Modern.az

Yeni jurnalist müsabiqəsinə start veriləcək

Yeni jurnalist müsabiqəsinə start veriləcək

13 May 2010, 15:25

Qadın Konsensus Mərkəzi “Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin və cərəyanların fəaliyyətinin monitorinqi, mövcud vəziyyətin araşdırılması və ictimai məlumatlandırmanın təşkili” mövzusunda layihənin icrasına başlayıb. Bu barədə Modern.az-a adı çəkilən təşkilatın rəhbəri, millət vəkili Aynur Quliyeva məlumat verib. O bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi ölkədə qeyri-rəsmi şəkildə fəaliyyət göstərən, müvafiq dövlət qurumlarında qeydiyyatdan keçməyən qeyri-ənənəvi dini sekta və cərəyanların fəaliyyətini öyrənmək, həmçinin, cəmiyyəti bu yöndə məlumatlandırmaqdır: “Azərbaycan din və dini etiqadlar üçün tolerant bir ölkədir və bu dəyərlər sisteminə açıqdır. Müstəqilliyimizin bərpasından sonra dini və vicdan azadlıqları ilə bağlı qanunlar qəbul edilib. Məscid və kilsələrin fəaliyyətinə rəsmən icazə verilib. Konstitusiyanın 18-ci maddəsində bütün dini etiqadların qanun qarşısında bərabər olduğu,  insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd dini baxışların qadağan edildiyi bildirilir. Amma çox təssüf ki, dini sahədəki tolerantlıq Azərbaycan üçün xarakterik olmayan sekta və cərəyanların da bura ayaq açmasına, dini savadı və dünyagörüşü zəif olan insanları, xüsusən də gəncləri, azyaşlıları təsir dairəsinə almaqla bütövlükdə cəmiyyət üçün zərərli meyllərin yayılmasına imkan yaradır.Ölkədə dinə meylin artması artıq insanların inancları ilə deyil, süni şəkildə buraya daşınan, tarixi ənənələri olmayan təriqətlərin təbliği ilə əlaqələndirilir. Bir çox hallarda bu qeyri-ənənəvi təriqətlər gənclərin həyat amalına çevrilir. Bunun  səbəblərindən biri aydındır ki, dini maarifçiliyin, konkretləşdirsək, islami biliklərin aşağı səviyyəsi ilə bağlıdır. İnsanlar həqiqi dini biliklərdən daha çox xurafatla yükləniblər. Missioner təşkilatlar isə bu situasiyadan gen-bol bəhrələnir, bəzi hallarda din pərdəsi altında himayə olunduqları dövlətlərin siyasi-ideoloji  göstərişlərini yerinə yetirməyə cəhd göstərirlər”. A.Quliyeva qeyd edib ki, layihə çərçivəsində sekta və cərəyanların fəaliyyətinin öyrənilməsi ilə yanaşı, cəmiyyətin bu qeyri-ənənəvi təriqətlərə münasibəti də tədqiq ediləcək: “Hazırda mövcud situasiyanın təhlil olunmasına başlamışıq. Rəsmi və qeyri-rəsmi statistikanı öyrənirik. Sonra zərərli dini təsirlərə məruz qalan insanlarla bağlı vəziyyəti monitorinq edəcək, bu yöndə ictimaiyyəti məlumatlandıracağıq. Eyni zamanda, dini mədəniyyətin oturuşması, insanların maarifləndirilməsi də məqsədlərimizə daxildir. Bu məsələdə KİV-in rolunu yüksək qiymətləndiririk. Yaxın günlərdə dini sektaların fəaliyyətini araşdırmaq üçün jurnalistlər arasında müsabiqə elan edəcəyik. Beş ən yaxşı jurnalist araşdırması mükafatlandırılacaq. Düşünürəm ki, bununla ictimaiyyətin də diqqətini bu problemə yönəltmiş olacağıq. Çünki bu, yalnız aidiyyati dövlət qurumlarının işi deyil. Cəmiyyət toparlanmasa, boşluqlar dolmasa profilaktiki tədbirlər öz effektivliyini itirir”. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı