Modern.az

Deputat gələn ilin dövlət büdcəsinə qiymət verib

Deputat gələn ilin dövlət büdcəsinə qiymət verib

Aktual

16 Noyabr 2012, 14:32

«Gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi qüdrətini real olaraq ifadə edir, o cümlədən uzun illərdir həyata keçirilən proqramlar çərçivəsində işlərin davamını şərtləndirir». Bu fikirləri Milli Məclisin üzvü Sahibə Qafarova gələn ilin dövlət büdcəsi haqqında fikirlərini bildirərkən səsləndirib. Onun sözlərinə görə, Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən etibarən “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” uğurla həyata keçirilir. Bu proqramın həyata keçirilməsinin nəticəsi olaraq regionların həm iqtisadi, həm də infrastruktur göstəriciləri müsbət mənada əhəmiyyətli dərəcədə dəyişib. Eyni zamanda, regionlarda iqtisadi fəallıq, sahibkarlıq fəallığı artıb:

«Təbii ki, yaradılan infrastruktur, sahibkarlığın inkişafı üçün formalaşdırılan şərait regionlarda iqtisadi göstəricilərin artmasına səbəb olub. Beləliklə, Azərbaycanda “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi sayəsində əhəmiyyətli mərhələlər keçilib. Biz bu istiqamətdə əldə olunan dəyişikləri bütün sahələrdə, infrastruktur layihələrinin icrasında, yeni müəssisə və zavodların, yeni iş yerlərinin açılmasında, vətəndaşların sosial həyat səviyyəsinin yaxşılaşmasında da görürük. O cümlədən, bölgələrdə təhsilin səviyyəsinin artırılması istiqamətində görülən işlərin də nəticələri müsbətdir. Gələn ilin dövlət büdcəsindən bu sahəyə ayrılacaq vəsait ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin daha effektiv nəticələr verməsinə də xidmət edəcək».

Sahibə Qafarova qeyd edib ki, hazırda məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb.
“Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədris müəssisələri bərpa və əsaslı təmir edilib. Millət vəkili seçildiyim Şəmkir rayonunda da orta məktəblərin bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm işlər göürülüb, bəzi şəhər və kənd məktəbləri əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bununla yanaşı, bəzi məktəblərdə şərait hələ də qənaətbəxş deyil. Xüsusən, Azərbaycanın təhsilinin inkişafında müstəsna xidmətlər göstərmiş savadlı və bilikli kadr hazırlığında iştirak etmiş bir neçə alimimizin təhsil aldığı Nizami adına şəhər orta məktəbinin və Çinarlı qəsəbə orta məktəbinin təmirinə ciddi ehtiyac var. Həmçinin, bir sıra məktəbəqədər təhsil müəssisələri-uşaq baxçalarında da vəziyyət arzuolunan səviyyədə deyil və bununla bağlı, seçicilərimizdən kifayət qədər müraciətlər daxil olur, bu məsələ dəfələrlə bizim görüşlərimizdə qaldırılır. Görünür ki, bu problem insanları narahat edir və həlli vacibdir. Ona görə də mən parlamentdəki çıxışımda da büdcədən Şəmkir rayonunda fəaliyyət göstərən bəzi təhsil müəssisələrinin, xüsusən də adını çəkdiyim iki orta məktəbin yenidən qurulması və təmiri məsələlərinə də diqqət ayrılmasını xahiş etdim».

Deputat hesab edir ki, gələn ilin dövlət büdcəsi sosial yönümlü olmaqla ölkənin qarşısında duran məsələlərin həllinə də yaxşı imkan yaradır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı