Modern.az

İtaliyanın Qafqaz siyasətində Azərbaycan xüsusi yer tutur - FOTOLAR

İtaliyanın Qafqaz siyasətində Azərbaycan xüsusi yer tutur - FOTOLAR

5 Dekabr 2012, 16:49

Millət vəkillərinin Romada səmərəli görüşləri ...

Azərbaycanın beynəlxalq müstəvidə nüfuz dairəsinin genişlənməsi, ölkəmizin artan iqtisadi imkanları ikitərəfli münasibətlərə də müsbət təsirini göstərir. Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan respublikamızın xarici tərəfdaşları sırasında “köhnə qitə”nin aparıcı dövlətlərindən biri kimi İtaliyanın xüsusi yeri var. İtaliya ölkəmizin Avropada əsas ticari-iqtisadi partnyoru, ölkəmizdən ən böyük neft idxalatçısıdır. Eyni zamanda, siyasi müstəvidə ölkəmizlə sıx əməkdaşlıq edir, Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Son illər iki ölkənin parlamentlər səviyyəsində münasibətləri də inkişaf edir. Bu işdə Milli Məclisin İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun fəallığı xüsusi qeyd olunmalıdır. Millət vəkili Azər Kərimlinin rəhbərlik etdiyi qrupun italiyalı həmkarları ilə sıx əlaqələri iki ölkənin əməkdaşlığına mühüm töhfədir. İtaliya tərəfi də bunu yüksək qiymətləndirir. Təsadüfi deyil ki, Azər Kərimli parlamentlərarası əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə İtaliya Respublikasının “Xidmətlərə görə” Cəngavər ordeni ilə təltif olunub.

Azərbaycan nümayəndə heyətinin iki ölkə arasında diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş konfransda iştirak etmək məqsədilə İtaliyaya səfəri də qarşılıqlı münasibətlərin yüksək səviyyəsinin təsdiqi oldu. Noyabrın 27-dən 30-dək davam edən səfər gedişində Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, millət vəkilləri Rövşən Rzayev, Rüfət Quliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovdan ibarət nümayəndə heyəti Romada səmərəli görüşlər keçirib.

Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli səfər təəssüratlarını Modern.az-la bölüşdü:

- Azərbaycan-İtaliya diplomatik münasibətlərinin yaranmasının 20 illiyinə təsadüf edən səfər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığını bir daha nümayiş etdirdi. İtaliya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ilin mayında yaranıb. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin İtaliyaya səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açıb. Sonrakı illərdə əlaqələr daha da genişlənib. 2005 və 2008-ci illərdə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri sıx tərəfdaşlıq münasibətlərinə əlavə təkan verib. Parlamentlər arasında da əlaqələrimiz uğurla davam edir. Son illər italiyalı həmkarlarımızla çoxsaylı görüşlər keçirmişik. 2010-cu ildə Milli Məclisin sədri Oqtay Əsədovun İtaliyaya rəsmi səfəri parlamentlərarası əlaqələrə mühüm töhfə oldu.

Onu da deyim ki, İtaliya Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. 2010-cu ilin fevralında İtaliya Senatının Cənubi Qafqazda vəziyyətlə bağlı qəbul etdiyi qətnamə buna bariz sübutdur. Həmin sənəddə ATƏT-in təməl müddəalarından olan sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanır, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin təkcə region üçün deyil, Avropa məkanı üçün də əhəmiyyəti qeyd olunurdu. Bu sənəd üzərində uzun müddət iş aparılmış və qətnamə layihəsi 2009-cu ilin dekabrında İtaliya Senatının gündəliyinə salınmışdı. Qətnamənin qəbulu Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xaric siyasətin, İtaliya parlamentarları ilə qurulan sıx əlaqələrin nəticəsi idi. Yeri gəlmişkən, İtaliya Senatındakı budəfəki görüşümüzdə biz Qarabağ məsələsində tutduqları obyektiv mövqeyə görə bir daha həmkarlarımıza minnətdarlığımızı bildirdik.

- İtaliya Senatında keçirilən konfransdakı müzakirə və çıxışlar barədə nə deyə bilərsiniz?

- Öncə onu qeyd edim ki, səfər çərçivəsində nümayəndə heyətinin İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın xarici əlaqələr komitələrində görüşləri oldu.  Görüşlərdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrin inkişafı, Azərbaycanın regionda artan nüfuzu, Avropanın enerji təhlükəsizliyinə ölkəmizin töhfəsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikir mübadiləsi aparıldı.

Noyabrın 29-da Senatda “İtaliya-Azərbaycan münasibətlərinin 20 ili” mövzusunda konfrans keçirildi. Qeyd etmək istəyirəm ki, bu konfrans İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşəbbüsü və təşkilatçılığı ilə baş tutdu. Tədbirin açılışında Senatın sədr müavini Benedetto Adranya, Senatın Avropa İttifaqı Komissiyasının sədri, İtaliya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri xanım Rossana Boldi çıxış etdilər. Sonra konfrans sessiyalarda işini davam etdirdi.

“Qafqaz bölgəsi və İtaliya ilə Azərbaycan arasında əlaqələr” adlanan birinci sessiyada ATƏT-in Parlament Assambleyasının sədri Rikardo Milyorinin məruzəsi dinlənildi. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iki ölkə arasında əlaqələrin 20 illik tarixinə ekskurs edərək münasibətlərin çoxşaxəli spektrindən  söz açdı.

Mən çıxışımda Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrindən danışdım, bu münasibətlərin son dövrdə xüsusilə inkişaf etdiyini vurğuladım. Qeyd etdim ki, son bir neçə ildə iki ölkənin parlament heyətləri arasında yaranan sıx əlaqələr, keçirilən görüşlər ölkələrimizin qarşılıqlı qaydalı münasibətlərinə, dostluq əlaqələrinə öz töhfəsini verir. İki ölkə arasında əməkdaşlığın möhkəm hüquqi bazasının yaradıldığını, müxtəlif sahələrə dair 30-dək sənədin imzalandığını nəzərə çatdırdım.

Milli Məclisin deputatı Rövşən Rzayev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq bu məsələdə ölkəmizin mövqeyini diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini istəyir. Dünya birliyinin münaqişəyə ədalətli münasibətinin problemin həlli üçün müstəsna əhəmiyyət kəsb etdiyini deyən R.Rzayev İtaliya Senatının 2010-cu ildə qəbul etdiyi qətnamədə məsələdə obyektiv yanaşmaya görə italiyalı senatorlara təşəkkürünü bildirdi.

İtaliya Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Ettore Qreko və Avropa Parlamentinin deputatı, xarici əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın çox yaxın dostu olan Fiorello Proveranın çıxışlarında da Qarabağ münaqişəsinə toxunuldu, münaqişənin Avropada təhlükəsizliyə təhdid olduğu vurğulandı. Ölkəniz haqqında xoş sözlər deyən Fiorello Provera Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin ədaləti olduğunu bildirdi. Cənab Provera bir fikri xüsusi vurğuladı ki, bir sıra dairələrin istinad etdiyi millətlərin öz müqəddəratının təyinetmə prinsipi Qarabağ münaqişəsinə tətbiq edilə bilməz və bu problem dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun həll edilməlidir. Onun sözləri auditoriyada, o cümlədən tədbiri işıqlandıran media təmsilçilərində böyük rezonans doğurdu.

Konfransın “İtaliya ilə Azərbaycan arasında iqtisadiyyat və energetika sahəsində əlaqələr” mövzusunda ikinci sessiyasını Senatın sənaye, ticarət və turizm komitəsinin sədri Çezare Kursi açaraq Azərbaycan ilə İtaliya arasında iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq əlaqələrinin əhəmiyyəti barədə məruzə ilə çıxış etdi. Prezident Administrasiyasının şöbə müdiri E.Aslanov ölkəmizin iqtisadi sahədə həyata keçirdiyi siyasətdən danışdı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğuladı.

Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin inkişaf dinamikasından söz açdı. Azərbaycanın xarici ticarət dövriyyəsində  İtaliyanın mühüm yer tutduğunu, bu ölkənin Azərbaycanın ixrac neftinin əsas alıcılarından biri olduğunu, gələcəkdə qaz sahəsində də ticarətin genişlənəcəyini nəzərə çatdırdı.

Konfrans iştirakçılarına Romanın La Sapienza Universitetinin tədqiqatçıları tərəfindən Azərbaycana dair yazılmış kitablar təqdim edildi.

- Səfər çərçivəsində daha hansı görüşləriniz oldu?

- Azərbaycan nümayəndə heyətinin İtaliya parlamentinin Deputatlar Palatasının sədri Canfranko Fini ilə görüşü xüsusi ilə yaddaqalan oldu. Cənab Finni iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu bildirərək bu xüsusda parlamentlərarası dostluq qruplarının fəaliyyətini müsbət qiymətləndirdi. O, Azərbaycan nümayəndə heyətinə xatirə hədiyyəsi təqdim etdi. Biz də öz növbəmizdə ona Azərbaycanın tarixi, bu günü, Qarabağ həqiqətləri haqqında kitablar təqdim etdik.

Bundan əlavə, İtaliya parlamenti Deputatlar Palatasının Xarici əlaqələr komitəsinin sədri Stefano Stefani, Senatın Xarici əlaqələr komitəsinin sədri Lamberto Dini, İtaliya xarici işlər nazirinin müavini xanım Marta Dassu ilə maraqlı görüşlərimiz oldu. Görüşlərdə Azərbaycan-İtaliya əlaqələrinin inkişafı, bu əlaqələrdə parlamentlərin rolu diqqətə alındı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyi diqqətə çatdırıldı, bu məsələyə İtaliya dövlətinin tutduğu obyektiv yanaşması qeyd olundu.

Bu görüşlər eyni zamanda səfərimizin də uğurlu bir yekunu oldu. Səfər Azərbaycan-İtaliya əlaqələrinin bütün səviyyələrdə, inkişaf etdiyini nümayiş etdirməklə yanaşı, bu ölkədə Azərbaycana çox xoş münasibət olduğunu göstərdi. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xaric siyasətinin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun təsdiqidir.

Bununla yanaşı, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələr, bu ölkədə mədəni irsin qorunmasına verdiyi dəstək, eləcə də milli mədəniyyətimizin uğurlu təbliği İtaliya cəmiyyətində ölkəmizə dost münasibətin formalaşmasında müstəsna rol oynayır.

Parlamentlər də bu dostluq münasibətlərinə mühüm töhfə verə bilər və məmnuniyyətlə qeyd etmək istərdim ki, Milli Məclisin rəhbərliyi xarici ölkələrlə parlament dostluğunun inkişafını daima diqqət mərkəzində saxlayır.

İtaliyada Azərbaycanı uğurla təmsil edən hörmətli səfir Vaqif Sadıxov başda olmaqla diplomatik korpusumuzun fəaliyyətini də qeyd etmək istərdim. Səfirliyimiz bu səfərin yüksək səviyyədə təşkili üçün əlindən gələni etmişdi və buna görə xüsusi təşəkkürümüzü bildiririk.

 

 

 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü