Modern.az

Doğrudanmı Qarabağ həqiqətlərini dünya qəbul etmək istəmir?

 Doğrudanmı Qarabağ həqiqətlərini dünya qəbul etmək istəmir?

Aktual

28 Yanvar 2014, 12:45

“Qarabağdan söz düşəndə beynəlxalq təşkilatlar qulaqlarına pambıq tıxayır,  Onlar hətta “Qarabağ problemi” ifadəsini eşidəndə qəzəblənirlər”.  Bu fikrləri mediaya açıqlamasında  AvroNest Parlament Assableyasının vitse-prezidenti, deputat Elxan Süleymanov səsləndirib. Millət vəkilinin sözlərində həqiqət var. Konfliktin bu qədər dərinləşməsi və həqiqətlərin yetərincə eşidilməməsi bir sıra amillərlə bağlıdır.

 İlk öncə ondan başlayaq ki, dünyada dini qütbləşmə xeyli dərinləşib. Açıq etiraf etmək lazımdır  xristian  tərəfkeşliyi və bəzi hegemon dövlətlərin maraqları  bu münaqişənin uzanmasının  səbəblərindən biridir. Dünyada   baş verən hadisələrə  diqqətlə fikir verəndə hiss olunur ki,   bir çox münaqişələr vahid mərkəzdən peşəkarcasına idarə olunur.

 Böyük dövlətlərin rəhbərləri, siyasi dairələr məgər bilmir ki,  Qarabağ münaqişəsində  təcavüzkar kimdir, təcavüzə məruz qalan kimdir?  Onlar bunu çox  yaxşı dərk edirlər.  Həmin qüvvələrin  hər  birinin   bu münaqişədə öz maraqları var və məqamı gələndə  maksimum dərəcədə bundan yararlanırlar. 

Təbii ki, burada digər səbəblərdə var. Bütün dünya bizimlə düşmən deyil ki, Qarabağ həqiqətini qəbul etməsin. Axı dünya ictimaiyyəti dedikdə yanız  dövlət rəhbərləri, siyasi dairələr,  erməni lobbisinn təsiri altında olan  bəzi qüvvələr nəzərdə tutulmamalıdır. Geniş  ictimaiyyətlə işin təşkilinə önəm verilməlidir.

 Deməli, burada probleminin bir hissəsini təbliğat işində buraxılan səhvlərdə axtarmaq lazımdır. Artıq dünyada ənənəvi təbliğatın dili, metodologiyası   sürətlə dəyişir. Heç şübhəsiz ki, innovativ metodoligiyalar  üzərində düşünmək lazımdır. Bu vaxta qədər aparılan təbliğat işlərinin ciddi təhlilinə ehtiyac var.

Müəyyən  etmək lazımdır ki,  bu səhvlər  nədə buraxılıb.  O da etiraf olunmalıdır Qarabağ münaqişəsi haqqında son illər xeyli sanbalı kitablar hazırlanıb, xarici dillərə tərcümə olunub, sənədli  filmlər çəkilib.  Görülən bu işlər müsbət addımdır. Bütün bunlarla bərabər araşdıranda  keyfiyyətsiz kitablara, qeyri peşəkar təbliğat işinə rast gəlmək mümkündür. Virtual məkanda  Qarabağın təbliğatı barəsində xeyli danışılıb, yazılıb. Buradakı  problemləri təkrar sadalamağa ehtiyac yoxdur.

Ancaq təbliğat üçün  çox önəmli olan və hər zaman öz önəmini saxlayan  kino filmlərlə bağlı bəzi məqamlara toxunmaq istərdim. “Pianoçu” filmi nümayiş olunanda mən hər dəfə bu ekran əsərinə məmuniyyətlə baxıram. Həmin filmdə  peşəkarlıq, kino sənətinə xas olan bütün sənət növlərinin sintezi, bəşərilik, insan ağrıları və digər  incə məqamlar çox ustalıqla əks olunub. Tamaşaçı sanki unudur hansı  xalqın faciəsindən söhbət gedir.

Burada yəhudilərin faciəsi ümumi insanlıq  dərdi kimi təqdim olunur. Bu filmdə dünyəvi kodlar var. Təəssüf ki,   bizim müharibə yönümlü filmlərimizdə bu məqamaları görə bilmirik. Yalnız  Vahid Mustafayevin çəkdiyi “Xoca” filmi istisnalıq təşkil edir.    “Xoca” filmində həmin o beynəlxalq kodlar var və ona görə də geniş ictimaiyyət tərəfindən qəbul olundu.

Hətta mən yaxşı xatırlayıram Vahid Mustafayevin çəkdiyi “Xoca” filmi xaricdə nümayiş olunandan sonra  cavan bir qız göz yaşlarını saxlaya bilməyib nakam sevgilılərin həyat hekayətinə görə ağlayırdı. Deməli, hədəf düzgün müəyyən edilmişdi. Təəssüf  ki, Qarabağla bağlı çəkilən digər filmlərimiz haqqında belə ürəkdən danışmaq olmur. Çünki həmin filmlərin böyük əksəriyyəti daxili auditoriyaya hesablanıb.  Məgər biz bilmirik Qarabağdakı proseslər, torpaqların işğalı necə baş verib?  

Düzdür, müharibədən bəhs edən  bu  filmlərdə  yaxşı, aktyor seçimi,  verilən  rolun öhdəsindən gəlmək bacarığı,  digər tərtibat işləri var.  Ancaq yazılan  ssenarilər zəifdir.  Bəlkə Azərbaycan kinosunun ən  yaralı yeri  zəif  ssenarilərdir.  Həm çəkilən seriallarda,  həmdə digər filmlərdə   baxırsan ki, aktyor  öz rolunun öhdəsindən gəlmək üçün  dəridən qabıqdan çıxır. Ancaq nə edəsən ki, belə zəif ssenarilər ortadadır. Belə filmlərlə beynəlxalq arenaya çıxmaq qəliz məsələdir. Mənə belə gəlir ki, əsas hədəf beynəlxalq ictimaiyyət olmalıdır.

 Bütün bu məqamlara baxmayaraq  biz peşəkar səviyyədə informasiya müharibəsini davam etdirməliyik. Təkrarçılıq olmasın, biz kampaniyaçılıqdan, unutqanlıqdan qurtulmalıyıq.  Xocalı soyqırımı haqqında yalnız fevralın  26-da deyil, Şuşanın işğalı barəsində yalnız mayın 8-də deyil,  hər zaman  danışmalıyıq, dünyanın  başa düşüb qəbul edəcəyi dildə  hər kəsi məlumatlandırmalıyıq. 

Yalnız  müəyyən dövr  üçün deyil,  hər zaman erməni məsələsini araşdıran və ümumilikdə,  ermənişünaslıqla  məşğul olan  beyin mərkəzlərinin formalaşdırılmasına ehtiyac var.  Bu sahədə ixtisaslaşmış  QHT-lərin, tədqiqatla məşğul olan jurnalistlərin tədqiqatları  informasiya müharibəsində  dünyanın Qarabağ həqiqətlərini  daha yaxşı qəbul etməsinə yardımçı ola bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı