Modern.az

Azərbaycanlı deputatlar Hollandiyada Qarabağdan danışdılar

Azərbaycanlı deputatlar Hollandiyada Qarabağdan danışdılar

Aktual

13 Dekabr 2012, 10:41

“Əgər sizə 20 il ərzində öz evinizə qayıda bilmə, orada yaşaya bilmə, evinizi bircə dəfə olsa belə görə bilmə imkanı verməsələr hansı hissləri yaşayardınız?”

Modern.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Qənirə Paşayeva Hollandiyada “Dialoq evi”ndə keçirilən tədbirdə səsləndirib. Deputat üzünü hollandiyalı iştirakçılara və bu ölkənin tədbirdə iştirak edən bəzi qurumlarının rəsmilərinə tutaraq bildirib ki, 1 milyon azərbaycanlı 20 ildən artıqdır ki, mənəvi ağrılarla, acılarla yaşayır.

“Milliyyətindən, dinindən asılı olmayaraq hər bir insana Ermənistanın törətdiyi bu insanlıq faciəsinə biganə qalmamalı, bu məsələyə öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsi istiqamətində səylərini daha da artırmalıdır”, - deyə deputat bildirib.

O, vurğulayıb ki, beynəlxalq ictimaiyyət artıq Ermənistanın 20 ildən artıqdır ki, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarını kobud çəkildə pozmaqda davam etməsinə laqeyid qalmamalı və buna son qoymaq üçün Ermənistana təzyiqlər etməlidir. 

Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həlak olan şəhidlərin xatirəsi birdəqiqəlik sükutla anılmış, azərbaycanlıların ermənilər tərəfindən dəfələrlə soyqırımına məruz qaldığını əks etdirən sənədli film nümayiş etdirilib.

İnsan haqları məsələsinə həsr olunan yığıncağı açan “Dialoq evi”nin əməkdaşı Bart den Bruk 1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi tərəfindən insan hüquqları haqqında ümumi bəyannamə qəbul edildiyini və həmin dövrdən etibarən hər il həmin günün insan haqları günü kimi qeyd olunduğunu diqqətə çatdırıb, dünyanın bir çox yerlərində, xüsusilə qaynar nöqtələrdə demokratiyanın prioritetlərindən biri olan insan hüquqlarının pozulduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Bart den Bruk Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini, erməni hərbi birləşmələrinin bir milyondan artıq azərbaycanlını silah gücünə doğma torpaqlarından çıxardığını və onların hüquqlarının pozulduğunu xatırladıb.

Haaqa şəhər ictimaiyyəti nümayəndələrinin, Niderland Krallığında yaşayan Azərbaycan və türk diaspor təmsilçilərinin iştirak etdiyi toplantıda Milli Məclisin deputatı Qənirə Paşayeva Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olduğunu, günahsız insanların hüquqlarının pozulduğunu qeyd edib, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların işğal olunan Azərbaycan torpaqlarının heç bir şərt qoymadan dərhal azad edilməsi ilə bağlı qərarlarına Ermənistanın məhəl qoymadığımı, beynəlxalq ictimaiyyətin bu məsələyə seyrçi münasibət bəslədiyini, onların yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq göstərmədiyini bildirib.

Millət vəkili Qənirə Paşayeva  Xocalı faciəsini törədənlərin, bir milyondan artıq azərbaycanlının hüquqlarını tapdalayanların, beynəlxalq təşkilatların qərarlarına etinasızlıq göstərən Ermənistan liderlərinin Avropada rahat və sərbəst gəzdiklərini, insan haqlarının beşiyi hesab olunan Avropada onlardan bu barədə sorğu aparılmadığını söyləyibdir.

Q.Paşayeva Avropa Şurasının üzvü olan Hollandiyanı və insan haqlarının müdafiəsinə önəm verənləri haqq və ədaləti dəstəkləməyə, Azərbaycanın haqq səsinə səs verməyə çağırıb.
Milli Məclisdə Azərbaycan-Hollandiya dostluq qrupunun sədri Adil Əliyev Azərbaycan və türk xalqlarının düşməninə qarşı birgə mübarizə aparmağın, haqq səslərini dünyaya çatdırmaq istiqamətində xarici ölkələrdə məskunlaşan hər iki ölkənin diaspor təşkilatlarının birgə fəaliyyət göstərməyinin vacibliyini vurğulayıb.

Deputat deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq əsas işimiz olmalıdır.

“Erməni separatçıları hələ də 1915-ci ildə baş verməsi şübhə altında olan, yalanlar və iftiralar üzərində yaranan qondarma “erməni soyqırımı”nı dünya ictimaiyyətinə çatdırmaq üçün dəridən qabıqdan çıxırlar. Onların bu siyasətini ifşa etmək üçün biz ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliyi beynəlxalq aləmə çatdırmalıyıq. Bunun üçün əlimizdə erməni vəhşiliklərini sübuta yetirən kifayət qədər dəlillər və canlı şahidlər vardır. Xocalı soyqırımı, azərbaycanlıların başına gətirilən faciələr hər vasitə ilə avropalılara çatdırılmalıdır. Biz bu sahədə Azərbaycanı sevənlərin, xalqımıza dost münasibəti bəsləyənlərin köməyindən istifadə etməliyik. Azərbaycan və türk diasporları bu istiqamətdə səylərini daha da artırmalıdırlar.
Ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanın bu gün güclü ölkəyə çevrildiyini, Cənubi Qafqaz bölgəsində lider dövlət olduğunu xatırladan A.Əliyev bildirib ki, belə güclü və lider dövlətin övladları haqq səslərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ciddi səy göstərməlidirlər.

Ssonda millət vəkilləri Qənirə Paşayeva və Adil Əliyev iştirakçıları maraqlandıran suallar cavablandırıblar. Benilüks Azərbaycanlıları Konqresinin və “Dialoq evi”nin təşkilatçılığı ilə keçirilən tədbirdə Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Qarabağın Azərbaycanlı İcmasının rəsmisi Orxan Əkbərov, Milli Qəhrəmanları Tanıtma Birliyinin rəhbərliyi və nümayəndələri, EKO-Avrasiya Dərgisinin rəhbəri Hikmət Eren,  Hollandiya  türk Demikratlar Birliyinin Sədri Veyis Güngör  də iştirak ediblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı