Modern.az

Bakıda icra başçısı və müavinləri qan verdilər - FOTOLAR

Bakıda icra başçısı və müavinləri qan verdilər - FOTOLAR

Təhsil

18 Aprel 2014, 11:52

17 aprel Dünya Hemofiliya Günü ilə əlaqədar dünyanın 116 ölkəsində silsilə tədbirlər keçirilir: “Məqsəd uşaqları keyfiyyətli müalicəyə cəlb etməkdir. Hemofiliya irsi qan xəstəliyidir. Qanın laxtalanma faktorlarının çatışmazlığı nəticəsində, müalicə olunmadığı təqdirdə hemofiliyalı uşaq erkən yaşlarında əlil olur və ölümlə üz-üzə qalır” –deyə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova bildirib.

17 aprel Ümumdünya Hemofiliya Günü ilə bağlı Binəqədi rayonunda da “Qan Ver, Həyat Xilas Et!” şüarı altında kütləvi qanvermə aksiyası keçirilib. Modern.az-ın məlumatına görə, Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının yerli təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada icra başçısı Xaləddin İsgəndərov, icra başçısının müavinləri və Aparatın əməkdaşları, YAP  üzvləri, Gənclər və idman idarəsinin əməkdaşları və sakinlər iştirak ediblər.

“Qan Ver, Həyat Xilas Et!” şüarı altında keçirilən könüllü qanvermə aksiyasında iştirak edənlər bu humanist tədbirin mühüm əhəmiyyət kəsb etdiyini, xüsusilə də hemofiliya və talassemiya xəstəliyi daşıyıcılarının şəfa tapması istiqamətində mühüm insanlıq aksiyası olduğunu vurğulayıblar.

Səhiyyə Nazirliyi Elmi-Praktiki Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova hazırda ölkə üzrə 1500-dən çox hemofiliyalı xəstənin qeydiyyatda olduğunu deyib: “Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb. 2003-cü ildə bu xəstələrin sayı 1006 nəfər idisə, 2013-cü ilin sonuna qədər xəstələrin sayı 50 faiz artıb. Qeydiyyata alınmayan hemofiliyalı xəstə uşaqların sayı 4-5 dəfə çoxdur”.

Gülnarə Hüseynova isə hemofiliyalı xəstələrin respublika üzrə yaş kateqoriyalarını açıqladı: “Elmi Praktik Hemofiliya Mərkəzinin məlumatına görə, Azərbaycanda 1500-ə qədər irsi qan xəstəliyi olan hemofiliyalı vətəndaş var. Respublikada regionlara görə, xəstələrin sayı dəyişir. Məsələn, Şirvan bölgəsində 188 xəstə olduğu halda, Gəncəbasar bölgəsində 221 xəstə yaşayır”.

Assosiasiya rəhbərinin sözlərinə görə son illərdə dövlətin göstərdiyi diqqət və qayğı sayəsində xəstələr keyfiyyətli dərman preparatları ilə təmin olunub. Nəticədə son 5 ildə xəstə uşaqların arasından məktəbi bitirən, ali təhsil alan vətəndaşlar olub. Deməli, əgər dərman preparatları və keyfiyyətli müalicə varsa, bu xəstə uşaqlar və yeniyetmələrin sağlamlığını qoruyub saxlamaq  olar.




















Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü