Modern.az

Əcnəbilərdən asılı olan Azərbaycan idmanı

Əcnəbilərdən asılı olan Azərbaycan idmanı

Aktual

9 Mart 2014, 01:23

Deyilənə görə, inkişaf etmiş ölkələrdən birində yaşayırıq. Çoxusu kreditdə olan bahalı avtomobillər yollarda şütüyür, gecələr yüksək işıqlandırma effekti sayəsində Bakı inkişaf etmiş Avropa şəhərləri ilə müqayisə olunur. Bir çox sahələrdə tərəqqi hiss olunur. Buna misal olaraq idmanda əldə edilən uğurları göstərmək olar. Belə ki, qadınlardan ibarət “Rabitə” voleybol klubunun serblərdən ibarət heyəti bir illik fasilə ilə, iki dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanır. Güləş üzrə Dağıstan, üzr istəyirəm, Azərbaycan milli komandası Dünya və Avropa birinciliklərində daim yüksək əyyarlı mükafatlara layiq görülür. Avarçəkmə üzrə yığma komandanın xoxol əsilli üzvləri ard-arda finiş xəttini ilk üç sırada keçir...
London olimpiadasında ölkəmiz 10 medal qazanır ki, altısı üçün Bolqarıtsan istisna olmaqla bir neçə keçmiş ittifaq qonşularımıza sağ ol deməliyik. Nə isə, satirik sarkazm bu qədər. Keçək məsələnin əsas məğzinə...

1992-ci ildən müstəqil ölkə kimi, ümumudünya olimpiya hərəkatına üzv olan Azərbaycan bu günədək bir çox beynəlxalq idman yarışlarında nəzərəçarpacaq uğurlar qazanıb. 1992-ci ildə keçirilən Barselona olimpiadasında MDB bayrağı altında çıxış edən cüdoçu Nazim Hüseynovun qızıl medalını da əlavə etsək, indiyədək keçirilən olimpiadalarda ölkəmiz yeddisi qızıl, beşi gümüş və on beşi bürünc olmaqla ümumilikdə 27 medal qazanıb. Bu da, etiraf etməliyik ki, ərazisinə görə ilk yüzlükdə qərarlaşmayan kiçik bir ölkə üçün heç də qeyri-qənaətbəxş nəticə sayılmamalıdır. Lakin, qazanılan medalların nə az, nə çox səkkizinin legionerlərin payına düşməsi heç də müsbət hal kimi qarşılanmır. Nə ölkə daxilində, nə də xaricində...

Son olimpiya oyunlarında qazanılan vəsiqələrin tam yarısı əcnəbilərin payına düşürdü ki, say 26 nəfərlə ifadə olunurdu. Bu legionerlər Efiopiya da daxil olmaqla dünyanın ondan artıq ölkəsinin milliyətini daşıyırdı. Bunun da nəticəsi idi ki, beynəlxalq KİV nümayəndələri, yarış meydanlarında və eləcə də televiziya qarşısında əyləşən tamaşaçılar Azərbaycanın coğrafi mövqeyi, iqtisadi göstəriciləri, mədəni abidələri və turistik bölgələrindən daha çox ideoloji dəyərləri ilə maraqlanmağa başlamışdı. İdmanın əslində, birinci kateqoriyadan olan dəyərləri tanıtmaq baxımından gərəkli olduğunu nəzərə alsaq, dini və irqi mənsubiyyətin maraq baxımından ön plana keçməsi bir qədər təəssüf doğurur.


Əslində, ölkə rəhbərliyinin idmana olan dövlət qayğısının bir çox inkişaf etmiş dünya ölkərindən yüksək səviyyədə olmasını qeyd etməmək haqsızlıq olardı. Ayrı-ayrı bölgələrdə inşa edilən olimpiya kompleksləri, nəticə qazanmış idmançının bir çox sosial və məişət qayğılarından azad edilməsi, dağ-xizək və avarçəkmə kompleksləri, tennis akademiyalarının tikilməsiylə qeyri-ənənəvi idman növlərinin infrastrukturunun genişləndirilməsi istiqamətində atılan addımlar göz qarşısındadır. Lakin, olimpiya komplekslərinin qapılarındakı pas atan qıfılları gördükcə, bütün bu idman obyektlərinin qeyri-ixtisaslı, idmanla yaxından-uzaqdan əlaqəsi olmayan şəxslərin əlində olması bir daha öz təsdiqini tapmış olur. Hansı ki, ömüründə bir dəfə də olsun idman yarışlarını izləməyən, idman və idmanın inkişafında maraqlı olmayan şəxslər olimpiya komplekslərinə rəhbərlik edir. Bunun nəticəsidir ki, illik idman yarışlarının nəticələri yalnız rayon icra hakimiyyətinə təqdim olunan hesabatda yada düşür.

Tikintisinə milyonlar xərclənmiş, ətrafında dolaşan insanların həsrətlə baxdıqları bu komplekslərin "gərgin iş qrafiki" hesabına ənənəvi idman növü olan güləş də daxil olmaqla bir çox idman növlərində legionerlərə ehtiyac duyulur.
İstər Bolqarıstan yığmasının "ezam olunduğu" ağırlıqqaldırma, istər olimpiadada iştirak üçün skandinav ölkələrinə elçi düşdüyümüz su idman növlərində, istərsə də qitəmiqyaslı turnirlərdə nəticə qazanmaq üçün Braziliyaya seleksioner heyəti göndərdiyimiz futzal və digər komanda idman növlərinin timsalında ölkədə hələ də idmanın arzuolunan səviyyədən xeyli uzaq olduğu bütün çılpaqlığı ilə əks etdirilir.

Legioner idmançıların əksəriyyəti təmsil etdikləri ölkəmizin bayrağının dalğalandırılmasına nail olsalar da, bu formallıqdan başqa əhəmiyyət kəsb etmir, idmansevərlərin nəzərində. Bayrağın dalğalanması, himnin səslənməsinə laqeyd yanaşan, Üzeyir Hacıbəyovun ölməz bəstəsinin sədaları altında alacağı məbləği götür-qoy edən legionerin nailiyyəti yalnız kağız üzərində keçərlidir, Azərbaycan idmansevərləri üçün. Bütün bu nailiyyətlər, nominalı 4-5 sıfırla ifadə olunan qonorar almaqla, xəyalına belə gətirmədikləri rifaha nail olan əcnəbilərdən başqa heç kimə maraqlı deyil,əslində...

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü