Modern.az

3 saylı İstintaq Təcridxanasında məhbus 9 gündür aclıq edir

3 saylı İstintaq Təcridxanasında məhbus 9 gündür aclıq edir

20 Fevral 2010, 17:15
İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, psixiatriya müəssisələrinə planlı və müraciətlər üzrə baxışları davam etdirirlər. Müvəkkilin nümayəndələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı və Bakı İstintaq təcridxanalarına daha bir baxış keçiriblər.
Onlar saxlanılanlarla görüşərək söhbət aparıb, həmin şəxslərə hüquqlarını və Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını izah ediblər. Aparatın əməkdaşları bu müəssisələrdəki şərait, həmçinin saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərlə də tanış olublar.
Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisələrin rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazı olmadıqlarını söyləyiblər.
Aparatın əməkdaşları həmçinin Müvəkkilin ünvanına daxil olmuş müraciətləri də araşdırıblar. Bakı İstintaq Təcridxanasında saxlanılan bir neçə şəxs cinayət-prosessual qanunvericiliyində təqsirləndirilən şəxslərə münasibətdə ehtiva olunmuş hüquqlarının pozulduğunu bildirib, barələrində aparılan istintaqın qeyri-obyektivliyindən, çıxarılmış məhkəmə hökmlərindən narazılıqlarını ifadə ediblər. Onlara müvafiq hüquqi məsləhətlər verilib. Araşdırma zamanı qaldırılan məsələlərlə bağlı Müvəkkil tərəfindən aidiyyəti qurumlara müraciət olunub.
3 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum Elxan Nəsrullayevin Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin onun barəsində çıxardığı hökmə etiraz olaraq, 9 gün aclıq aksiyası keçirdiyi müəyyən edilib. Səhhətinə zərər vurduğuna görə aclığı dayandırması və barəsində çıxarılmış məhkəmə hökmündən apellyasiya şikayətinin verilməsi məhkuma tövsiyə olunub.
Ombudsman Aparatının əməkdaşları müəssisədəki həkimlə görüşüb, mövcud qanunvericiliyə müvafiq olaraq, E.Nəsrullayevin səhhətinin diqqətdə saxlanılmasını tapşırıblar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı