Modern.az

Elmira Axundova: “Deputat imkanlı olmalıdır ki...”

Elmira Axundova: “Deputat imkanlı olmalıdır ki...”

18 Noyabr 2012, 14:48

Millət vəkili Elmira Axundova deputatların asudə vaxtlarının təşkili və onlara ikinci köməkçinin ayrılması ilə bağlı parlamentdə səsləndirdiyi fikirlər ərtafında yaranan ajiotaja aydınlıq gətirib. Deputat Modern.az-a açıqlamasında fikirlərinin yanlış anlaşıldığını qeyd edib.

“Milli Məclisdə çıxışım zamanı bildirdim ki, deputatlara “sosial paket” verilsə pis olmazdı. Bu vəsait onların şəxsi ehtiyaclarına: tibbi əməliyyatlara, sanator-kurort müalicəsinə, nəqliyyat xərclərinə və s yönələ bilərdi. Belə paketlər bizim ölkəmizdə, demək olar ki, bütün iri yerli və xarici şirkətlərdə mövcuddur və işçilərinin bir çox şəxsi problemlərini, hətta istirahətin təşkilini şirkətlər öz üzərinə götürür.

Bizim maaşımız kifayət qədərdir, lakin şəxsən mən öz maaşımı rayonlara gedəndə orada xərcləyirəm. 71 saylı Masallı kənd seçki dairəsinin köməksiz insanlarına daima əl tuturam. Bilirəm ki, bir çox başqa deputatlar da xeyriyyəçilik aksiyaları keçirir, imkansız ailələrə kömək edir və maaşlarının əhəmiyyətli hissəsini bu işlərə sərf edir”, -deyə deputat bildirib.

E.Axundova daha sonra deputatlara xidməti avtomobillərin verilməməsindən gileylənərək aldığı əməkhaqqının böyük bir hissəsinin yol məsrəflərinə xərcləndiyini vurğulayıb.

“Ona görə, düşünürəm ki, sığortanın əvəzinə (biz bədbəxt hadisələrə görə sığortalanmışıq), Milli Məclisin deputatlarına daha az məbləğ həcmində “sosial paket” vermək olardı.  Bir çox ölkələrdə olduğu kimi.

Komitə sədrlərinə maşın ayrılsa da, deputatların xidməti maşını yoxdur. Biz isə tez-tez rayonlara gedirik. Ona görə maşının və şoferin saxlanmasına hər ay maaşımdan 800-900 manat pulum çıxır. İkinci köməkçini də bir çox deputatlar öz hesabına saxlayır. Fikrimcə, bu kimi xərclərin müəyyən hissəsini Milli Məclis ödəyə bilərdi. Mən bu barədə çıxış etmişəm və burada təəccüblü heç nə görmürəm. Bütün inkişaf etmiş ölkələrdə kimi, deputatlarımız da imkanlı olmalıdırlar ki, kasıb insanlara kömək edə bilsinlər.

Məsələ tək deputatlarda deyil, fikrimcə, bütün işləyən insanlar, xüsusən də dövlət qulluqçuları, müəllimlər, həkimlər bu və ya digər sosial paketlərnən əhatə olunmalıdırlar. Tibbi sığortanı ğötürək: əgər tibbi sığorta haqqında qanun işləsəydi bir çox problemlər həll olunardı”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü