Modern.az

Human Rights Watch Rauf Mirqədirovla bağlı BƏYANAT yaydı

Human Rights Watch Rauf Mirqədirovla bağlı BƏYANAT yaydı

24 Aprel 2014, 16:48

 

Human Rights Watch təşkilatı “Ayna-Zerkalo” qəzetinin dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilən əməkdaşı Rauf Mirqədirov haqqında bəyanat yayıb. Modern.az xəbər verir ki, bəyanatda  jurnalist Rauf Mirqədirovun Türkiyədən zorla və tələsik çıxarılmasından sonra Azərbaycanda tutulmasından söz açılıb. Bildirilib ki,  bu həbs iki ölkə arasında koordinasiyalı bir şəkildə keçirilir. Təşkilat hesab edir ki, bu qanun pozuntusudur. 

“Mirqədirovun vəkillə təmin olunmasına və zəruri hüquqi müdafiəsinə şərait yaratmadan zorla Azərbaycan agöndərilməsinə görə Türkiyə tərəfi üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərini pozub. Azərbaycan tərəfi Mirqədirovu Bakıda beynəlxalq havalimanında 19 aprel 2014 tarixində həbs edib. Nəsimi Rayon Məhkəməsinin 21 aprel tarixli qərarı ilə Mirqədirov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Məşhur tənqidçi jurnalist və siyasi şərhçi Mirqədirov casusluq ittihamı üzrə günahkar bilinir və günahı sübuta yetirildiyi təqdirdə onu 10 ildən ömürlük həbs cəzası gözləyir.    

“Heç bir zəruri hüquqi müdafiə təmin olunmadan jurnalistin Azərbaycana zorla göndərilməsində Türkiyə və Azərbaycan arasında əməkdaşlıq ehtimalı dərhal və hərtərəfli araşdırılmalıdır. Mirqədirova qarşi sürülən ittihamların müstəqil şəkildə araşdırılma bitənə qədər o, həbsdən azad olunmalıdır”,- deyə Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin müavini Rachel Denber bildirib.  Azərbaycanda nəşr olunan müstəqil Ayna və Zerkalo qəzetlərinin Türkiyə təmsilçisi olaraq 2010-cu ilin avqust ayından Mirqədirov ailəsi ilə birgə Ankarada yaşayıb. Azərbaycanda tənqidçi jurnalist fəaliyyətinə görə təzyiq və hədə-qorxudan ehtiyatlanaraq 2010-cu ildə o, ailəsi ilə Türkiyəyə köçüb. Jurnalist heç bir zaman Türkiyədə sığınacaq üçün müraciət etməyib.  Mirqədirov Azərbaycanda və Türkiyədəki baş verən siyasi hadisələri təhlil edib və insan hüquqları ilə bağlı müxtəlif məqalələrlə mətbuatda çıxış edib. Hər iki ölkədəki pisləşən siyasi durumu və insan hüquqları pozuntularını öz məqalə və şərhlərində tez-tez tənqid edib. Son dövrlərdəki yazılarında o, Azərbaycanda 8 gənc fəalın həbsini və onların işi üzrə davam edən məhkəməni ciddi tənqid edib. Digər bir yazısında o, Türkiyə hökumətinin YouTube şəbəkəsini qapatması qərarını sərt şəkildə tənqid edib. Jurnalist fəaliyyəti ilə yanaşı, Mirqədirov həm də Dağlıq Qarabağ - Azərbaycanın tərkib hissəsi olan və əhalisinin çoxu etnik ermənilərdən olan muxtar bölgə - münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası (second track diplomacy) istiqamətində müxtəlif təşəbbüslərdə iştirak edib. Münaqişə tərəfləri arasında etimad və dialoqun qurulması məqsədi ilə qeyri hökumət təşkilatları tərəfindən təşkil edilən bir sıra tədbirlərin iştirakçısı olub.   Jurnalistin vəkili Fuad Ağayev Human Rights Watch-a bildirib ki, 9 aprel tarixində Mirqədirov və onun jurnalist olan həyat yoldaşı Ankaradakı Mətbuat, Yayım və İnformasiya Baş İdarəsinə dəvət olunub. Orada onlara heç bir əlavə izahat verilmədən bildirilib ki, onların hər ikisinin jurnalist akkreditasiyası artıq ləğv olunub. Lakin, jurnalistin vəkilinin və həmkarlarının bildirdiyinə görə isə akkreditasiyanın müddəti 2014-cü ilin sonuna qədər etibarlı imiş. Mirqədirova və onun həyat yoldaşına Türkiyəni tərk etmək üçün 2 həftə möhlət verilib.  

19 aprel tarixində Mirqədirov öz ailəsi ilə Gürcüstana getmək məqsədi ilə avtobusa mindikdən qısa müddət sonra Türkiyə hüquq-mühafizə orqanları avtobusu durduraraq jurnalisti saxlayıb. Bu jurnalistin əvvəldən nəzarətdə olduğunu göstərir. Jurnalisti oradaca ailəsindən ayıraraq bir neçə saatdan sonra təyyarə ilə Bakıya göndərilib. Mirqədirov Türkiyədə saxlanıldığı zaman vəkil ilə görüşmək üçün təkid etsə də, ona nə özünün seçdiyi vəkili ilə görüşməsinə imkan verilmiş, nə də başqa vəkillə görüşmə imkanı yaradılıb. Türkiyə rəsmiləri deportasiya qərarının səbəblərini jurnalistə izah etməmiş və bu qərardan etiraz etməsi üçün ona heç bir şərait yaratmayıb. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları jurnalisti elə Bakı hava limanında çatanda həbs etmişdir. Jurnalist hal hazırda istintaq təcridxanasında saxlanılır.   “Türk rəsmiləri heç nədən çəkinmədən açıq-açığına Mirqədirovu səbəbsiz yerə tutaraq qanunsuz olaraq Azərbaycana göndərmişdir. Törədilən bu utanmaz hərəkət və pozuntu araşdırılmalı və məsuliyyət daşıyan şəxslərdən bunun hesabı soruşulmalıdır”.  Azərbaycan və Türkiyənin də imzaladığı Avropa İnsan Hüquqları Konvensiyasında qeyd olunur ki, qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, “qanuna müvafiq qəbul edilmiş qərarların icrası istisna olmaqla”, oradan çıxarıla bilməz və onun ölkədən çıxarılmaya qarşı minimal qoruma prosedur imkanları icra edilməlidir (maddə 1, 7 Saylı protokol). Bu imkanlara şəxsin özünün çıxarılmasına qarşı arqumentlər təqdim etmək, öz işinə baxılmasını tələb etmək və bu məqsədlərə görə səlahiyyətli orqan qarşısında və belə orqanların təyin etdiyi şəxs yaxud şəxslər qarşısında təmsil olunmaq hüququ daxildir.  Bu qoruma prosedurlarının başlıca funksiyası şəxsin ölkədən çıxarılacağı təqdirdə insan hüquq və azadlıqlarının pozulması hallarının qarşısının alınmasını təmin etməkdir. Bu, məsələn işgəncə və pis rəftarın, qanunsuz tutulmanın, məhkəmə hüququnun təmin edilməməsinin qadağan edilməsi kimi prosedurlara riayət olunmasını nəzərdə tutur. Eyni ilə, səmərəli hüquqi vasitələrin təmin olunması (maddə 13) onu nəzərdə tutur ki, zorla ölkədən çıxarılmaya məruz qalan hər bir şəxs  çıxarılma baş vermədən əvvəl bu çıxarılma qərarını mübahisələndirsin ki, çıxarıldığı təqdirdə Avropa Konvensiyasının tələblərinə zidd olaraq real işgəncə və pis rəftara məruz qalma riski vardır.   Mirqədirovla bağlı məsələdə zəruri hüquqi proseslərin heç biri təmin olunayıb və beləliklə son nəticədə jurnalistin deportasiya edilməsi Türkiyənin öz öhdəliklərini pozması ilə həyata keçirilib. Deportasiya edilməklə jurnalistin bir sıra hüquqları təhlükə altına qoyulub.  Məsələn, hökumətə qarşı fəaliyyət göstərdiyi səbəbi ilə həbs olunan şəxslərə qarşı işgəncə və pis rəftar, o cümlədən tez tez istifadə olunan zor altında günahın boynuna alınması kimi hallar Azərbaycanda rast gəlinən hüquq pozuntularındadır. Human Rights Watch təşkilatı bildirir ki, Mirqədirovun qanunsuz olaraq saxlanılması və Azərbaycana göndərilməsi ilə Türkiyə şəxsin göndərildiyi ölkədə işgəncə və ya pis rəftara məruz qalma ehtimalı olduğu təqdirdə həmin ölkəyə göndərilməməsi üzrə olan öhdəliyi pozub. Türkiyənin bu riski öncədən qiymətləndirmək öhdəliyi var idi.  

Mirqədirovun vəkilinin Human Rights Watch-a birdirdiyinə görə jurnalistə qarşı irəli sürülən casusluq ittihamı onun 2008-2009-cu illərdə Ermənistana, Gürcüstana və Türkiyəyə etdiyi səfərlər ilə əlaqədardır. Prokurorluq iddia edir ki, bu səfərlər zamanı jurnalist Ermənistanın təhlükəsizlik orqanları ilə əməkdaşlıq edərək onlara Azərbaycanın dövlət sirri hesab olunan hərbi vəziyyət və ictimai-siyasi durumla bağlı məlumat və foto materialları vermişdir.   Vəkil qeyd edib ki, 21 aprel tarixli məhkəmədə prokuror jurnalistə qarşı sürülən ittihamları, həbs qəti imkan tədbiri seçilməsi qərarını əsaslandırmaq üçün heç bir sübut və dəlil təqdim etməmişdir. Hakim vəkilin bu məsələlərlə bağlı verdiyi vəsadətlərin hamısını rədd etmişdir. Mirqədirov qeyd etmişdir ki, ona qarşı olan bu ittihamların hamısı saxtadır və burada məqsəd digər jurnalist və hüquq müdafiəçilərini qorxu altında saxlamaqdır. Jurnalist bildirib ki, Ermənistan və digər ölkələrdə beynəlxalq təşkilatlar tərəfindən təşkil edilən müxtəlif konfranslarda iştirak edib və bu tədbirlərdə Azərbaycanın vətəndaş cəmiyyəti təmsil edərək öz ölkəsinin maraqlarını müdafiə etmişdir. Jurnalist vurğulayıb ki, onun bu tədbirlərdə iştirakı qanunauyğun olub.  Mirqədirovun həbsi Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində rotasiya üzrə sədrlik etməsinə bir neçə həftə qalmış baş verib. Avropanın bu mötəbər insan hüquqları qurumuna 2001-ci ildə qoşulandan sonra Azərbaycan üzərinə götürdüyü çoxlu sayda üzvlük öhdəliklərini yerinə yetirməyib. Təkcə son ildə, Azərbaycan hökuməti bütün mümkün səylərdən istifadə edərək tənqidçiləri susdurmaq məqsədi ilə çoxlu sayda siyasi fəalı, bloqqeri və digərlərini saxta və siyasi motivli ittihamlarla həbsə atıb. Hal hazırda ən azı doqquz jurnalist və 4 Facebook fəalı müxtəlif saxta ittihamlarda günahlandırılaraq dəmir barmaqlıqlar arxasına salınıb.  

“Mirqədirovun həbsinin konteksti və təsadüf etdiyi dövr onu göstərir ki, ona qarşı sürülən ittihamlar siyasi motivlidir. Burada məqsəd onu tənqidçi baxışlarına görə cəzalandırmaq və eləcə də digər müxalif fikirli insanlara xəbərdarlıq mesajı göndərməkdir”,- deyə Denber bildirib. “Avropa Şurası və ona üzv dövlətlər Azərbaycan hökumətinə müraciət edərək jurnalistə qarşı sürülən ittihamların müstəqil şəkildə araşdırılması bitənədək onun həbsdən azad olunmasına çağırmalı və həm də Türkiyə və Azərbaycana insan hüquqları üzrə öhdəliklərinə əməl etmələri üçün təzyiq göstərməlidir”.    

 

Modern.az  

       
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü