Modern.az

Türkiyədə seçki - Azərbaycanlılar kimi dəstəkləyir?

Türkiyədə seçki - Azərbaycanlılar kimi dəstəkləyir?

Ölkə

29 Mart 2014, 10:00

Martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. 30-a yaxın partiyanın qatıldığı seçkilərdə əsasən 3 partiya - Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyası (CHP) arasında qızğın rəqabət gedir.

Azərbaycanda da insanlar Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində hansı partiyanın qalib çıxacağına xüsusi önəm verirlər.

Modern.az saytı Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı müxtəlif təbəqələrin nümayəndələrindən münasibət öyrənib.

KAXCP-nin sədri Mirmahmud Mirəlioğlu Modern.az-a açıqlamasında Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində MHP-nin qələbə çalacağına inanır.

“Könül istərdi ki, bu seçkidə AKP qalib olmasın. Onsuz da hazırkı iqtidar partiyası olan AKP uduzacaq. Ona görə ki, bu partiya Türkiyəni çox çıxılmazlıqlara sürüklədi. Hakimiyyətin uzunmüddətli olmasına baxmayaraq, Rəcəb Tayib Ərdoğanın siyasəti Türkiyə üçün yaddaşlarda yaxşı heç nə ilə qalmayacaq. Eyni zamanda, MHP-nin qələbə çalmasını arzulayıram. MHP burda müəyyən nəticələr əldə edəcək.

Həmçinin, MHP qalib gəldiyi təqdirdə Azərbaycana çox müsbət təsiri olacaq. Hətta AKP hakimiyyətdə qalsa da, sarsılacaq. Çünki Ərdoğanın siyasəti Azərbaycanın siyasətindən o qədər də fərqlənmir. Düzdür, öz ölkəsi üçün bəzi şeylər edir, amma iqtidarların hamısı biri-birinə oxşayır. Kimin qalib gəlməsindən asılı olmayaraq türk millətinə uğurlar arzulayıram”.

Telejurnalist, siyasi icmalçı Qulu Məhərrəmli AKP-nin imkanlarının geniş olduğunu düşünür. “Əvvəla, Azərbaycan üçün çox önəmlidir ki, sabitlik olsun, Türkiyənin gücü çox olsun, Türkiyə cəmiyyətində qarşıdurma olmasın. Bütün hallarda, qarşıdurma Türkiyəni zəiflədir. Bələdiyyə seçkilərində 3 partiyadan hansının seçilməsinin bizim üçün daha uyğun olmasına gəlincə, deyə bilərəm ki, istəyimizdən daha çox reallıq var. Reallıqda AKP-nin imkanları daha genişdir. Baxmayaraq ki, MHP və CHP müəyyən qədər səslər ala biləcək. Önəmli olan seçkidən sonrakı situasiyadır. Əgər AKP bələdiyyə seçkilərində qalib gələrsə, indiki Azərbaycan-Türkiyə dostluğu davam etdirilsə, bu normaldır. Çünki bizim bir çox sahələrdə xüsusilə, iqtisadi sahədə güclü əməkdaşlığımız var. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Hesab edirəm ki, bu kursun davam etdirilməsi Azərbaycan və Türkiyə üçün çox önəmlidir”.

Politoloq Qabil Hüseynli isə Ərdoğanın qatarının çoxdan getdiyini deyir. “Zənnimcə, AKP əvvəlki reytinqini çoxdan itirib. Əvvəlki səslərini qazana bilməyəcək. Əgər seçkilərə hiylə qatılmasa, saxtalaşdırma olmasa, normal demokratik şərait olsa, maksimum AKP-nin qazanacağı səs 30% olacaq. Eyni zamanda, seçkiqabağı mühit demokratik deyil. Bildiyiniz kimi, bir müddət öncə, Twitter bağlanmışdı. Dünən də YouTube bağlandı. Mitinqlərin keçirilməsinə müəyyən məhdudiyyətlər var.

Düşünürəm ki, MHP Azərbaycanın arzu və istəklərinə daha uyğun partiyadı. Eyni zamanda, MHP-nin bələdiyyə seçkilərində qalib gəlmək şansları zəifdir. CHP ilə MHP blok təşkil etsələr,  zənnimcə seçkilərdə daha çox səs toplaya bilərlər. Sadəcə, yerli seçkilərdə koalasiya olmur. Bir vilayətdə kimin namizədi şanslıdırsa, tərəflərdən biri o biri ona kömək edir. Buna riayət edilsə məncə, CHP və MHP AKP-ni üstələyə bilər”.

Millət vəkili Asim Mollazadə Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə münasibətini bitərəf mövqe sərgiləməklə kifayətləndi. “Biz Türkiyə dövlətinin inkişafında çox maraqlıyıq. Bələdiyyə seçkilərində hansı partiya qalib gələrsə, Türkiyə dövlətinə xidmət edəcək. Ona görə də hər bir siyasi partiyanın qələbəsi Azərbaycanın qələbəsidir. Türkiyə dövlətinə və Atatürkün cümhuriyyətinə xidmət edən hər bir partiyanın uğuru Azərbaycanın uğurudur. Ona görə də heç bir partiyanı xüsusi vurğulamaq fikrində deyiləm”.

Əməkdar artist Aybəniz Haşımova isə konkret olaraq, Ərdoğanı dəstəklədiyini dedi. “Məncə, bələdiyyə seçkilərində Ərdoğanın partiyası qələbə çalsa yaxşıdır. Çünki AKP-nin qalib gəlməsi təkcə Azərbaycan üçün deyil, həm də Türkiyənin özü üçün də xeyirlidir. Digər partiyalar olan MHP və CHP-dən fərqli olaraq, AKP-nin uğur qazanmaq şansı daha çoxdur. Düzdür, bir neçə gün öncə Türkiyədə Twitter-in, ardınca YouTube-un bağlanması səs-küyə səbəb oldu. Türkiyə hökuməti buna görə çox böyük iradlarla qarşılaşdı. Bunu mən də normal qarşılamıram. Görünür, AKP hökuməti bu addımı atmaqda Türkiyənin əvvəlki nüfuzunu qorumağa çalışır. Birmənalı olaraq, bələdiyyə seçkilərində Ərdoğanı dəstəkləyirəm. İnanıram ki, AKP qələbə çalacaq və Ərdoğan Qarabağ məsələsinin həllinə daha ciddi yanaşacaq”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır