bərabərdir. Yoxsa ki, bəzəkli məzar daşları baş alıb gedir. Hamısını dağıdıb, qəbirləri yerlə-yeksan etmək lazımdır.

– Şahənşahım, bəs Həqqi şahın türbəsi?

– Birinci elə onu misal çəksinlər. Fərraşlar birinci elə onu dağıtsınlar. Hamı bərabər olmalıdır bu cəmiyyətdə. Ehsan verən də görməyim bundan sonra. Get, Qüdrət! Daha məni narahat eləmə! Hoqqanın təsirini heç elədin.

Baş vəzir otaqdan çıxır.

 

***

 

Göyverən ibadətgahı. Paytaxt əhli ora yığılıb. İbadətgahın damında qoyulan qır tiyanlarından qara tüstü qalxır. Baş vəzir kürsüyə çıxır.

– Ey cəmaət! Şahənşahımızdan yeni qərar var. Məmləkətdə tətbiq olunan Göyverən cəzasına daha biri də əlavə olunur. Adı belədir: Haqq cəzası – Göyverən körpüsü. Yəni, bütün günahkarlar, cinayət törədənlər haqq elədikləri cəzanı alacaqlar. Hamınızın ədalətinə inandığınız Haqq dünyasında da müsəlmanları belə yoxlayıb, bu cür cəzalandırırlar. Günahkarı, günahsızı bu cür ayırd edirlər. Şahənşah Göyverən də bu cəzanı sizə məhz sağlığınızda – fani dünyada bəxş etməyi qərara alıb. Haqq dünyasında bunun adı Qıl körpüsüdür. Fani dünyada minarələr arasındakı kəndir isə Göyverən körpüsü adlanır. Ölüm hökmü kimi, artıq zindan cəzası da ləğv olunur. Hakimlər, qazilər günahkarları bura gətirib, əyinlərinə ağ kəfən geyindirəcəklər. Kim yoğun kəndirin bu başından o başına salamat keçsə azad olunacaq. Kim keçməsə... Allah günahlarını bağışlasın, – deyib baş vəzir kürsüdən düşdü.

Qəfəsli at arabalarından düşürülən məhbuslar bir-bir minarəyə qaldırılaraq kəndirin üstünə çıxır, amma ortaya çatmamış ya tiyandan qalxan qara tüstüdən gözləri qıcıqlanır, nəfəsləri boğulur, ya da müvazinətlərini saxlaya bilməyib qır tiyanına yıxılırdılar. Ətrafa yayılan tükürpərdici fəryadı eşitməmək üçün insanlar qulaqlarını əlləriylə qapadıb, həmin yerdən qaçaraq uzaqlaşırdılar.

 

***

 

Paytaxt bazarı. Pıçapıç aləmi götürüb.

– Aman Allah, bu nə zəmanədir gəlib çıxdıq? Heç ağlımıza da gəlməzdi ki, bizi bu günə sala bilərlər.

– Şükür elə. Buna da min şükür. Allah betərindən qorusun.

– Nə Allah, Allah salmısan? Allah deyilmi bu işləri başımıza gətirən?

– Elə demə. Günaha batarsan.

– Nə? “Günaha bataram”? Ay kişi, axı nə etmişəm ki, bir günaha da batam. Əlindən pulu alınan mən, işsiz qalan mən, alnına “oğraş”, “göyvərən” damğası vurulan mən, qulağına sırğa taxılan mən, qır tiyanında qaynayan mən, şahzadə Göyverənlərin cismani işgəncələrinə məruz qalan mən, üstəlik günaha batan da mən? İndi də bizdən qurtarıb keçiblər ölülərimizə. Qəbirləri dağıdırlar.

– Bura bax! Nə “mən”, “mən” salmısan? Adam paxıl olmaz. “Biz” desənə.

– “Biz” yox, “hamı”. Day günahı olmayan kim qalıb ki? Hamısını da bu dünyada yumuşuq. Bircə Qıl körpüsü, qır tiyanı qalmışdı – onu da Şahənşah Göyverən bizə bəxş etdi. Adını da “Göyverən körpüsü” qoyub.

– Çox güclü təxəyyülə malikdir Göyverən şahənşahımız. Görəsən hardan tapıb çıxarır belə cəza növlərini?

– Təxəyyüllü o olmayıb sən olacaqsan? Kişinin oğlu göydən gəlib. Onu bizə Ulu Göy bəxşiş göndərib. Neyləyək ki, bizim də bəxtimizə beləsi düşüb.

– Düz eləyirsiniz, bəxtinizi qınayın. Bəxtiniz olsaydı Həqqi şahın dövründə yaşayardınız.

– Boş-boş danışmayın. Bəxt-zad boş şeydir. Hər şey yerini alacaq. Bizi Allah sınağa bu cür çəkir.

– Elə həmişə sınağa çəkir. Bir dəfə də qızıl dolu sandıq göndərsin də...

– Bəxtimiz olsaydı qız doğulardıq. Allah və onun yerdəki kölgəsi sayılan Şahənşah Göyverən gör heç onları sınağa çəkir? Bu sınaqlardan bircəciyi qalıb – uşaq doğmaq. Onu da bacarsaydıq, başımıza ləçək bağlayıb gəzərdik. Adımızı da dəyişərdik. Bəxtimiz də üzümüzə gülərdi.

– Düz deyirsən. Bircə bu qalıb.

– Amma kəndirbazların işi çoxalıb. Hamı gedir yanlarına ki, kəndirdə gəzməyi öyrənsin.

– Ay avam, o kəndir qır tiyanından qalxan tüstüylə elə sürüşkən olub ki, nə eləsən keçmək mümkün deyil.

– Heç yerdə danışmayın. Qoy öyrətsinlər. Kəndirbazların çörəyinə bais olarıq.

– Ay Allah, bu nə zəmanədir gətirib çıxartdın bizi? Bircə kəndirbazlıq öyrənməyimiz çatışmırdı.

 

***

 

Saray. Şahənşahın otağı. Göyverən mütəkkələrə dirsəklənib hoqqa çəkir. Ətrafında da beş hərəm onu əyləndirir. Aslan otağa girir.

– Çağırtdırmısınız məni, şahənşahım?

– Aslan, get o qocanın saqqalından yapış gətir bura.

– Hansı qocanı, şahənşahım?

– İtbaşını deyirəm. Gəlmək istəməsə məcburi gətir. İtlərini də gəbərt.

– Başüstə, şahənşahım.

– O karvansarayı da verdim sənə. Bərpa et.

– Ömrünüz uzun olsun, şahənşahım.

– Göyverən valiliyində vəziyyət necədir?

– Yaxşıdır, şahənşahım. Məşq edirlər. İtizəkalılar da oxuyur.

– Onları da mənsəblərə yerləşdirsəydim, tam arxayın olardım. Aslan, fərraşları, əsgərləri, mühafizləri şahzadə Göyverənlərdən seç qoy. Bunu baş vəzirlə birgə həyata keçir. Bircə qız məsələsində səhv etdik. Hərəmxananı da gərək onlardan təşkil edəydik.

– Düz buyurursunuz, şahənşahım. Amma gec deyil. Onsuz da gözəl-göyçək yetim qızlar yiyəsiz qalıb, sonda pis yola düşürlər. Əmr etsəniz.

– Yaxşı. Razıyam. İndisə get dediklərimi elə.

Divan. Baş vəzir taxtında oturub. Bu zaman qapı açılır. Baş mühafiz Aslan içəri girir. Qüdrət qeyri-iradi ayağa durur.

– Bu nə şərəf, baş mühafiz? Gözlərimə inanmadım sizi Divanda görəndə.

– İndicə şahənşahın hüzurundaydım. Bəzi tapşırıqlar verdi. Dedim ki, girim bir baş vəzirə salam verim, halını xəbər alım. Həm də xüsusları çatdırım.

– Xoş oldu sizi Divanda görmək, baş mühafiz həzrətləri. Yəqin, son dəfə Həqqi şahın vaxtında burda olubsunuz. Çünki Şahənşah Göyverən Divan-zad vecinə alan deyil.

– Düz buyurursunuz. Amma istəyərəkdən gəlmədim. Şahənşahımız dedi ki, nə sözün olsa baş vəzirə de. Hansı suala cavab almaq istəsən ondan soruş.

– Bəli, bəli. Şahənşahımız düz buyurub, baş mühafiz. Hökmdar bütün səlahiyyətləri yenidən mənə verib.

– Baş vəzir, son günlər mənə xəbərlər çatır ki, bəs valiləri yeniləriylə əvəz edirsən. Düzdürmü?

– Düzdür.

– Onlar da özlərikimilərini, yəni ki, qulağısırğalıları, üzdəniraqları yüksək mənsəblərə irəli çəkirlər.

– Düzdür. Amma, baş mühafiz həzrətləri, “qulağısırğalı” deməyin. Şahənşahımızın acığı tutar. Mənə də dönə-dönə tapşırıb ki, bircə şeyi unutmayım – “kasıbın xəstəsi, varlının qəhbəsi, Şahənşah Göyverənin isə göyverənləri bilinməz”.

– Xub, xub. Anladım. Mən də unutmaram. Mənsəblərini itirənlər, narazılar isə qaçırlar ya Kaminat şahlığına, ya da Dürəngin yanına – Əllam şahlığına.

– Baş mühafiz həzrətlərinin nəzərinə çatdırım ki, həm Kaminat, həm Əllam, o cümlədən Ərdan, Məstur şahlıqları özgə yer sayılmır. Yəni, heç kim heç yana qaçmır. Şahənşahlığın hüdudları daxilində istənilən kəsin istənilən yerə getmək, orda yaşamaq ixtiyarı var.

– Anladım, baş vəzir həzrətləri, – deyə Aslan başını razılıqla yellədi, – Baş vəzir həzrətləri, yəqin ki, xəbəriniz olar.

– Nədən, baş mühafiz həzrətləri?

– Şahənşahımızın əmriylə Göyverən valiliyində şahzadələr üçün mədrəsə açmışam. Ən güclü üləmaları ora cəlb etmişəm. Onlara yüksək elm, təhsil verirlər. Hazır olan kimi saraydakı, valiliklərdəki ali mənsəblərə onlar yerləşdiriləcəklər. Şahənşahımız bu gün isə fərraşların, saray mühafizlərinin, sərdar Abbasın əsgərlərinin də onlardan təşkil olunmasını istədi. Və dedi ki, bu barədə sizi xəbərdar etməklə hökmün icrasına başlayım.

– Şahənşahımızın sözü qanundur – həm sizinçün, həm bizimçün.

– Məni sənin öz fikrin maraqlandırır, baş vəzir həzrətləri.

– Mən kiməm ki, baş mühafiz həzrətləri?

– Nə zamansa baş vəzir Qurban edam ediləndə, şahənşahımıza belə məsləhət etdim ki, onun uşaqlarını da qətlə yetirək. Təəccübləndi ki, niyə? Dedim böyüyüb qisas ala bilərlər. “Onda siz mühafizlər nəyə lazımsız” sualını verdi. Mən də cavab verdim ki, qisasın qabağında duracaq zireh yoxdur. Əvvəl-axır intiqamını alacaq. Eyhamı başa düşdünmü, baş vəzir həzrətləri? – deyə Aslanın sifəti dəyişdi. Gözlərinə qan çökdü.

– Eyhamınızı anlamadım, baş mühafiz həzrətləri.

– Eşitdiyimə görə şahzadə Göyverənlərlə şəxsi ədavətin var. Son dəfə paytaxta qonaq gələndə xətrinizə yaman dəyiblər, – baş vəzir qızardı. Başını aşağı saldı, – Göyverən qalasından da son günlərdə xəbər-ətər yoxdur. Paytaxtda şayiələr dolaşır ki, valiliyin ətrafında ağzı-burnu sarıqlı silahlı adamlar meydan sulayır. Kim ordan çıxırsa, yaxalayıb öldürürlər. Sonra isə yandırırlar.

– Baş mühafiz, salamatçılıq olar inşallah. Başqa heç nə deyə bilmərəm. Göyverən qalası yeganə valilikdir ki, şahənşahımız oranın işlərinə qarışmağı mənə qadağan edib. Göyverən valiliyində hakimi-mütləq sizsiniz, baş mühafiz həzrətləri. Amma Allah-təalanın göndərdiyi bəlalar da ola bilər ki, nə siz, nə mən, nə də şahzadələrimiz bu xəstəliklərdən kənarda qalmaq iqtidarında olmaya bilərlər. Məndə başqa xəbər yoxdur.

Bunu eşidib baş mühafiz Aslan sağ əliylə baş vəzirin boğazından yapışıb divara dirədi. Qüdrət xırıldamağa, gözləri hədəqəsindən çıxmağa başladı. Baş mühafizin isə gözləri yaşarmışdı. Amma birdən əlləri boşaldı. Baş vəzir yerə yıxılıb öskürməyə, yavaş-yavaş özünə gəlməyə başladı.

– Baş vəzir, axı o qalada təkcə qaraniqablılar yox, mənim nər kimi mühafizlərim də vardı. Hələ alimləri demirəm. Nə gəbərdərdim səni? Heyf ki... – Aslan sözünün arxasını gətirmədi, – Baş vəzir, sənə bir tapşırıq. Şahənşah səni çağırsa, yanına mənsiz girmə! – deyib, Aslan Divanı tərk etdi.

Baş vəzir özünə gəlib ayağa durdu. Taxta oturdu: deməli, Aslanın hər şeydən xəbəri var. İndi yəqin gedib satacaq məni. Yox. Axı bayaq dedi ki, indicə şahənşahın yanındaydım. Demək istəsəydi, çoxdan demişdi. Şahənşah da həmən qətlimə fərman vermişdi. Yox. Aslan əvvəllər tutduğunu buraxan deyildi. O da nəsə qaynadır. Deyəsən mənim elədiklərimə ürəyində bir rəğbət var. Açıq biruzə verməsə də, gizlində dəstəkləyir. Deməli, mənim cəmi on günüm var. On gündən sonra şahzadə Göyverənlər paytaxta gəlməlidirlər. Amma gəlməyəcəklər. Əllam şahlığından olan vəba və çiçək xəstələri çoxdan öz işlərini görüblər. Onlar da öz şahlarının, şahlıqlarının qisasını bu cür alıblar. Təsəvvür edirəm vəbalıların içməli su hövzəsində çimib kef eləməklərini. Bu iki sağalmaz mərəz də birləşib Göyverən qalasında tüğyan edir. Siçovullar da ölülərə daraşıb, mərəzi hər dəlmə-deşiyə daşıyırlar. Nə vaxtsa onların gözləri önündə əzizlərini göyverənə çevirmişdilər. İndi isə özləri bu yolu gedirlər. Özü də könüllü. Özü də ki, bundan həzz ala-ala. Daha çox şahzadəylə cinsi əlaqəyə girirlər ki, bu xəstəlik onların daxilinə tez sirayət etsin. Həm zorlanırlar, həm də zorlayırlar. Özü də ki, bundan ləzzət alırlar. Şahzadələrin ölməyinə baxaraq qəhqəhə çəkib, qəşş edirlər. Təsəvvür edirəm onların dombalaraq bu cismani cəzadan xüsusi həzz almaqlarını. Xüsusi həzz? Hə. Çünki bu həzz, o həzdən deyil. Bu həzz qisas həzzidir. Onlar üçün də, şahzadələr üçün də sonuncu həzz olsa da. Bəşəriyyəti iyrənc xəstəlikdən xilas edən həzdir bu. Şahzadə Göyverənlərin isə dadına çatan yoxdur. Amma Aslan yaman mütəəssir idi. Onun kövrəlməyini heç vaxt görməmişdim. Axı mən nə etməliydim? Onun qaraniqablılara silah tutmağı öyrədən mühafiz dostlarını, yaxın silahdaşlarını, yaxud da ki, üləmaları necə xəbərdar edəydim? Özüm özümü öz əlimlə – xəyanətkar kimi onlara təslim etməliydimmi? Axı onlar bilmir məmləkətin əldən getməyini. Saray əyanları, valilər də o yüksək təhsil görmüş şahzadə Göyverənlərdən olsa, fərraş, mühafiz, ordu da onlardan yığılsa, axı heç nəyi düzəltmək mümkün olmayacaq. Bütün dünya bu mərəzə mübtəla olacaq. Hamı üzdənirağa, ibnəyə, fahişəyə, oğraşa, xəbərçiyə, oğruya, tiryəkiyə çevriləcək. Amma indi hələ ki, təmiz insanlar var. Onları da Kaminat, Əllam şahlığına yığa bilirəm. O Əllam şahlığı ki, kişiləri, vəliəhdi qaraniqablıların cismani işgəncələrinə məruz qalıb, öldürülüblər. Aslan da bütün bunların hamısını bilir. Bilir yox e, bunlara başçılıq edib, gözləriylə görüb. Bəs görəsən Göyverən valiliyindən xəbər ona hardan çatıb? Bilir və sirr kimi saxlayır. Üstəlik mənə də əmr edir ki, “şahənşahın yanına mənsiz girmə”. Bu nə deməkdir? Şahənşahdan qoruyur məni? Yox. İstənilən halda on gün vaxtım var. Lap Aslan bu gün hay-küy salsa da heç kim qaraniqablıları həyata qaytara bilməyəcək. Valiliklərə qoyduğum qulağısırğalılar isə arvad kimi şeydilər. İndi elə qudurublar ki, elədikləri hərəkətlərlə camaatda özlərinə qarşı yalnız ikrah hissi oyadırlar. Göyverən körpüsü də işimə yaradı. Hələ üstəlik qəbirlərin yerlə yeksan edilməsi də... Camaat başa düşdü ki, daha bundan o yanası yoxdur. Bircə himə bənddirlər ki, sarayın daşını daş üstdə qoymasınlar. Düzdü, mən bunları edirəm. Bəs məqsədim nədir? İnsan bir şeyi edəndə qarşısına məqsəd qoymalıdır. Məsələn, baş vəzir Qurban Göyverəni devirib özü şah olmaq istəyirdi. Məqsədi bu idi. Arzusuna çatmasa da... Amma mən şahənşah olmaq istəmirəm axı? Mənimçün baş vəzirlik hələ böyük mənsəb sayılır. Bəs onda nədir məqsədim? Qisas? Daha doğrusu qisas hissim var idi ki, onu da soyutdum. İyirmi min şahzadə Göyverən artıq cəhənnəmə vasil oldu. Yox. Bu qisas sayılmır. Karine kiminsə onlar üçün kəsdiyi ölüm hökmünü mənə çatdırdı. Mən də həyata keçirdim. Bundan əvvəl nəsə addım atsaydım adına qisas demək olardı. İndi də başlayım xəyanəti qisas bəhanəsiylə pərdələməyə. Bəs sonra? Şahənşahı taxtdan devirməkmi istəyirəm? Mənim istədiyim budurmu? Onu devirib, özüm şahənşah olmaqmı istəyirəm? Yox. Onda yəqin baş hərəm Karinenin çaldığı mahnıya oynayıram. Bəlkə də... Oynamağa qalsa, artıq oynayıb qurtarmışam da... Atla araba dərənin dibindədir. Atla arabanı dərəyə yuvarladan səbəbi də yox eləmişəm. Köhnələri, yaxşıları bir yerə yığıb hifz edirəm. Köhnə valilər, əyanlar yaxşı sayılırmı ki, onları hələ bir hifz də edirəm? Camaatın qanını soran onlar deyildilərmi? Bəs sonra? Atla arabanın yiyəsini gözləyirəmmi? Nə vaxt gələcək? O gələnəcən şahənşah xəbər tutub qətlimə fərman verməzmi? Bəlkə Karineni çağırıb onunla yenə söhbət edim?

– Eşikağası?

– Bəli, baş vəzir həzrətləri, – deyə mühafizlərdən biri içəri girib təzim edir.

– Eşikağası hanı?

– Baş mühafiz əmr etdi ki, bizlər dayanmalıyıq Divanın qapısında.

– Yaxşı. Baş hərəm Karineni Divana çağırın!

Mühafiz otaqdan çıxır. Bir azdan Karineylə qayıdır.

– Baş hərəm Karine! Ey həyatımda rast gəldiyim ilk ağıllı qadın!

– Sözlərinizə layiq olum, baş vəzir həzrətləri.

– Yox. Artıq layiqsən. Hərəm, qulağını bura gətir, – deyib baş vəzir taxtından durdu. Karine ona yaxınlaşdı. Qüdrət qulağına pıçıldamağa başladı, – Atla araba dərənin dibindədir. İyirmi min şahzadə vəbadan, çiçəkdən məhv oldu. Sağ-salamat qalan kişiləri Kaminat və Əllam şahlıqlarında yerləşdirdim. Həm sən deyən oldu, həm də mən qaraniqablılardan intiqamımı aldım. Şahənşahımızın da hoqqadan, meydən başı ayılmır. Hər şeyi buraxıb mənim öhdəmə. Mən isə nə əvvəllər, nə də indi şahlıq arzusunda olmamışam. Birdən şahənşah olanlardan duyuq düşsə, kəlləm gedəcək. Elə biləcək taxt-taca sahib olmaq istəmişəm. Ona görə səni bura çağırtdırdım ki, soruşam: Ay baş hərəm, bəs sonra?

– Baş vəzir həzrətləri, narahat olmayın. Əminlikdəsiniz. Atla arabanın yiyəsi sizi hifz edir. Sadəcə oturun Divandakı taxtınızda. Şahidlik edin olacaqlara.

Bunu deyib baş hərəm baş vəzirin iznini almadan Divandan çıxır.

 

***

 

Ertəsi gün. Baş mühafiz Aslan şahənşahın otağındadır.

– Nə oldu, Aslan? Hanı o keçisaqqal?

– Şahənşahım, səhər tezdən mühafizlərlə getdim ora. Heç kim yox idi. Necə deyərlər – lələ köçüb, yurdu qalıb.

– Adam saldır hər yerə. Onu tapıb, saqqalından sürüyüb gətirsinlər saraya. Bir-iki sualım var. Sonra da gəbərdərsən gedər.

– Başüstə, şahənşahım.

– Şahzadələrim nə vaxt gəlir paytaxta?

– Doqquz gündən sonra, şahənşahım.

– Xub, xub. Aslan, baş vəzirə denən ki, dəmir Göyverənləri buraxsın bazara. Özü bilir qaydasını. Bir qızıl – bir dəmir göyverən. Bu da olsun son. Artıq məmləkətdə hər şey mənim adımla çağrılacaq. Aldıqları paltar, yedikləri çörək, çatdıqları ocaq, yandırdıqları çırağa görə də göyverənin bərəkətinə dua oxuyacaqlar. Axır ki, hər şeyə nail oldum. Doqquz gündən sonra isə bütün cahanın Göyverən olmasının başlanğıcını qoyacağam. Hamı bərabər olacaq. Hamı Göyverən olacaq. Ondan sonra görüm kim bu adı tənə kimi dilinə gətirib mənə həqarət edə biləcək.

– İnşallah, şahənşahım.

– İnşallah? – deyə şahənşah qeyzləndi, – Yəni ki, Allah razı olsa? Yəni ki, Allah qoysa? Yəni ki, Allah istəsə? Kimdir ki, Allah hələ razı da olmasın. Bəlkə də heç yoxdur Allah. Allah mənəm. Hər şey mənim əlimin bir işarəsindən asılıdır, Aslan. Bir vaxtlar bunu sən də mənə demişdin. Demişdin ki, “mənim Allahım sizsiniz”. Yadından çıxıb? Bəs indi niyə Allahı yada saldın? Səndən bu sözü heç vaxt eşitməmişdim.

– Xeyr, şahənşahım. Unutmamışam. Amma mənim itaət etdiyim Allahlar canlıdır. Əcəlləri çatanda ölürlər. Bəs onları öldürən kimdir?

– Allah? İnkar etdiyim o Allah? Mənim bu dünyada yeganə rəqibim? Lərzan da o vaxt demişdi bunu. Onda sənin sözündən belə çıxır ki, sonum yaxınlaşır? Yox. Hələ cavanam. Həyatım qabaqdadır. Get dediklərimi baş vəzirə çatdır. Dəmir göyverənləri bazara buraxsın. Fərraş, mühafiz, əsgər məsələlərini də həll edin. Hə, sonuncu məqam yadımdan çıxdı. Bircə paytaxtımız Göyverən adlanmır. Doqquz gündən sonra paytaxtı Göyverən valiliyinin qalasına köçürməyə başlayırıq. Bax bu da son fərmanım.

– Hökm sizinkidir, şahənşahım.

– İndi isə get!

 

***

 

Divan. Baş vəzir Qüdrət taxtında oturub. Əlində tumar fikrə gedib: bu nədir? Bu Lələgiryanlar hardan meydana çıxdı. Mən nə Kaminat şaha, nə də Dürəngə bu cür hərəkat yaratmaq əmri vermişəm. İndi də paytaxta doğru gəlirlər. Bir valilikdə artıq bütün qulağısırğalıları qılıncdan keçiriblər. Köhnə valini öz yerinə bərpa ediblər. Belə çıxır ki, öz-özünə yaranıb Lələgiryanlar? Evsiz-eşiksiz anlamı verir adı. Amma aydın aşkar görünür ki, bunlara rəhbərlik edən səfil deyil. Səfil olsaydı köhnə valini yerinə qaytarmazdı. Çünki camaat köhnə valilərdən dad çəkirdi. Bəlkə əhali “it olsun, qurd olsun, lap köhnə vali olsun, amma qulağısırğalı olmasın” deyə razı olublar buna? Köhnələrin qədrini bilməyə başlayıblar bu göyvərənlərdən sonra. Yəqin ki... Yaxşı, başçıları kimdir, nəçidir? İndi mən nə edim? Düşmən ordusu olsaydı səfərbərlik elan etməliydim. Amma bu, şahənşahlığın hüdudlarında yaranıb, ordan da irəliləməyə başlayıb. Belə çıxır ki, üsyandır? Üsyanı da ordu yatırmalıdır. Şahzadə Göyverənləri məhv etdim. Belə çıxır ki, camaatı səfərbər etməliyəm? Bunun üçün şahənşahdan icazə almalıyam? Onun yanına girib desəm ki, şahzadələr artıq yoxdur, görəsən mənə qəzəbi tutmazmı? Tutar. Nə vaxtsa camaatı vəba xəstəliyinə yoluxdurmaq söhbətini ona mən izah etmişdim. O an başa düşəcək ki, bu mənim işimdir. Onda nə edim? Yaxşısı budur Aslana deyim. Özü də xəbərdarlıq etmişdi mənə ki, nəbadə şahənşahın yanına mənsiz girəsən. Divana çağırtdırımmı? Bəlkə özüm gedim onun otağına? Getsəm əksiklik sayılmazmı? Yox. Birinci o gəlmişdi mənim hüzuruma. Mənim getməyim də böyüklük əlaməti sayılar.

Baş vəzir otaqdan çıxır. Mühafizlər onu müşayiət edərək baş mühafizin hüzuruna gətirirlər. Aslanın otağı. Baş mühafiz oturub. Qüdrət ayaq üstə dayanıb.

– Baş mühafiz həzrətləri, nəzərinizə çatdırım ki, şahənşahın hüzuruna getməliyəm.

– Niyə?

– Səfillər, kasıblar birləşib Lələgiryanlar adlı hərəkat yaradaraq üsyana qalxıblar. Paytaxta doğru irəliləyirlər. Silahlıdırlar. Artıq bir valilikdə qulağısırğalıları qılıncdan keçiriblər. Köhnə valini yerinə qaytarıblar. Səfərbərlik edib, üsyanı yatırmaq lazımdır.

– Xəbərim var. Xırda şeydir. Başqa məmləkət hücum eləməyib ha,  buna görə şahənşahımızı narahat edəsən. Camaatı səfərbər o vaxt edərlər ki, düşmən üstümüzə gələ.

– Axı çoxdurlar bu Lələgiryanlar.

– Lələgiryanlar? Səfillər? Evsiz-eşiksizlər? Bəs onda niyə köhnə valini yerinə bərpa edirlər? Özlərindən biri olsun da... Onlara başçılıq edənin kimliyini necə, bilirsən?

– Bilmirəm.

– Sən onu öyrən. Lələdir, giryandır – bunlar boş şeydi.

– Qorxuram. Sonra bilsə ki, ölçü götürməmişəm, şahənşahımız məni cəzalandırar.

– Bax, ay baş vəzir, tutaq ki, girdin şahənşahın yanına və ona dedin hər şeyi. O da göstəriş verdi ki, şahzadə Göyverənləri götür get üsyanı yatır. Nə deyəcəksən ona? Sağalmaz xəstəliyə yoluxdurulmuşları Dürəngin əliylə qalaya salmağını etirafmı edəcəksən? Qorxundan dinməyəcəksən, danışmayacaqsan və məni də hər şeyi açıb-tökməyə vadar edəcəksən. Dürəng qılıncımı görən kimi bunu kimin əmriylə etdiyini həmən boynuna aldı. Lap tutaq ki, şahənşah bildi və təbii bəla sayıb sənə toxunmadı. Dedi gedək meydanda səfərbərlik elan edək. Keçən dəfə şahənşahımız xalqa müraciət edəndə nə oldu?

– Hamı imtina etdi.

– Ona görə də nə şahənşahı urvatsız elə, nə də kəllən getsin. Get sadəcə şayiə burax paytaxta. Qoy qulağısırğalılar silaha sarılıb özlərikimilərə köməyə getsinlər. Sonları isə indidən məlumdur.

– Bəs mühafizlər, fərraşlar, əsgərlər?

– Onlar paytaxtı qorumaq üçündür. Təxtgahı müdafiəsiz qoymaqmı istəyirsən?

– Birdən sonra bilsə...

– Get mən deyən kimi elə! – deyə Aslan səsini qaldırdı.

– Başüstə, baş mühafiz həzrətləri.

Baş vəzir pərt, üzü pörtmüş vəziyyətdə otaqdan çıxır. Divana gəlir. Baş fərraş Ərzəni yanına çağırtdırır.

– Baş fərraş, məmləkətdə vəziyyət necədir?

– Pisdir, baş vəzir həzrətləri. Fərraşlar heç bir müqavimət göstərmirlər. Özləri də keçiblər Lələgiryanların tərəfinə. Valiliklərdə qulağısırğalıları qıra-qıra gəlirlər paytaxta tərəf. Baş vəzir həzrətləri, bəlkə...

– Nə bəlkə?

– Qulağınızdakı sırğanı deyirəm. Bəlkə çıxarasınız hələlik. İndiki halda təhlükəlidir.

– Get paytaxtda asayişi qoru. Fərraşlarını da səfərbər et. Lələgiryanlara kimin başçılıq etdiyini öyrən və təcili mənə de. Sırğa gəzdirib-gəzdirməmək mənim öz işimdir, – deyə baş vəzir qeyzlənir.

Baş fərraş otaqdan çıxır. Qüdrət fikrə gedir: deməli, Lələgiryanlar qulağısırğalıları öldürürlər yalnız. Mən də qulağısırğalıyam. Belə çıxır ki, artıq mənim qətlimə fərman verilib?

Bu zaman qapı döyülür. Karine içəri girir. Baş vəziri qanıqara halda taxtında oturduğunu görür.

– Xeyirxahımın qanı qaradır. Görəsən kim xətrinə dəyib onun? Lələgiryanlarmı? – deyə gülə-gülə soruşur.

– Sən hardan bilirsən bunu, baş hərəm?

– Bütün saray danışır. Qulluqçular bazarda alış-veriş edəndə eşidiblər. Hamı təşviş içindədir. Deyirlər ki, Lələgiryanlar valiliklərdə dar ağacları qurub, qulağısırğalıları ayağından asırlar. Onlar da günün altında qalaraq dözülməz ağrılardan qışqıra-qışqıra beyinlərinə qan sızıb ölürlər.

– Yazıqlar.

– Niyə yazığınız gəlir ki, onlara? Özünüz də qulağısırğalı olduğunuza görəmi?

– Yox, ay hərəm, yox. O bədbəxtlər adi, sadə insanlar idi. Əvvəlcə, mənim müflisləşdirmə əməllərimin, sonra Şahənşah Göyverənin şahzadələrinin, daha sonra fərraşlarımın “gülünc şalban”larının qurbanına çevrildilər. İndi isə özləri kimi adi, sadə adamların, amma özlərini “gülünc şalban”dan, dəmir sırğalardan, şahzadə Göyverənlərdən qoruya bilənlərin qurbanına çevrilirlər. Qarışqa qarışqanı yeyir.

– Bəlkə baş vəzir həzrətləri “qarışqalar balığa çevirdiyim qarışqaları yeyir” demək istəyirdi?

– Düzdür, Karine, düz deyirsən. Bu yazıqları, bədbəxtləri – qulağısırğalıları, ibnələri, üzdəniraqları mən saldım bəlaya. Onların heç ağlına da gəlməzdi ki, nə vaxtsa vali, qazi, hakim olacaqlar. Mən təyin etdim onları ora. Bu da axırı. Yox. Deyəsən axı sənsən bütün günahların başında duran, baş hərəm. Sən mənə üç çıxış yolu göstərdin. Mən də əməl etdim. Atla arabanı dərənin dibinə yuvarlatdım, bunu yaradan səbəbləri kökündən yox elədim, bir də yaxşıları hifz etdim. O yaxşılar ki, indi özlərinə Lələgiryanlar adı qoyub üstümə gəlirlər. Şahənşahdan sonra isə məmləkətdə ikinci qulağısırğalı mən özüməm.

– Bəs o Lələgiryanların başında kim dayanır, baş vəzir həzrətləri?

– Bilmirəm. Baş fərraşa demişəm ki, öyrənsin.

– İstəyirsinizsə mən deyim adını.

– De!

Bu zaman qapı açılır. Baş fərraş Ərzən iznsiz içəri girir.

– Sonra, baş fərraş, sonra. Görmürsən hüzurumda adam var?

– Baş vəzir həzrətləri, vacib xəbərdir. Lələgiryanlara başçılıq edənin kimliyini öyrənib, təcili sizə çatdırmağı əmr etmişdiniz.

– Öyrənə bildin?

– Öyrəndim. Amma adını deməyə cürət etmirəm.

– De! Ürəyimi çəkmə! – baş vəzir qeyzlənərək taxtından durdu.

– Deyirlər ki, Lələgiryanlara şahənşahlığın baş vəziri Qüdrət başçılıq edir.

– Nə! – deyə baş vəzir qışqırdı, – Mən başçılıq edirəm?

– Sizi deyirlər, baş vəzir həzrətləri. Adınız xalqın dilindən düşmür. Hamı sizə alqış oxuyur. Deyirlər ki, siz Lələgiryanlarla qalaya yaxınlaşanda özləri qapıları taybatay açacaqlar üzünüzə. Əsgərlər də, fərraşlar da, mühafizlər də ürəklərində sizə rəğbət bəsləyirlər. Artıq paytaxtdakı bütün qulağısırğalıları qandallayıb yığıblar meydana. Sizin gəlişinizi gözləyirlər. Bəziləri sizi baş vəzir yox, artıq “Qüdrət Şah” deyə çağırır. Sizi özlərinin şahı görmək istəyirlər.

Baş vəzirin rəngi qaçdı. Ayaqları əsdi. Yıxılmasın deyə taxtına oturdu. Əliylə baş fərraşa “get” işarəsi verdi. Karine isə gülürdü.

– Nə gülürsən, baş hərəm? Anlayırsanmı bu nə deməkdir? Xəyanət! Şahənşaha, saraya xəyanət. Nə vaxtsa vəkil Qaplanın əliylə əyan Misqinin və baş hakim Abdullanın başına bu cür oyun açmışdım. İndi isə özümü oyuna salıblar.

– “Qüdrət Şah!” – gözəl səslənir, – deyə baş hərəm qəhqəhə çəkdi.

– Gül, hərəm, gül. Bir baş vəzirin ki, öyrədəni zənən xeylağıdır, o şahənşahlıq elə məhvə məhkum olmalıydı. Yaxşı, mən şah olacağam. Bəs sən niyə gülürsən?

– Tələsməyin, baş vəzir həzrətləri, tələsməyin. Siz hələ Lələgiryanlarınızla valilikləri qulağısırğalılardan təmizləyin, gəlin bir paytaxta çıxın, başladığınız üsyanı başa çatdırın – sonra hər şey aydın olacaq.

– Karine, mən dünyagörmüş adamam. İndi isə hər anım qətlgahdır. Son günlərimdə bir sirri bilmək istəyirəm.

– Hansı sirri, baş vəzir həzrətləri?

– Karine, sən kimsən?

– Mən baş hərəm Karineyəm.

– Mən adam tanıyanam. Sən adi zənən xeylağı deyilsən.

– Düz duymusunuz, baş vəzir həzrətləri. Mən adi hərəm deyiləm. Mən şah qızıyam.

– Şah qızı? Hansı şahın qızı?

– Kaminat şahın. Həm də vəliəhdəm.

– Kaminat şahın?

– Atamın baş vəziri Qaflan onun sadəlövhlüyündən istifadə etdi. Şeytan kimi qəlbinə girdi. Gələn verginin çoxunu öz gizli xəzinəsinə yatırdı. Camaatın qanını sorub səfil gününə saldı. Hamısını da atdı Kaminat şahın boynuna ki, bəs o belə əmr edir. Camaat da kasıbladığından Kaminat şaha nifrəti artdı. Mən həqiqəti desəm də atam mənə yox, o dediyinə inanırdı. Qaflan beləcə, Göyverən şahın qılığına girib, müharibə oyunu oynadı. Xalqı ayağa qaldırıb, atamı, ailəmizi sarayda əsir aldı. Amma mən aradan çıxmağa müvəffəq oldum. Mən elə bilirdim ki, o, ailəmi qılıncdan keçirib. Ona görə də qisas hissiylə yanırdım. Gizlincə himayədarımın yanına qaçmaq istəyirdim ki, quldarların toruna düşdüm. Onlar da məni hərəm kimi valilərdən birinə satdılar. O da məni Göyverən şahın hərəmxanasına bağışladı. Sarayda yaxşı ki, sizə rast gəldim, ürəyimi açdım. Siz də mənə kömək etdiniz. Qisasım qiyamətə qalmadı. Qaflan sarayın hər künc-bucağını bilirdi. Amma şahın yataq otağından qala kənarına çıxan gizli yolu yox. Mən də o yolla gedib Qaflanın başını elə yatağındaca kəsdim. Qisasımı aldım. Sonra biləndə ki, sizin sayənizdə atam da, ailəm də sağdır, sevincimin həddi-hüdudu yox idi. Amma geriyə qayıtmaq istəmirdim. Çünki Kaminat şahlığını özüm də bilmədən Şahənşah Göyverənin təbəəsinə çevirmişdim. Sizin “şahənşahlıq” oyununun əsas iştirakçısı olmuşdum. Özü yıxılan isə ağlamaz deyiblər. Amma öz xalqımı itaətdən qurtarmalıydım. Beləcə sarayda qalmağa qərar verdim. Oğlan doğdum. Nə qədər ki, mən hərəmxanadaydım, bir nəfərin də uşaq doğmasına imkan verməyəcəkdim. Özümü yalandan qısqanc göstərirdim. Bunu Yanina adlı yəhudi hərəm başa düşüb, şahənşaha demişdi. Ona görə fürsət düşən anda onu xəyanətkar kimi qələmə verib aradan götürdüm. Çünki validə olmalıydım və Kaminat şahlığını təbəəlikdən azad etməliydim. Bu idi amalım. Sizin işiniz çətinə düşməsəydi, hələ bu çox uzanacaqdı. Köməyiniz sayəsində gecəykən gedib himayədarımla görüşdüm. Hər şey sürətlə dəyişməyə başladı. Artıq Şahənşah Göyverənin sonu yaxınlaşır.

– Himayədarın kimdir?

– Baş vəzir həzrətləri, vaxtı çatanda tanıyacaqsınız. Az qalıb. Bundan sonra mənim sınaqlarım başlayacaq. Allah məni ən dəhşətindən qorusun.

– Hansı dəhşət?

Karine dinmədi. Son görüşdə himayədarının ona verdiyi son hökm gözünün qabağında canlandı: “Mən bu günəcən himayə etdiyim şahənşahın, özümün yaratdığım iyirmi min şahzadəmin qətlinə, bir anda yox olmasına fərman verdim, sən isə... İtil gözümün önündən!” Bu səhnəni bir də yaşaya-yaşaya Karinenin sifətinə meyit rəngi çökdü. Gözlərində yaş gilələndi. Əlləriylə üzünü bağlayıb, Divanı tərk etdi.

 

ARDI VAR

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar