Modern.az

Paytaxtın “şimal qapısı” – inkişafın yeni mərhələsində

Paytaxtın “şimal qapısı” – inkişafın yeni mərhələsində

Aktual

12 İyul 2013, 17:42


Hesabatlılıq və şəffaflıq təkcə demokratik idarəetmənin deyil, ümumilikdə, səmərəli idarəçiliyin mühüm şərtlərindən biridir. Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində icra strukturlarının fəaliyyətinin məhz bu meyarlar üzərində qurulması, idarəçiliyin modernləşdirilməsi vacib məsələlərdəndir.

Binəqədi Rayon İcra Hakimiyyəti fəaliyyətini bu tələblər quraraq vətəndaşların qəbulunun təşkili, on­ların müraciətlərinə vaxtında baxılmasına əməl olunması, icra aparatında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görür. Rayon rəhbərliyinə edilən müraciətlər cavabsız qalmır, vətəndaşların problemlərinin aradan qaldırılması üçün mütəmadi işlər görülür.

Binəqədi rayonunun yeni rəhbərliyinin mütərəqqi iş üslubunun diqqəti çəkən məqamlarından biri də vətəndaşlarla işin müasir tələblər səviyyəsində qurulması, ərizə və şikayətlərə baxılmasının mütərəqqi üsul və vasitələrinin tapılmasıdır. Ölkə başçısının fərman və sərəncamlarından, tövsiyələrindən irəli gələrək rayon icra hakimiyyəti başçısının müntəzəm olaraq yerli sakinlərlə görüşləri, o cümlədən səyyar qəbullar keçirməsi də mətbuatın diqqətindən yayınmır. Bu istiqamətdə xüsusilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun əməyini qiymətləndirmək yerinə düşərdi.

Cənab Xaləddin İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ediləndən sonra rayonun sosial-iqtisadi həyatında müsbət dönüş yaranıb. Ölkə  başçısının ona göstərdiyi etimadı doğrultmağa çalışan icra başçısının yerli məmurlar qarşısında qoyduğu əsas təbələr vətəndaşların müraciətlərini, irad və təklifləri öyrənmək, sakinlərin üzləşdikləri problemləri yerindəcə həll etməkdən ibarətdir. Bu istiqamətdə mütəmadi olaraq Tədbirlər Planı hazırlanır və aidiyyəti qurumlara göndərilərək icrası diqqət mərkəzində saxlanıır.

Bakının əzəmətli “Şimal qapısı”

Bakının şimal-qərbində yerləşən, özünün tarixi ənənələri, milli mədəniyyət nümunələri ilə seçilən Binəqədi rayonu uzun illər həm də halal zəhmətə tapınan, işgüzar insanların məskunlaşdığı məkan kimi məşhurdur. Tarixən «qara qızıl»la zəngin olan Binəqədi həmçinin paytaxtın mühüm iqtisadi və sənaye rayonlarından biri sayılır. Lakin etiraf etməliyik ki, paytaxtın inkişafı yönündə həyata keçirilən tədbirlər son vaxtlara qədər Binəqədi rayonunda, demək olar, hiss edilmirdi. Binəqədi rayonun inkişaf və tərəqqi, abadlıq, habelə əhalinin sosial problemlərinin həlli baxımından digər rayonlardan geridə qalması üzücü bir həqiqət idi.

Bakının «Şimal qapısı» cəmi bir ildə simasını əsaslı şəkildə dəyişib, əzəmətli tikililəri, müasir sosial-mədəni infrastruktur obyektləri, yaşıl libasa bürünmüş park və meydanları ilə paytaxtımızın göz oxşayan məkanlarından birinə çevrilib. Ötən müddətdə həyata keçirilən tədbirlərin kampaniya xarakteri daşımadığı, fundamental dəyişikliklərə xidmət etdiyi ilk baxışdan aydın sezilir. Müasir tikinti-inşaat meyarları əsasında, yüksək estetik zövqlə həyata keçirilən, vətəndaşlarda razılıq doğuran genişmiqyaslı abadlıq-quruculuq tədbirləri Binəqədi rayonunun problemlərinin həllini daha da sürətləndirib.

Binəqədi rayonunun yeni rəhbərliyi ölkə başçısının çevik və səmərəli iqtisadi islahatlar strategiyasını rəhbər tutaraq, idarəçilikdə ən mütərəqqi üsulları tətbiq etməyə çalışır. İlk növbədə, rayonun illik inkişaf planı hazırlanaraq təsdiqlənib, bu sənəddə hər rüb üzrə görülməli işlər, onların maliyyələşdirilməsi mexanizmləri dəqiq əksini tapıb. Bunun nəticəsidir ki, cəmi 1 ildə rayonda bütün sahələr üzrə yüksək makroiqtisadi göstəricilər əldə edilib. Real sosial-iqtisadi inkişaf isə quru fakt və rəqəmlərdə deyil, hər bir sakinin gündəlik həyatında, məişətində, maddi rifah halında hiss olunur.

İnkişafın uğurlu statistikası

Ölkə rəhbərliyinin yürütdüyü siyasətin mahiyyətindən irəli gələrək ötən 1 ildə rayonda qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə və keyfiyyətlə aparılması, təhsil-səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması, sahibkarların fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılması olub.

Rayondakı inkişaf və tərəqqi real ifadəsini statistik göstəricilərdə də dolğun şəkildə tapır. 2013-cü ilin yanvar-mart aylarında sənaye sahəsində 32 milyon 979 min  manatlıq, yaxud keçən ilin müvafiq dövründən 0,2 faiz çox sənaye məhsulu istehsal edilib. Rüb ərzində sənaye müəssisələrində 5642 nəfər işləyib və  onların orta aylıq əmək haqqı 445,1 manat olub. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 506 min manat əsas fondlar istifadəyə verilib.


Dövlət başçısının qarşıya qoyduğu strateji məqsəd əsas tutularaq rayonda vətəndaşların faydalı məşğulluğunun təminatına, habelə yeni iş yerlərinin açılmasına da xüsusi diqqət yetirilib. Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta statistik sayı 43122 nəfər olub. Onlardan 17920 nəfəri dövlət, 25202 nəfəri isə qeyri-dövlət sektorunda çalışırlar. 2013-cü il aprelin 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 1060 yeni iş yeri açılıb və bunların hamısı daimidir. Bundan başqa, hesabat dövründə işlə təmin olunmaq məqsədilə Məşğulluq Mərkəzinə 604 nəfər vətəndaş müraciət edib, onlardan da 331 nəfəri iş axtaran kimi qeydiyyata alınıb.

Hər bir inkişaf mərhələsi üçün əldə edilmiş makroiqtisadi göstəricilər Binəqədi sakinlərinin həyatında qabarıq duyulur, insanların maddi rifah halı, yaşayış səviyyəsi yüksəlir. Bu baxımdan rayon ərazisində əsas magistral yolların, kommunikasiya xətlərinin əsaslı təmiri, əhalinin kommunal problemlərinin həlli sahəsində həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar. Ötən illərdə rayon əhalisinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təminatı, habelə kənd, şəhər, şəhərlərarası magistral yolların tikintisi, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin inşası istiqamətində mühüm nəti­cələr əldə olunub. Biləcəri, Xocəsən, Sulutəpə yaşayış sahələrində, Binəqədi, Rəsulzadə, 28 may qəsəbələrində yeni qaz xətləri çəkilib, əhalinin təbii qazla təminatının yaxşılaşdırılması, rayonun bütün ərazilərinə təbii qazın bərabər miqdarda və təzyiqdə paylanması üçün tədbirlər görülüb.

Binəqədi rayonunda görülən işlər bir sözlə digər icra strukturları üçün də nümunədir desək yanılmarıq.

Cənab prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini məhz bu prinsip əsasında quran Binəqədi Rayon İcra Hakimiyyəti rayonun dinamik inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır.

Ulu öndərin hakimiyyət illəri dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış rayon Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə son 1 ildə böyük uğurlar əldə edib, daha da gözəlləşib, müasirləşib. Bütün bunlar rayonun həyatında başlanmış yeni intibah mərhələsinin başlanğıcıdır.

Anar RÜSTƏMOV

P.S Binəqədi Rayon İcra Hakimiyyətinin 22 iyul - Mətbuat Günü münasibətilə elan etdiyi "Binəqədi rayonu - mətbuatın gözü ilə" adlı reportaj və yazı müsabiqəsinə təqdim olunur 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı