Modern.az

Fövqəladə Hallar Nazirliyi ilə bağlı prezidentə müraciət olundu

Fövqəladə Hallar Nazirliyi ilə bağlı prezidentə müraciət olundu

Aktual

20 Noyabr 2012, 09:59

“Taleyimizi laqeyd, səhlənkar, korrupsioner məmurların ixtiyarına buraxmayın”

2010- cu ilin yazındakı Kür-Araz daşqınlarının təsirinə məruz qalmış, problemləri bu günə qədər həll olunmayan Sabirabad, Saatlı, İmişli, Salyan sakinləri imzatoplama kampaniyasına başlayıblar. Oxşar problemi yaşayan İmişli rayonundan olan bir qrup Qarabağ müharibəsi veteranı, şahid ailələri, imkansız şəxslər isə dövlət başçısı İlham Əliyevə ünvanladıqları müraciətin surətini “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına da göndəriblər. Dövlət qayğısından kənarda qaldırlarını, üzləşdikləri ayrı-seçkilik və korrupsiya ucbatından problemlərin həll olunmadığını bildirən sakinlər dövlət başçısından kömək istəyirlər.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahından Modern.az-a bildirilib ki, daşqın bölgəsinin sakinlərinin müraciətində qeyd edilib:
“Hörmətli cənab prezident! Biz öz zəhməti ilə dolanan sadə insanlarıq. Sizin sadə insanların problemləri ilə bağlı atdığınız addımları həmişə dəstəkləmişik. Siz bu yaxınlarda İmişliyə gəlmişdiniz, biz Sizinlə görüşüb dərdimizi çatdırmaq istədik, amma həmişəki kimi ətrafınıza çəpər çəkmiş məmurlar ordusu bizi Sizə yaxınlaşmağa imkan vermədilər. Məcbur olub dərdimizi məktubla göndəririk...

Biz 2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarının, güclü leysan yağışları və qrunt sularının təsirinə məruz qalmışıq. Evlərimiz yaşayış üçün yararsız, bərbad hala düşüb. Ötən müddət ərzində məhz Sizin təşəbbüsünüz və göstərişinizlə bu istiqamətdə dövlət büdcəsindən xeyli vəsait ayrılmış və müəyyən işlər görülmüşdür. Təəssüf ki, bizlər Sizin və dövlətin bu qayğısından  kənarda qalmış insanlarıq. Belə ki, 2010-cu il Kür-Araz daşqınları ilə bağlı İmişli rayonunda zərərçəkənlərə kompensasiyaların verilməsi və evlərin tikilməsində ayrı-seçkiliyə, eləcə də korrupsiya hallarına yol verilmişdir. Fövqəladə Hallar Nazirliyi və İmişli RİH-in o zamankı rəhbərliyi bizim haqlı tələblərimizi qulaqardına vurdu. 30 aydır ki, müraciət etmədiyimiz dövlət qrumları qalmayıb. Bir ildən isə coxdur ki, məhkəmə yollarında “get-gəl”lərdəyik. Bizim sözümüzü eşidən, səsimizə hay verən yoxdur, yalnız "Kür" Vətəndaş Cəmiyyəti Qərərgahından başqa. Yalnız bu qurum bizimlə maraqlanır, səsimizə səs verir.

Halbuki, Siz bu istiqamətdə vəsaitlərin ayrılması və işlərin görülməsi üçün vaxtaşırı olaraq müəyyən addımlar atmısınız. Sonuncu dəfə 29 mart 2012-ci ildə Kür-Araz daşqınlarının törətdiyi problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi üçün 50 milyon manat pul vəsaiti ayırdınız. Biz soruşmaq istəyirik:  bu ayrılan 50 milyon manatın sonrakı taleyi necə oldu? Bu vəsaitlər hara xərcləndi?

Hörmətli cənab prezident!

Xahiş edirik Sizə ünvanladığımız bu müraciətdə qeyd etdiyimiz problemlərin ciddi araşdırılıb, ölçü götürülməsi üçün lazımı və müafiq addımlar atasınız. Bizə kömək edəsiniz. Taleyimizi laqeyd, səhlənkar, korrupsioner məmurların ixtiyarına buraxmayın!”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü