Modern.az

5 kateqoriyadan olan abituriyentlərə ali məktəblərlə bağlı İMTİYAZ VERİLİB

5 kateqoriyadan olan abituriyentlərə ali məktəblərlə bağlı İMTİYAZ VERİLİB

26 May 2021, 11:04

Yaxın günlərdə ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbuluna başlanılacaq.

Modern.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Prezidentin müvafiq sərəncamına əsasən, ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müraciət edən şəxslərlə yanaşı, aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında iştirakı da dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək.

Azərbaycan Prezidentinin 7 may 2021-ci il 2635 nömrəli sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlər aşağıdakılardı:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; 

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

M.Abbaszadə bildirib ki, ərizə qəbulu internet vasitəsilə aparılır.

Abituriyentlər DİM-in saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netlərinin istifadəçi adı və parolundan istifadə etmək­lə Mərkəzin mü­va­fiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. Lakin “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident sərəncamına dəyişikliyə əsasən, yuxarıdakı  5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

"Yuxarıda qeyd olunan 5 kateqoriyaya aid abituriyentlər bu imtiyazdan istifadə etmək üçün "Abituriyentin elektron ərizəsi" formasını doldurmamışdan əvvəl DİM tərəfindən yaradılmış “Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il 2635 nömrəli nömrəli Sərəncamına əsasən imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlərin qeydiyyatı sistemi”ndə qeydiyyatdan keçməlidirlər.


Bu abituriyentlər verilmiş keçiddə (//ekabinet.dim.gov.az//pSerencam2635.aspx ) “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu daxil edib “Qeydiyyata al” düyməsini basmalıdırlar. “Qeydiyyata al” düyməsini basdıqdan sonra sistem avtomatik olaraq müvafiq dövlət orqanının məlumat bazasından vətəndaşın statusu haqqında məlumatı tapır və ekranda bu barədə bildiriş göstərilir. Abituriyent yalnız bundan sonra ödənişsiz imtahan vermək imkanına malik olur və “Abituriyentin elektron ərizəsi” formasının doldurulması və təsdiqi zamanı vəsait tələb olunmur.

Əgər müvafiq dövlət orqanının elektron bazasında həqiqətən göstərilən kateqoriyaya aid olan vətəndaş haqqında lazımi informasiya yoxdursa, sistem məlumatın tapılmaması haqqında bildiriş verir. Bu halda abituriyentlər müvafiq dövlət orqanına müraciət etməlidirlər".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir