Modern.az

Vurğun Əyyub: “Onlar müxalifət adından danışıb, hakimiyyətə yarınırlar” - MÜSAHİBƏ

Vurğun Əyyub: “Onlar müxalifət adından danışıb, hakimiyyətə yarınırlar” - MÜSAHİBƏ

Müsahibə

5 Mart 2013, 12:23

“Belə bir missal var: ümidsiz olan şeytandır”

Modern.az saytının budəfəki müsahibi Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyubdur. Bir müddət Türkiyədə işləyən V.Əyyub sonradan Azərbaycana qayıdaraq Xəzər Universitetində fəaliyyət göstərməyə başlayıb.

- Vurğun bəy, artıq bir neçə aydır ki, Türkiyədən qayıtmısınız. Amm aktiv siyasi fəaliyyətiniz bir o qədər də hiss olunmur. Bu nə ilə bağlıdır?

 - Hazırda Müsavat Partiyasının Divan üzvü olaraq qalıram. Amma indi universitetdə çalışdığım üçün işlərim bir az çoxdur. Bu baxımdan deyə bilmərəm siyasi fəallığım hansı səviyyədə olacaq. Siyasi fəallığım partiyanın proqram və fəaliyyəti çərçivəsindədir. Bu istiqamətdə mən də gücüm çatan qədər, vaxtım imkan verdiyi qədər siyasi partiyama və onun siyasi fəaliyyətinə dəstək verəcəm.

- Prezident seçkiləri yaxınlaşır. Seçkiöncəsi ictimai-siyasi durumu necə qiymətləndirirsiniz? Sizcə, seçkilər Azərbaycana nə vəd edir?

- Azərbaycanda vəziyyət xeyli dərəcədə gərgindir. İnsanların narazılıqları ən yüksək səviyyəyə çatıb. Narazı insanları qanunsuz həbslərlə qorxutmağa çalışırlar. Bildiyimiz kimi, hazırki durumda diqqət çəkən məqam qarşıdan gələn prezident seçkiləridir. Görünür müəyyən dairələr bu seçkiləri əvvəlkilər kimi keçirmək istəyirlər. Ümumilikdə ictimai-siyasi vəziyyət ürəkaçan deyil.

- Müxalifət düşərgəsində seçkilərlə bağlı müəyyən hazırlıqlara start verilib. Müsavat başqanı İsa Qəmbər başda olmaqla bir sıra liderlər namizəd olacaqlarını elan ediblər. Müxalifətin seçkilərdə qalib gəlmək şansımnı necə qiymətləndirirsiniz?

- Məsələ burasındadır ki, namizəd irəli sürülmədən qüvvələri hərəkətə gətirmək mümkün deyil. Əgər biz seçkilərin xalqın arzuladığı kimi keçirilməsini istəyiriksə, o zaman müxalifət qüvvələri tərəfindən də ciddi işlər görülməlidir. Bu fəaliyyətin uğurlu davam etdirilməsi üçün əlbəttə ki, namizədlik olmalıdır. Bildiyimiz kimi, bu istiqamətdə ilk addımı Müsavat Partiyası atdı. Hesab edirəm ki, qalib gəlmək üçün görüləcək müəyyən işlər var.

- Qeyd etdiyiniz kimi, bu istiqamətdə Müsavat Partiyası ilk addımı ataraq İsa Qəmbərin namizədliyini irəli sürdü. Sizcə, İsa bəyin qalib gəlmək şansı realdırmı?

- Mən bu suala belə bir misalla cavab vermək istərdim ki, ümidsiz olan şeytandır. Hər bir siyasətçi gələcəyinə ümidlə baxmalıdır. Amma ümidlə baxmaq o demək deyil sən əl-qolunu yanına salıb oturmalısan, seçki özlüyündə keçəcək. Buna görə sistemli və ardıcıl şəkildə işləmək tələb olunur. Müsavat Partiyası da seçkiyə yönəlik fəaliyyətini davam etdirir.
Seçkiyə start verilmədiyindən bir sıra məsələlər var ki, onları indi həyata keçirmək mümkün deyil. Bu qanunla da mümkün deyil. Amma partiyanın öz strukturlarını yenidən gözdən keçirmək, demokratik mühitin yaxşılaşdırılması, müxtəlif siyasi qüvvələr arasında əməkdaşlığın qurulması istiqamətində görülən işlər və s. qarşıda duran əsas prioritetlərdir.

- Vurğun bəy,  uzun sürən söz-söhbətlərə baxmayaraq müxalifət düşərgəsi ənənəvi olaraq ümumi mövqedən çıxış edə bilmir. Yəni vahid namizəd məsələsi fiaskoya uğradı. Müxalifətin seçkilərdə pərakəndə şəkildə təmsil olunması haqda nə deyə bilərsiniz?

- Bu haqda 10 ildən artıqdır danışırıq, sualları cavablandırırıq. Təbii ki, tutduqları mövqeyi üst-üstə düşən qüvvələrin seçkilərdə bir namizədlə iştirak etməsi arzuolunandır. Siyasət gerçəkləri nəzərə almaq sənətidir. Hesab edirəm ki, müxalifətin vahid namizədindən danışmaq indiki məqamda zərərli və sağlam müxalifət qüvvələrini fəaliyyətdən saxlamaq məqsədi güdür. Müxalifətdə də müxtəlif qüvvələr var. Müxalifət adından danışıb, əslində hakimiyyətə yarınan qüvvələr var. Bunlarla birlikdə vahid namizədin olması qeyri-mümkündür.

- Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycada dövlət çevirilişinin hazırlandığı barədə bəyanatı geniş rezonans doğurdu. Müsavat Partiyasını bu istiqamətdə sərgilədiyi mövqeyinə görə, sərt tənqid edənlər də oldu.

- Bu barədə ortada konkret faktlar ifadə olunub. Bu narahatçılığın nə dərəcədə əsaslı olub-olmadığı barədə mənim məlumatım yoxdur. Amma təbii ki, Azərbaycanda hansısa xarici qüvvənin ölkənin müstəqilliyinə, suverenliyinə təhlükə törədə biləcək addımları olacaqsa, biz bir müxalifət partiyası kimi bu təhlükənin qarşısında olacağıq.

- Vurğun bəy, sonda zaman-zaman hakimiyyətin hədəfinə çevrilən Ziyalılar Forumu və eləcə də təşkilatın fəaliyyəti ilə də bağlı fikirlərinizi bilmək istərdik.

- Bu barədə mənfi fikirləri səsləndirən insanlar bir dənə fakt ortaya qoysunlar. Bu sadəcə Ziyalılar Forumunu gözdən salmaq üçün söylənilən iddialardır. Mən bunu ciddi qəbul eləmirəm.

 

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı