Modern.az

Bağışla bizi, Şəfiqə xanım!

Bağışla bizi, Şəfiqə xanım!

Təhsil

27 İyul 2013, 11:25

Ganire Pashayeva Bağışla bizi, Şəfiqə xanım! “Məni ölməyə qoymayın, yaşamaq istəyirəm... 90 illik yubileyimi görmək istəyirəm...” – 3 gün öncə, 1 saylı Şəhər Kliniki Xəstəxanasının Kardiologiya bölməsinin Reanimasiya şöbəsində, dəyərli dostum və sənətçi Aybəniz xanım Haşımova ilə bilikdə onu ziyarət etdiyimiz zaman söhbət əsnasında azı üç dəfə dilə gətirdi bu istəyini... Biz də zarafatla, “Şəfiqə xanım, ölümü, Əzrayılı sizə yaxın buraxmarıq, narahat olmayın, hələ 90 illik yubileyi qeyd edəcəyik birlikdə” demişdik... Amma... bu söləri deyərkən də, belə bir iradəmizin, necə deyərlər yetkimizin olmadığını bilirdik, təbii... Sadəcə, xoşməram nümayiş etdirmək, ağbirçək sənətçimizi ovqatını bir az da olsa, şad etmək istəmişdik... və sözümüzün üstündə dura bilmədik. Həyat nə qəribədir..! Vəfatından bir neçə saat öncə xəstəxananın Reanimasiya şöbəsində onunla şirin söhbət edirdik.

Heydər Əliyev Mərkəzinin rəhbəri Anar Ələkbərovla birlikdə ziyarətə getmişdik. Ölkəmizin birinci xanımı hörmətli Mehriban Əliyevanın salamlarını çatdırdı Anar qardaşımız və Şəfiqə xanımın xalqımız üçün nə qədər dəyərli olması ilə bağlı Mehriban xanımın sözlərini də söylədi. Həkimlərlə müzakirələr apardıq... Vəziyyətin çox ağır olduğunu hamımız bilirdik, həkimlər əlindən gələni edirdi, əlavə həkimlər də dəvət olunmuşdu... amma əcəl aman vermədi... Elə qəribə hisslər keçirirəm ki... Həyatının son üç günündə hər gün ziyarətinə gedirdim və söhbət edir, dərdləşirdik onunla. Son görüşümüzdən bir neçə saat sonra dəyərli dostum və Şəfiqə xanıma hər zaman öz qayğısını əsirgəməyən Aybəniz Haşımova zəng edib gözyaşları ilə “Şəfirə xanımı itirdik” deyəndə eşitdiyimə inanmaq... qəbul etmək istəmədim. Xəstəxananın Reani¬masiya şöbəsində onun soyuq əllərinə toxunanan qədər... O artıq yox idi... Amma sanki inana bilmirdik. Məsciddə onunla vidalaşanda gerçəyi qəbul etdiyimi anladım... Deyəsən, Aybəniz xanım heç qəbul etmək istəmirdi, bir övlad məhəbbəti, qayğısı ilə onu orda da əzizləyirdi... Bütün günü evində olub, son günündə onu yalnız qoymaq istəmədik. Bu onunla sön görüşümüz, son “söhbətimiz” idi. Cəmi bircə gün sonra yəni bu gün onu əbədi mənzilə yola salacağıq. İnana bilmirəm ki, Şəfiqə xanım artıq aramızda yoxdu..! Bütün günü ona baxdıq, qulaqlarıma onun şən, həyat dolu səsi gəlirdi. “Mən öləndə, qoy bütün günü, “Həyat, sən nə gözəlsən” mahnısı oxunsun” deyirdi... Zarafatları gəlirdi qulaqlarıma... Bir gün, “Şəfiqə xanım, gözəl və istedadlı qadın üçün yaşamaq çətindir, yoxsa, asan” deyə sual etmişdim... Üzümə baxıb, “çətindir, həm də çox çətin” demişdi... Çoxları ona qibtə edirdi. Amma qazandığı uğurlar üçün ödədiyi bədəlləri, ağrılarını, acılarını bilmirdilər.

Çünki o onları özünə yaxın bildiyi insanlardan başqa insanlarla paylaşmağı sevməzdi. Hər zaman həyat dolu, şəh görünməyə çalışardı... 2 gün öncə görüşəndə dəyərli dostumuz Aybəniz xanım “sizin üçün bir mahnınızı oxuyum” dedi. O da “nə gözəl olar” dedi... Aybəniz xanım "Bu ayrılıq nədən oldu?" deyə oxudu. Niyə məhz o mahnını oxudu, bilmirəm. Bu gün yenə də, “Aybəniz xanım, niyə məhz o mahnını?!.” dedim... Yaşlı gözlərlə mənə baxıb, çiyinlərini çəkdi... Duyğulandı, kövrəldi Şəfiqə xanım... gözləri bir nöqtəyə zillədi... kim bilir, nələri xatırladı, Aybəniz xanımın ifasını dinləyərkən, kim bilir?!. Şəfiqə xanımın uzaqlara dikilən baxışları, hüzünlənən gözləri yadımdan çıxmır... Kimi xatırladı, nəyi xatırladı... bilmirəm amma Aybəniz xanımla yanaşı oxumaq istədi. İniltiyə bənzən bir səs gəldi “Bu ayrılıq nədən oldu?“ Arxasını söyləyə bilmədi... sanki boğazında düyünlənib qaldı o müdhiş suallı səs... Mən ki, səndən ayrılmazdım, Bu ayrılıq nədən oldu?.. Başqa bir yeri vardı Şəfiqə xanımın qəlbimizdə, bambaşqa..! Şəfiqə xanımı uzun illər öncə yaxından tanıdıqdan sonra, aramızda ağbirçək – gənc münasibətinin yanısıra... sanki qəribə bir dostluq bağı da qurulmuşdu. Arabir mütləq baş çəkməyə çalışırdım Şəfiqə xanıma... Üç gün öncə ziyarətində olarkən, eynən belə demişdi: “Darıxıram, getməyin, söhbət

edin...” Sonrakı gün Anar Ələkbərovla təkrar ziyarətinə gedəndə, hələ sağollaşıb ayrılmamış, “sabah da gəl” de¬mişdi... Xəstəliyinə, ağrılarına baxmayaraq, hər zamankı kimi şükr və nikbinlik içində idi görkəmli sənətçi. Yeni yazacağı əsərlərdən, iştirak edəcəyi proqramlardan, yubiley gecəsindən... danışırdı və arabir zarafatla “ölmək istəmirəm, məni ölməyə qoymayın” deyirdi yenə... Mən də bayaq vurğuladığım xoşməramlı yalanımızı təkrar dilə gətirməli olmuşdum: “narahat olmayın, qoymarıq” deyə... Sabah xəstəxanaya gedəndə o artıq nəfəs almırdı..! Bizi tərk etmişdi..! Ona verdiyimiz sözü tuta bilməmişdik... 

“Gör neçə illərdi sizi yaxından tanıyıram, görüşürük, maraqlı fikir və xatirələriniz var, artıq sizin haqqınızda gözəl bir yazı yazmağın zamanı gəlib” demişdim ona. Sanki bir uşaq məsumiyyəti və səmimiyyəti ilə “Nə yaxşı! Mənə də gətirərsən, oxuyarsan” demişdi... Mən də “mütləq oxuyacam” demişdim... Amma əcəl imkan vermədi... Əslində o hər zaman bizimlə olacaq, heç zaman unudulmayacaq!.. Sizi sevirik və heç zaman unutmayacağıq, əziz Şəfiqə xanım! Allah rəhmət eləsin! P.S. Bu gün R. Behbudov adına Dövlət Mahnı Teatrında Şəfiqə xanımla vida mərasimi keçiriləcək. Bütün Müsəlman Şərqində ilk operanı yazan, Azərbaycan xalqına 500-ə qədər ölümsüz əsər bəxş edən bu böyük, sevimli qadını, əziz Şəfiqə xanımı özünə layiq yola salmaq hər bir vətəndaşın borcudur. İnanıram ki, çox insanlar gələcək və Şəfiqə xanım son mənzilə də minlərlə insanın sevgisi ilə yola salınacaq. O sevgi insanı idi və hər zaman sevgidən güc alırdı və o ən gözəl sevgilərə layiq bir insandı! Məkanı ucmaq (cənnət!) olsun! 

Qənirə Paşayeva

Millət vəkili

 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır