Modern.az

Milli Bayraq fəlsəfəsi: türkləşmək, müasirləşmək, islamlaşmaq

Milli Bayraq fəlsəfəsi: türkləşmək, müasirləşmək, islamlaşmaq

9 Noyabr 2013, 12:41

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

I yazı

Azərbaycan Cümhuriyyəti yaranmamışdan (1918, 28 may),  bugünkü üçboyalı Milli Bayraq qaldırılmamışdan (1918, 9 noyabr) öncə, yəni 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində Azərbaycan türklərinin aparıcı simaları (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə və b.) şüurlarında artıq onun cizgilərini bəlirləmişdilər. Belə ki, bütün bunlar baş verənə qədər Azərbaycanın milli ideoloqları bugünkü Azərbaycan Milli Bayrağının əsasını təşkil edən islamlaşmaq, türkləşmək və müasirləşmək ideyalarını əsərlərində və dünyagörüşlərində bu və ya digər şəkildə ifadə etmişdilər.

Əslində ilk baxışda, bu üç ideya xətti ayrı-ayrı mənaları ifadə etmiş kimi görünsələr də, bütövlükdə bir-birlərini bu və ya digər mənada tamamlayırlar. Bu baxımdan Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Top­çu­başov islamçı və türkçü olmaqla yanaşı, həm də yeniləşmək tərəfdarı olmuşlar. Bu isə o deməkdir ki, islamçılıq, türkçülük və müasirlik Azərbaycan türk ziyalıları üçün vəhdət təşkil etmiş, sonralar həmin ideyalar Azərbaycan Milli Bayrağının rəmzləri olmuşdur. Çünki islamçılıq və türkçülükdən çıxış edən milli ideoloqlar bir tərəfdən dini-əxlaqi keyfiyyətləri, milli mənsubiyyəti sinfi mübarizə adı altında inkar edən marksist-leninçi və qərbpərəst ifrat tərəqqiçilərə, digər tərəfdən isə hər cürə yeniləşmənin əleyhinə olan mühafizəkarlara qarşı olmuşlar. Milli ideoloqlar cəmiyyətin həyatında milli, dini-əxlaqi keyfiyyətlərin qorunub saxlanılması və birliyi şərti ilə yeniləşmənin zəruriliyindən bəhs etmiş, müsəlman-türk cəmiyyətini Avropa millətlərinin, ən azı qonşu xalqların səviyyəsinə qaldırmağa çalışmışlar.

Hesab edirik ki, ilk dövrlərdə milli ideoloqların irəli sürdükləri ideyalar ümumi, hətta bəzən qeyri-müəyyən mahiyyət daşısa da, ümumilikdə milli ideyanın, bu mənada Milli Bayraq fəlsəfəsinin müəyyənləşməsi baxımından mühüm əhəmiy­yət kəsb etmişdir. Belə ki, M.Ə.Rəsulzadə sosial-demokrat ideyası adı altında Rusiya türklərinin də azad olmasına, Ə.Ağaoğlu «islam millətçiliyi» adı altında bütün müsəlman xalqlarının ən azı mənəvi-ideoloji birliyinə, Ə.Hüseynzadə islam-türk birliyinin vəhdəti şəklində «osmanlı türkçülüyü»nə, Ə.Topçubaşov isə eyni ideyalarla, ancaq daha çox liberal-demokratik dəyərlərlə bütün Rusiya müsəlmanlarının-türklərinin, o cümlədən müəyyən qədər də Azərbaycan türkləri­nin birliyinə çalışmaqla Azərbaycan Milli Bayrağının yaranmasında mühüm rol oynamışlar.

Milli ideologiyanın formalaşması məsələsinə kompleks şəkil­də yanaşaraq hesab edirik ki, 1900-1910-cu ilərdə Ə.Ağaoğlu («islam millətçiliyi»), Ə.Hüseynzadə («osmanlı türkçü­lüyü»), Ə.Topçubaşov (Rusiya türklərinin milli-mədəni birliyi) və M.Ə.Rəsul­zadə (milli inqilabçılıq) kimi milli ideoloqların siyasi-ideoloji və milli-fəlsəfi fikirlərindəki oxşarlıq­lar və ziddiyyətlər bütövlükdə Milli Bayrağın yaranmasına təkan vermişdir. Ə.Hüseynzadənin təbrincə desək, eyni ideya uğrun­da mübarizə aparan insanlar arasındakı fikir ixtilafları, ziddiyyətlərin olması milli birliyin pozulmasına dəlalət edə bilməz. Əksinə fikir ixtilafları nəticə­sində həqiqət meydana çıxar və millət də əsil həqiqətin arxasınca gedər.

Məsələyə bu prizmadan yanaşsaq görərik ki, 1900-1910-cu illərdə Ə.Ağaoğlu və Ə.Hüseynzadə Azərbaycan türklərinin milli ideyasını bir-birinə təxminən yaxın olan müasir ruhlu islamçılıqda və türkçülükdə, başqa sözlə ümumi və mücərrəd xarakterli türk-islam dünyasının birliyində gördükləri halda, milli inqilabçılar (M.Ə.Rəsulzadə, A.Kazımzadə və b.) və milli liberal-demokratlar (Ə.Topçubaşov) daha çox çar Rusiyası daxilində baş verən inqilabi, liberal-demokratik dəyişikliklərə ümid edərək Rusiya türklərinin, o cümlədən, konkret olaraq şimali Azərbaycan türklərinin bundan müəyyən mənfəətlər əldə etməsinə çalışmışlar.

Bizə elə gəlir ki, çarizmə münasibətdə loyal mövqe tutmalarına baxmayaraq, çar Rusiyasının marksisitlər və liberallarla müqayisədə islamçılar və türkçülərlə amansız davranışının kökünü də məhz bu məsələdə, yəni onların türk-islam birliyinə çalışmalarında axtarmaq lazımdır. Hər halda milli marksistlər və milli liberallar quruluşu dəyişməyə çalışsalar da, ilk dövrlərdə, son nəticə olaraq Rusiyanın bütövlüyü (Sovet Rusiyası, Rusiya Federasiyası və s. kimi) ideyasından çıxış edirdilər. Halbuki, həmin dövrdə türkçülər və islamçılar milli marksistlər və milli ilberallardan fərqli olaraq, Rusiya türklərinin, o cümlədən Azərbaycan türklərinin gələcəyini türk-islam dünyasının birliyində, xüsusilə Osmanlı Türkiyəsində görür, bəzən də Azərbaycanın yalnız mədəni deyil, siyasi baxımıdan da bu türk-müsəlman dövləti ilə birləşməsinə işarə edirdilər.

Bu baxımdan 1900-1910-cu illərdə Azərbaycan milli ideyasının hansı istiqamətdə yarana biləcəyi ilə bağlı iki başlıca baxışın olması danılmazdır:

1. Tərəqqipərvər, yəni mütərəqqi ruhlu islamçılar və türkçülər Azərbaycan türklərinin nicatını və gələcəyini başda Osmanlı Türkiyəsi olmaqla minimum mənəvi-ideoloji xarakterli «İslam birliyi», yaxud da «Türk birliyi»ndə görmüşlər. Bu baxımdan onlar Azərbaycan türklərində milliyyət (türkçülük-türk birliyi) və dini birlik (islamçılıq-islam birliyi) hisslərini oyatmağa çalışmışlar. Onlar hesab etmişlər ki, islam-türk dünyası, xüsusilə Osmanlı dövləti yeniləşərsə, güclənərsə bundan Rusiya türkləri, o cümlədən Azərbaycan türkləri də qazanmış olacaqlar. Başqa sözlə, Azərbaycan türklərinin gələcəkləri Rusiya liberal-demokratlarının, sosial-demokrat­larının proqram­ları ilə deyil, türk-islam dünyasında, xüsusilə Osmanlıda baş verən milli ruhlu hərəkatlarla bağlıdır;

2. Milli liberallar və marksistlər, o cümlədən onlara meyil edən maarfçi-demokratlardan «mollanəsrəddinçilər» isə Azərbaycan türklərinin nicatını və gələcəyini daha çox Rusiya daxilində mövcud olan liberal-demokratik, yaxud da sosial-demokratik cərəyanlarda görmüşlər. Siyasi quruluş, siyasi idarəetmə və başqa məsələlərdə fikir ayrılıqlarını nəzərə almasaq, onlar ümumilikdə hesab etmişlər ki, Azərbaycan türkləri türk-islam dünyasında, o cümlədən Osmanlıda baş qaldıran milli-demokratik hərəkatlarda deyil, Rusiyada baş verən burjua-demokratik, sosializm hərəkatlarında fəal şəkildə iştirak etməklə, gələcəkdə bundan müəyyən pay (mədəni muxtariyyət, milli-məhəlli muxtariyyət və s.) əldə edə bilərlər.

Bu günün prizmasından, o dövrdə milli ideya uğrunda gedən mübarizəyə baxdıq­da, ilk baxışda Azərbaycan xalqının nicatını Osmanlıda gedən milli ruhlu hərə­kat­da görən islamçılarla türkçülərin deyil, Rusiya daxilində baş verən burjua-demo­kratik, yaxud da inqilabi hərəkatlarda axtaran liberal-demokratlarla sosialistlərin haqlı olduğu görünə bilər. Bu iddianı haqlı sayanlar buna ən bariz nümunə kimi «os­man­çı»ların osmanlı ədəbi dili, osmanlı ədəbiyyatı və s. ideyalarına qarşı milli marksist­lərin, o cümlədən onlara meyil edən bəzi «mollanəsrəddin»çilərin Azərbycan türk ədəbi dilini, Azərbaycan türk ədəbiyyatını təbliğ etməsini göstərilər. Ancaq məs­ələ­­yə daha diqqətlə yanaşdıqda görərik ki, əslində 1900-1910-cu illərdə milli özünüdərk, milli azadlıq hərəkatı, bir sözlə milli ideyanın və onun nəticəsi olaraq milli istiqlalın yaranması yolunda hər iki tərəfin həm doğru, həm də yanlış addımları olmuşdu.

Bizə elə gəlir ki, həmin dövrdə milli ideyaya yaxınlığı baxımından birincilərdən türkçülük (Ə.Hüseynzadə və b.), ikincilərdən isə milli liberalizm cərəyanı (Ə.Topçubaşov və b.) Azərbaycan türkçülüyü ideyasına nisbətən daha yaxın olublar. Belə ki, türkçülər və milli liberallar milli özünəməxsusluğa daha çox diqqət yetirərək, Azərbaycan türklərinin bir millət kimi formalaşmasına, milli kimliyini və mədəniyyətini dərk etməsinə çalışdıqları halda, islamçılar və marksist-leninçilər beynəlmiləlçilik adı altında, əksər hallarda bunu islamiyyətin və sinfi mübarizənin içərisində əritməyə cəhd göstərmişlər. Milli Bayraq fəlsəfəsinin, şübhəsiz ilk müəllifi Əli bəy Hüseynzadədir.

M.Ə.Rəsulzadə, Y.Akçuraoğlu, Z.Gökalp, M.B.Məm­məd­zadə və başqaları etiraf edirlər ki, Ə.Hüseynzadə 1906-1907-ci illərdə nəşr olunan «Füyuzat» jurnalında «İslam əqidəli, Türk qanlı və Avropa qiyafəli bir insan olalım» - deməklə, bütün türk xalqlarının ortaq məfkurəsinə çevrilən «türkləşmək, islamlaşmaq və müasirləşmək» ideyasının təməlini qoymuşdur. Ə.Hüseynzadənin bu «üçlü» düsturuna görə, hər müsəlman-türk müasir ruhlu milli və dini birlikdən çıxış etməlidir. Çünki Ə.Hüseynzadənin ideoloji-fəlsəfi baxışlarında milli və dini kimlik bir yerdə götürülürdü. Bunu, Ə.Hüseyn­za­də belə izah edirdi ki, islam istisna olmaqla türklərin əksəriyyəti baş­qa dinlərə ciddi şəkildə meyil və istedad göstərməmiş, gös­tə­rən­­lər isə öz etnik mənşələrini belə unutmuşlar. Ancaq mü­səl­­man türklər həm islam aləminin mühüm bir istinadgahına çevrilmiş, həm də öz tayfa və milliyyətlərini qoruyub-sax­lamı­şlar.

Beləliklə, Ə.Hüseynzadənin türk xalqlarına çatdırmaq istədiyi başlıca fikir ondan ibarət idi ki, birincisi, islamçılıq və türkçülük bir vəhdətdir, ikincisi, bu ideyaların mahiyyəti ilə ziddiyyət təşkil etməyən Qərbin-Avropanın müsbət dəyərlərinin də təbliği vacibdir. Ancaq Qərb mədəniyyətini mənimsəmək heç də müsəlmanların, türklərin avropalaşması, avropalıları təqlid etməsi anlamına gəlməməlidir: «Türkün irtidad edib firəngləşməsi, firənglərin ya mürtədlərin tərəqqisi deməkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyildir!» [109, 35]. Deməli, Ə.Hüseynzadə nəzəri-fəlsəfi şəkilə salmağa çalışdığı «üçlü» düsturunun reallaşmasını Türkiyə, Rusiya, o cümlədən Azərbaycan çərçivəsində məhdudlaşdırmayaraq bütün türk və müsəlman dünyası bütöv­lüyündə görmüşdür.

Hər halda, türkçülərdən Ə.Hüseynzadə «Osmanlı türkçülüyü»nü (yəni ortaq türk ədəbi dilini, türk ədəbiyyatını, Osmanlı Türkiyəsinin timsalında türk birliyini və s.) təbliğ etməsinə baxmayaraq, yeri gələndə Azərbaycan türkcəsini də öymüş, Azərbaycan türklərinin türk dünyasında özünəməxsus yer tutmasını bəyan etmişdir. Milli liberallardan Ə.Topçubaşov isə çar Rusiyasının əsarəti altında olan türklərin, o cümlədən Azərbaycan türklərinin milli-mədəni muxtariyyət, hüquq və azadlıqlar əldə etməsinə səy göstərmişdir. Şübhəsiz, bütün bunlar milli və müstəqil Azərbaycan ideyasına doğru gedən yolda ilk addımlar idi. Məhz 1900-1910-cu illərdə atılan kövrək addımların nəticəsi idi ki, 1910-1920-ci illərdə, sözün həqiqi mənasında, Azərbaycanın milli istiqlalını hədəfləyən Azərbaycan türkçülüyü ideyası - azərbaycançılıq yarandı. M.Ə.Rəsulzadənin təbrincə desək, ictimai ideologiyanın bütün sisteminin öncə dini islamçılıq sistemindən ümumi türkçülüyə-turançılığa, daha sonra türkçülükdən milli türkçülüyə keçidi başlandı.

Əgər Əli bəy Hüseynzadə Milli Bayraq fəlsəfəsinin müəllifidirsə, Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəyli Milli Bayrağı Azərbaycan Cümhuriyyətində gerçəkləşdirən, onu utopiyadan gerçəkliyə çevirən milli ideoloqlarmızdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı