Modern.az

Ələkrəm Hümbətov ilə Əkrəm Əylislini nə birləşdirir? - MİRŞAHİN YAZIR

Ələkrəm Hümbətov ilə Əkrəm Əylislini nə birləşdirir? - MİRŞAHİN YAZIR

Aktual

30 Sentyabr 2013, 08:47


Prezident seçkisi ərəfəsində dövlət və cəmiyyət daha həssas olur. Elə proseslər var ki, adi vəziyətdə bəlkə də diqqəti o qədər çəkməzdi. Amma məhz seçki dövrünə təsadüf etdiyi üçün daha çox maraq doğurur. Məsələn separatçı fəaliyyətinə görə Azərbaycanda əvvəlcə azadlıqdan, sonra isə ümumiyyətlə vətəndaşlıqdan məhrum edilmiş Ələkrəm Hümbətovun Ermənistana, ordan da işğal altında olan Qarabağa səfəri kimi.

Bilirsiniz, məsələ heç də onda deyil ki, kimsə Azərbaycanla düşmən münasibətdə olan Ermənistana gedib. Ermənistana getmək də olar: məsələn millət vəkili Azay Quliyev kimi, yəni bu ölkəni, erməni xalqını təmsil edən deputatlarının gözünün içinə, Azərbaycanın maraqlarını- özü də parlamentin düz tribunasından bağırmaq olar. 

Ya da bu idmançımız kimi Ermənistanın paytaxtında, ermənilərin gözünün qabağında, erməninin kürəyini yerə vuraraq Azərbaycan bayrağını cəsarətlə qaldırmaq olar…

Amma ortada Ələkrəm Hümbətovun səfəri nümunəsi də var. Separatçı fəaliyyətinə görə həbs edilərək Azərbaycanın ən ağır cəzasına layiq görülmüş, sonra isə bir az dövlətin humanizmi sayəsində, amma daha çox bəzi beynəlxalq təşkilatların şantaj və təhdidi nəticəsində həbsdən azad edilməyə müvəffəq olmuş, sonda prezident İlham Əliyev tərəfindən Azərbaycan vətəndaşlığından məhrum edilərək ölkədən qovulmuş Hümbətovdan danışıram. O Ermənistana məhz Azərbaycan dövlətinin əleyhinə, onun parçalanmasının lehinə hesablanan məqsədlə getmişdi. 

Ələkrəm Hümbətovu burada hörmətlə qarşılayırlar. Onun üçün ayağa da dururlar. O talışların guya Azərbaycanda öz müstəqil dövlətlərini qurmağa çalışdığını iddia edir, Qarabağın öz dövlətini yaratmaq uğrunda aparldığı mübarizəni talışların guya həssaslıqla izlədiyini söyləyir, bu bəyanatına görə alqışlar qazanır və alqışlar qarşısında borclu qalmır. Ermənilərə bağır basıb baş əyir. Azərbaycan talışları onların başını erməni qarşısında belə əyən şəxsə yəqin ki sağ ol deməyəcklər.

Əlbəttə dövlətin vətəndaşlığından məhrum edilən birinin həmin dövlətə qəzəbini, hirsini anlamaq olar. Amma bu hissin bir düşmən nifrətinə çevrilməsi, bir zamanlar Qarabağda ermənilərə qarşı vuruşan və çoxlu erməni öldürən bir şəxsin 180 dərəcə dəyişərək bir neçə il əvvəlki düşmənlərinin əlini sıxması Hümbətovu Sarqsyan və Koçaryanla silahdaşa çevirir. 

…Azərbaycanı tərk edən və mövcud rejimə qarşı sərt müxalifətdə olan bir neçə mühacir tanıyırıq ki, hətta ən barışmaz, ən kəskin bəyanatlarına baxmayaraq onlar Azərbaycanın düşməni olmaq istəməyiblər. Nə Mahir Cavadov, nə Rəsul Quliyev, nə İsa Sadıxov Ermənistana Hümbətov kimi qucaq açıb. Mənə bəlli deyil ki, Ələkrəm Hümbətov İrəvana öz istəyi ilə. yoxsa hansısa xüsusi xidmətlərin sifarişi ilə gedib. 

Amma bir fakt qabarıqdır ki, Ələkrəm Hümbətov Ermənistana düşmənimin düşməni mənim dostumdur məntiqi ilə yollanıb. Ermənilər də ona elə Ələkrəm onlara yanaşan kimi yanaşıblar, onlarla, yüzlərlə ermənini öldürən keçmiş düşmənlərinə dost, qardaş nəvazişi göstəriblər. Erməniləri Ələkrəm Hümbətovla məhz Azərbaycan dövlətinə ümumi düşmənçilik hissi birləşdirib. Əlbəttə, uzunmüddətli atəşkəs rejimi, Qarabağ məsələsinin həll olunmaması müəyyən fəsadlar verib. Bir Əkrəm Ermənistanın gözündən tökülən daş yuxuları yazır, digər Əkrəm isə bu yuxuları çin çıxarır. 
İlk baxışda Azərbaycan üçün sadəcə xoşagəlməz epizodik bir hadisə. Bir keçmiş vətəndaş Ermənistana gedib və antiazərbaycan, separatçı çağırışlarla çıxış edib. Amma əslində məsələ daha mürəkkəbdir. Söhbət regionun ən sabit, dinamik inkişaf dövrü yaşayan dövlətində asayişi pozmağa, etnik zəmində qarşıdurma yaratmaqla, parçalamağa hesablanmış, fəal fazası yəqin ki, bir müddət sonraya nəzərdə tutulan təhlükəli bir beynəlxalq provakasiyanın startından gedir. 

Bu gün yenidən 1993-cü ilin Azərbaycanını başlamaq və bitirmək istəyən qüvvələr xüsusilə fəallaşıb. Bu zəmində “Tı kto takoy davay do sividanie” kimi adicə meyxana misrasının Rusiya boyda ölkədə məşhurlaşmasında da bir sətiraltı məna görürsən, futbol fanatlarının adi idman həyəcanının qəflətən dağıdıcı bir gücə çevrilməsində də şeytan barmağı hiss edirsən, ağla bu sual da gəlir ki, görəsən bu ilin əvvəlində Moskvada Prezident-oteldə talışların müqəddaratı niyə müzakirə olunmuşdu. Və Ələkrəm Hümbətov Ermənistana, Qarabağa niyə getmişdi?

Sonda isə maraqlı bir detal.
BBC-nin Müxbiri Manvelyan Hümbətova yanaşaraq ondan soruşur, Sizə azərbaycanca sual vermək olar? O isə cavabında yox deyir. 

Mir Şahin

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü