Modern.az

Rusiya Azərbaycanı İttifaqa “dəvət” edəndə Qarabağdan istifadə edəcək

Rusiya Azərbaycanı İttifaqa “dəvət” edəndə Qarabağdan istifadə edəcək

Aktual

3 İyun 2014, 20:37

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist


İttifaq mallarının Qarabağın istər “qara”, istərsə də “ağ” bazarlarında satışına heç kim nəzarət edə bilməyəcək
 


Serj Sarkisyan Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü haqqında qərarının qəti olduğunu söyləyərək, onların bu Birliyə qoşulmaq niyyətində olduğunu vurğulayıb. O, “sərhədlər haqqında danışmağın yersiz olduğunu, Qarabağ məsələsinin Gömrük İttifaqı çərçivəsində həll olunmadığı və bizim qanunvericiliyə görə Qarabağ Ermənistanın ərazisi sayılmır” deməsi ilə hər şeyi etiraf edərək, Astana Sammitindəki siyasi gedişinin görünməyən tərəfinin hamıya bəyan olduğunu deyəsən anladı.

Heç şübhəsiz ki, S.Sarkisyanın Gömrük İttifaqına Dağlıq Qarabağla qoşulmaq istəməsi sadəcə olaraq bir cəhd idi. Yəni, tutarsa Qarabağla, tutmazsa Qarabağsız.  Burada təəccüblü nə isə axtarmaq lazım deyil. Birdə ki, ən azı hüquqi müstəvidə əgər Dağlıq Qarabağ Rusiya, Belarus və Qazaxstan dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanınırsa, onlar Qarabağı indiki durumda hansı adla bu İttifaqa üzv seçə bilərdilər?

Amma Ermənistan özü istəsə də, istəməsə də bu Birliyə qoşulmağa məhkumdur. Çünki “o oğrudur, o qorxaqdıq, o kölədir” “tərifi” ermənilərin boynundadır. Azərbaycanın 20 faiz torpağını havadarlarının, xüsusən də Rusiyanın köməkliyi ilə işğal edərək özünü quyuya salan Erməstanın aydındır ki, başqa çıxış yolu yoxdur.

Bundan əlavə, ermənilər yaxşı bilirdilər ki, onların bu Birliyə Dağlıq Qarabağla birgə getmə cəhdinə rəsmi Bakı mütləq münasibət bildirəcək. Onlar ənənəvi xislətlərinə uyğun olaraq öz maraqlarını İttifaq marağından üstün tutub çox güman hesab ediblər ki, rəsmi Bakının bu münasibəti İttifaq təsisçilərində qıcıq doğuracaq, Rusiya, Belarus və Qazaxstan tərəfindən Azərbaycana qarşı hansısa təzyiqlər yaranmasına zəmin yaradacaq. Nəticədə isə bu “oyunda” Azərbaycan pərt və ya məğlub vəziyyətə düşəcək. Amma N.Nazarbayevin Azərbaycan Prezidentinin məktubunu dilə gətirməsi, S.Sarkisyanın arzuladığını göründüyü kimi elə onun öz başına saldı.

Astana Sammitində N.Nazarbayevin “məktub” bəyanatından sonra S.Sarkisyanın üzünün qaralması anında Rusiya Prezidenti V.Putinin soyuqqanlılıqla qarşısındakı jurnalı vərəqləməsi heç də onun S.Sarkisyanın timsalında Ermənistana qarşı biganəlik etməsi kimi hesab olunaraq bizi sevindirməməlidir. Zənnimcə, V.Putin üçün hər şey onun planlaşdırdığı ssenari üzrə getdiyindən, kimin nə deməsindən asılı olmayaraq burada o, jurnal vərəqləri vasitəsi ilə bir növ “fələk” kimi öz saydığını sayırdı.  

Burada gözə çarpan bir məqamı da nəzərə almaq lazımdı ki, Qazaxstan Prezidenti N.Nazarbayevin S.Sarkisyana qıyğacı baxışı heç də onun Azərbaycanın halına yanması kimi qəbul olunmamalıdır. O, çox güman ki Ermənistanın hələ Sovet dövründə Moskvadan “dotasiya” (latıncadan – bəxşiş, əvəzsiz verilən pay, ermənilər üçün isə məzlum payı, dilənçilik) alaraq, başqaslarının hesabına “ortada yeyib qırağda gəzən” olduğunu bildiyindən S.Sarkisyana belə kinli baxışlarla baxırdı. Müasir dövrdə isə bu kimi müftə yeyənlər ümumiyyətlə arzuolunan hesab olunmurlar.

Bütün bunlara baxmayaraq, heç bir şübhə yoxdur ki, Ermənistan özü Qarabağsız Avrasiya İqtisadi Birliyinin üzvü olacaq. Əslində Ermənistanın Qarabağı özünə bağlayaraq bu Birliyə daxil olması hansısa ikili-üçlü standartlarla mümkün olsaydı belə (necə ki onun işğalı 20 ildən artıq mümkündür) bu, Rusiyaya heç də sərf etməzdi. Hələlik isə hər şey Rusiyanın istədiyi kimi, yəni Ermənistan SSRİ qoxulu İttifaqın qapısından həm bizim “S”, həm də elə rusların “C”ı kimi boynunu əyərək daxil olur.

Rusiya Qarabağ kartından Azərbaycanı İttifaqa “dəvət” edəndə və ya qəbul etdirmək istəyəndə istifadə etməsi güman olunandır. Yəni, burada “ya Qarabağ ya ölüm” deyil, ya Qarabağ, ya İttifaq təklifi irəli sürülə bilər. Yeri gəlmişkən, 1News.az-a görə, Rusiyanın Iqtisadi İnkişaf Naziri Aleksey Ulyukayevin “Azərbaycanın İqtisadi baxımdan Avrasiya İttifaqı prosesinə inteqrasiyası hamı üçün “gəlirli” olardı və bunun üçün heç bir maneə yoxdur” deməsini, artıq bu anlamda ilk mesajların gəlməyə başlanması kimi hesab etmək olar. Buna razılıq vermək isə Azərbaycanın suverenliyinin və ya müstəqilliyinin Qarabağa görə ölməsi demək olar. Əslində müstəqilliyimizin ölməsi dolayısı ilə elə bizim ölməmiz deməkdir. Belə olan halda isə Qarabağa görə müstəqilliyimizi öldürüncə özümüzü qurban versək məncə bu daha şərəfli ölüm olar.

Ermənistanın Qarabağlı və ya Qarabağsız İttifaqa üzv olmasına, bir daha gəlincə, məlum məsələdir ki, bu gün Azərbaycan faktiki olaraq onsuzda Qarabağa nəzarət edə bilmir. Qarabağ Rusiyanın hərtərəfli dəstəyi hesabına Ermənistan və işğalçı rejimin nəzarəti altındadır. Birliyə qəbul olunacaq Ermənistan Qarabağla istədiyi vaxt və istədiyi qədər qanunsuz olaraq ticari işlərini görəcəklər. Onlara buna görə heç kim mane ola bilməyəcək. Bu istər İttifaq üzvlərinin istehsal edib dövriyəyə buraxdığı mal olsun, istərsə də lap Mozambikdən (şərqi Afrika ölkəsi) gətirilib Qarabağda satılsın, fərqi olmayacaq. Azərbaycan isə arada-bərədə Rusiyaya, Qazaxstana və digər İttifaqa üzv olunacaq ölkələrə Qarabağda qanunsuz olaraq İttifaq mallarının dövriyyəsindən şikayət etsə də, bu heç bir səmərə verməyəcək. Necə ki, Qarabağın bu gün “narkobağ”a  dönməsinə nəzarət edilə bilinmədiyi kimi, İttifaq mallarının da Qarabağın istər “qara”, istərsə də “ağ” bazarlarında satışına heç kim nəzarət edə bilməyəcək. Daha doğrusu bunu nəzarətə təhkim olunanlar özləri istəməyəcəklər.

Bu arada müxtəlif növ KİV-lərdən yayılan məlumatlara görə, Rusiya rəsmiləri daha geniş bir siyasi və iqtisadi əməkdaşlıq nəzərdə tutan birliyə 40 ölkənin müraciət etmək istədiyini açıqlayıb.

Axar.az saytından axan xəbərə görə, Astanada keçirilən mərasimdə Avrasiya İttifaqı İnstitutunun rəhbəri Zanargül Kusmanqaliyeva Türkiyə, Hindistan, Yeni Zelandiya və Vyetnam da daxil olmaqla, 40 ölkənin inteqrasiya layihəsinə qatılmağa hazır olduqlarını qeyd edib.

Modern.az İran mətbuatına istinadən İranın Rusiyadakı səfiri Mehdi Sanayinin “İran yeni yaradılmış Avrasiya İttifaqı ilə əməkdaşlığa hazırdır və buna xüsusi maraq göstərir” deməsi, ABŞ tərəfindən daim təhdid olunan İranın da bu İttifaqda yer almaq istəyini göstərir. “Rusiya dəmir yolları” Açıq Səhmdar Cəmiyyəti dövlət şirkətinin prezidenti Aleksandr Yukininlə görüşündə “bizim üçün Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əməkdaşlıq xüsusi önəm daşıyır” deyən M.Sanayi Azərbaycan vasitəsilə İran və Rusiyanı birləşdirən dəmir yolu xətti tikintisinin tezliklə başa çatacağını da bildirib.

Baxın, əgər İran həqiqətən də Avrasiya İqtisadi İttifaqına qəbul olsa, o zaman Qarabağ həm Ermənistan, həm də İran tərəfindən de fakto bu ittifaqın üzvü kimi “yaşayacaq”. Özü də Dağlıq Qarabağa, hələ bəlkə elə Ermənistana da aparılan İttifaq malları bizim dəmir yolumuzdan keçəcək. Belə deməyə isə sosial şəbəkələrdə yayılan “İRNA News Agency”nin 13 may 1995-ci ildə İran rəsmilərinin biri tərəfindən “Qarabağ müharibəsi zamanı biz ermənilərə yardım etdik, əks halda Türkçülər Qarabağdan sonra Təbrizi əlimizdən alacaqdılar” deməsi əsas verir.

Bütün bunlar öz yerində olmaqla, S.Sarkisyanın Astana Sammitində Azərbaycana qarşı hazıladığı “diversiya” baş tutmadı. Erməni mətbuatına açıqlamasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü məsələsində üzləşdiyi “çətinliklər”ə münasibət bildirən rusiyalı politoloq və publisist Andrey Piontkovskinin “Moskva Qarabağ məsələsində Ermənistanı sındıracaq” deməsi, bir daha onu sübut edir ki, Ermənistan Kremlin “sütunlarından” asılı vəziyyətdədir və onun müstəqil olması mümkün deyil.

Ermənistanın bu kimi çoxsaylı araqarışdırmasına baxmayaraq, müxtəlif mediadan  məlumdur ki, Rusiya Azərbaycanla həm siyasi-iqtisadi, həm də hərbi əməkdaşlığını yüksək səviyyədə davam etdirir. 2011-12-ci illərdə iki ölkə arasında silah satışına dair imzalanan müqavilələr qüvvədə qalır və reallaşmaqda davam edir. Bu mənada rus hərbi texnikasının sonuncu partiyası - 100 ədəd müasir T-90S tankı da artıq ölkəmizə gətirilib. Yetər ki biz bu tankları üzü Qarabağa tərəf sürək.

Müharibə heç bir dövlət üçün arzuolunan olmasa da, amma erməni politoloq İqor Muradyan Galam.am-a açıqlamasında “Müharibə olacaq və Azərbaycan qalib gələcək” - deyir. Onun sözlərinə görə, “müharibə olacağı təqdirdə ABŞ və NATO Ermənistana kömək etməyəcək və savaşda bizim Rusiyanın timsalında sürüşkən tərəfdaşımız olacaq. Çünki bu münaqişə rus düşüncə tərzinə uyğun deyil” - deyən İ.Muradyan ermənilərin Qarabağ “muradına” çatmasına inanmadığını açıqcasına etiraf edir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü