Modern.az

Sabunçu sakinlərinin avtobus şikayətinə əlac edən yoxdur - MÜRACİƏT

Sabunçu sakinlərinin avtobus şikayətinə əlac edən yoxdur - MÜRACİƏT

Aktual

21 Noyabr 2012, 12:56

Sabunçu qəsəbəsinin bir qrup sakini KİV-ə, o cümlədən Modern.az-a müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Yaşadığımız ərazidə 8 aydır işləyən 73 saylı yeganə avtobus marşrutu fəaliyyətini dayandırıb. Onun xidmətindən istifadə edən 1000-dən çox ailənin qocası, uşağı, qadını, əlili ən yaxın dayanacağa getmək üçün piyada 1 km-ə qədər yolu piyada qət etməli olur. Marşrutun sahibi tərəfindən bəhanə olaraq bu göstərilir ki, qəsəbənin içərisindəki 600-700 metrlik məsafədəki yolda asfalt örtüyü dağılıb və guya, bu, avtobusların sıradan çıxmasına səbəb olur. Halbuki, 4-5 il əvvəl, yəni həmin yolda asfalt örtüyü olmayan dövrdən tutmuş son bir ilə qədər marşrut daha yaxşı işləyib. Sadəcə, əvvəllər marşrutda fərdi şəxslərə məxsus kiçik tutumlu avtobuslar işləyirdi. Kiçik tutumlu avtobuslar qadağan olunduqdan sonra isə bu problem yarandı. Çünki 73 saylı marşrutun sahibi eyni zamanda Sabunçu qəsəbəsinin digər ərazisinə işləyən 62 saylı marşrutun sahibidir. Həmin sahibkarın əsas gəlir mənbəyi 62 saylı marşrut olduğundan indiyə qədər 73 saylı marşrutu bir növ inhisarda saxlayaraq onun işləyib-işləmədiyinə ciddi əhəmiyyət verməyib”.

Sabunçu sakinləri qeyd edir ki, dəfələrlə Nəqliyyat Nazirliyinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

“Sonuncu dəfə isə 18 oktyabr 2012-ci il tarixdə birbaşa nəqliyyat naziri Ziya Məmmədova müraciət etmişik. Lakin məktub baxılması üçün “Sərnişinnəqliyyat”  Departmentinə göndərilib və yenə də problem həll edilməmiş qalıb. Məktubun cavabı ilə bağlı departamentlə əlaqə saxladıqda isə oradan belə bir cavab aldıq ki, guya, həmin marşruta hər gün 2-3 avtobus buraxılır. Təbii ki, biz gözümüzə inandığımızdan və xəttə avtobusun çıxdığını görmədiyimiz üçün belə başa düşdük ki, həmin marşrut üzrə departamentdə saxta sənədləşmə aparılır. Yəni sahibkar gündəlik olaraq departamentə saxta məlumat verir. Belədə marşrutun bərpası ilə bağlı departament tərəfindən sahibkara heç bir təzyiq edilmir, göstəriş verilmir. Bunun səbəbi isə onunla bağlıdır ki, məlumatlara görə, 62 və 73 saylı marşrutların sahibi olan Hacı Əli adlı şəxs bir millət vəkili ilə şərikdir”.
Müraciətin sonunda sakinlər KİV nümayəndələrindən problemin həllinə kömək göstərilməsini xahiş edirlər.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı