Modern.az

Azərbaycanın futbol şərhçilərindən iradlara cavab: “Vəziyyət o qədər də ağlamalı deyil”

Azərbaycanın futbol şərhçilərindən iradlara cavab: “Vəziyyət o qədər də ağlamalı deyil”

Aktual

1 İyul 2014, 15:53

Hazırda Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatı bütün dünyada olduğu kimi, Azərbaycanda da çox izlənilir. Oyunları təqdim edən futbol şərhçiləri ilə bağlı tamaşaçılar arasında birmənalı fikir yoxdur. Bəziləri şərhin səviyyəsindən,  yersiz informasiyadan gileylənir. Hətta bir qisim tamaşaçılar şərhçilərin təqdimatını bəyənmədiyindən çempionatı xarici telekanallardan izləyir.

Modern.az saytı bu tənqidlərə futbol oyununun şərhçilərinin münasibətini öyrənib:

“İdman Azərbaycan” telekanalının şərhçisi Tərlan Şahinoğlu: “O vaxtdan elə təəssürat yaranıb ki, Azərbaycanda şərh yoxdur, bizimkilər bacarmır, tamaşaçılar türk, rus kanallarına baxır. Amma 90 dəqiqə ərzində heç olmasa 5 dəqiqə kanalı dəyişmədən diqqətlə baxsalar, görsələr ki, nə var, nə yox, sonra danışsalar daha yaxşı olar. Fikirləşirəm ki, indiki şərh ən azı əvvəlki kimi deyil. Söhbət təkcə məndən getmir. Kifayət qədər futbolu bilən şərhçilərimiz var. Biz ancaq şərhdən şərhə futbola baxmırıq. Yəni şərhçi olmasaydım da, hazırda Dünya Çempionatına baxacaqdım. 1990-cı ildən futbola baxıram. Bu işin içində olmasam da, həmişə futboldan zövq almışam, baxmışam və kifayət qədər də başım çıxır. Eyni sözləri də həmkarlarım haqqında deyə bilərəm.
Əlbəttə, xarici kanallardakı şərhçilərin təqdimatını izləyirəm. Türkiyə şərhçilərində hazırda bir az eniş var. Yəni 1998-ci ildə olanlar (onların sırasından indi Yalçın Çetin qalıb) indi yoxdur. Amma ruslar getdikcə daha da yüksəlişdədir. Bu baxımdan daha çox rusları izləyirəm”.

“İdman Azərbaycan” telekanalının şərhçisi Ramiz Mirzəzadə: “İş olan yerdə həmişə tənqid olur. Biz şərhçilər də çalışırıq ki, əlimizdən gələnin yaxşısını edək. Yəqin, bəyənənlər də, bəyənməyənlər də var. Əlbəttə ki, xarici kanallardakı futbol şərhçilərindən örnək götürürəm. Nəinki mən, hamı üçün öyrənmək heç vaxt gec deyil. Biz, xüsusilə mən hələ yeni başlamışıq. Ona görə də təkcə xaricilərdən yox, öz kanallarımızdan da məndən yaşlı olan şərhçilərdən bir şey öyrənməyə çalışıram”.

İctimai Televiziyanın şərhçisi Tural Dadaşov: “Dünya Çempionatını yerli kanallarda da izləyənlər az deyil. Sosial şəbəkələrdə gedən müzakirələr, aldığımız çoxsaylı mesajlar, tamaşaçı təklifləri və s. bunun göstəricisidir. Xarici kanallardan izləyənlərə gəlincə, bu zövq məsələsidir. Yaşlı nəsil rus şərhçilərə alışıb. Türkləri də bəyənənlər az deyil. Ancaq bu yerli şərhçilərin pis olması anlamına gəlmir. Kifayət qədər öz işinə ciddi yanaşan şərhçi var. Nöqsanlar isə hər yerdə olur. Bizim bəzi tamaşaçıların müqəddəsləşdirdiyi rus şərhçiləri hazırda rus mətbuatı və izləyiciləri tərəfindən öz şərhlərinə görə kəskin tənqid olunur. Eləcə də türk həmkarlarımız da hazırda hədəfdədir. Deyəsən, bu hal bütün ölkələrdə müşahidə olunur. Tənqidin haqlı olub-olmaması isə ən həssas məqamdır. Hərdən elə tənqid olur ki, sadəcə gülümsəməklə keçirsən. Facebook hamıya meydan verib, hamı öz fikrini yazır. Konkret bu dünya çempionatında şəxsən öz ünvanıma ciddi tənqid eşitməmişəm. Təkliflər olub. Bütün fikirlərə hörmətlə yanaşır, nəzərə alırıq. “Kovboy restoranları”ndakı divar yazısı yadıma düşdü: “Please do not shoot the pianist. He is doing his best”. Yəni pianoçuya güllə atmayın, o bacardığının ən yaxşısını edir”.

“İdman Azərbaycan” telekanalının şərhçisi Fərid Ramazanov: “Hər kəsin münasibəti ola bilər, bəyənən də var, bəyənməyən də, nə deyə bilərik ki. Ola bilsin ki, nəyisə düz deyirlər, bəlkə də səhv deyirlər. Mən şəxsən heç nəyi oxumamışam, xəbərim yoxdur. Xarici kanallardakı şərhçiləri izləyib onlardan nümunə götürdüyüm olur”.

“İdman Azərbaycan” telekanalının şərhçisi Rüstəm Əfsərli: “Heç bir şərhçiyə birbaşa münasibət olmayacaq. Yəni heç bir şərhçi olmayacaq ki, ona bütün qulaq asanlar desinlər ki, çox yaxşı şərhçidir, və yaxud çox pis şərhçidir. Zövq məsələsidir. Çünki hərə bir cür şərhi xoşlayır. Biri dinamikanı, digəri daha çox informativliyi xoşlayır. Amma istənilən halda qızıl ortanı tapmaq lazımdır. O qızıl ortanı tapan insanlar da daha çox intellekti yuxarı olan adamlardır. Çünki onlar anlayırlar ki, şərhin yaxşı olması üçün şərhçinin informasiyasından əlavə oyunun özü də müəyyən qədər maraqlı olmalıdır.

Tənqid edənləri salamlayırıq, onları tamamilə anlamaq olar. Çünki onlar Rusiya şərhçilərini izləyiblər. Həmin şərhçilərin arasında kifayət qədər təcrübəli, 20 ilə yaxın şərh edən insanlar var. Türkiyə telekanalları da onun kimi. Azərbaycanda şərhçilik bir az son illərdə, “İdman Azərbaycan”ın yaranmasından sonra olub. Buna qədər demək olar ki, heç vaxt Avropa çempionatları, dünya çempionatları yayımlanmayıb. Bu mənada praktika azlığı var. Düşünürəm ki, ümumiyyətlə, şərhçi gərək formada qalsın və mümkün qədər hər həftə oyun şərh etsin. Məncə, vəziyyət o qədər də ağlamalı deyil, normaldır, getdikcə daha da yaxşı olacaq. Digər tərəfdən özüm də daxil olmaqla izləyiciləri qınayırıq ki, onlar tənqid edirlər, bəyənmirlər. Keyfiyyətli məhsul tələb etmək izləyicilərin haqqıdır. İnciyib, göz yumub üstündən keçməməliyik. Əgər nəyisə bəyənmirlərsə, deməli hansısa həqiqət var. Biz şərhçilər öz üzərimizdə işləməli, inkişaf etməliyik. Bunun üçün də xarici telekanallar müəyyən nümunə ola bilər. Mən nümunə götürmək üçün Türkiyə, Rusiya, hərdən İngiltərə, İtaliya şərhçilərinə qulaq asıram. Daha çox İtaliya şərhçiləri xoşuma gəlir”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü