Modern.az

Müsavat başqanlığına iddialılar özlərini necə təbliğ edəcəklər?

Müsavat başqanlığına iddialılar özlərini necə təbliğ edəcəklər?

Aktual

29 Avqust 2014, 13:14

Müsavat Partiyasının qurultayına bir aydan da az qalıb. Qurultayqabağı diqqət çəkən əsas məsələ isə başqanlığa iddialıların kimlər olmasıdır.  Əslində, namizədlərin əksəriyyəti bəllidir. Artıq iddialılar namizədliklərini irəli sürməyə başlayıblar. Onların arasında Müsavatın Divan üzvləri Tural Abbaslı, iqtisadçı-ekspert Qubad İbadoğlu, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və başqanın keçmiş müşaviri Səxavət Əlisoydur.

Modern.az saytı başqanlığa iddialı olan  namizədlər arasında qurultayqabağı təbliğat işlərinin necə aparacaqları barədə sorğu keçirib.

Namizədliyi artıq təsdiqlənən Tural Abbaslı qurultaya daha ciddi hazırlaşdığından təbliğat işini də yüksək səviyyədə qurduğunu düşünür: “Əvvəla, bizdə parlament, prezident, yaxud bələdiyyə seçkiləri keçirilmir. Əsas təbliğat artıq seçilmiş qurultay nümayəndələri arasında gedir. Qurultaya 600-ə yaxın nümayəndə seçilib. Təbii ki, hər biri ilə ünsiyyətdə olmağa çalışacağıq. Bu, bir az çətin məsələdir. Qurultay nümayəndələrimiz regionları da əhatə edir. Düzdür, istərdik ki, bütün regionlara gedək, müsavatçılarla birbaşa söhbətlər edək, fikirlərimizi bildirək. Bundan başqa, sosial şəbəkələrin verdiyi üstünlüklər də var. Burada bir fərqli nüans var. Biz təbliğatımızı təkcə qurultay nümayəndələri və müsavatçılar arasında yox, həm də cəmiyyətin şahidi olmasını istəyirik. Çünki Müsavat Partiyasında baş verən proseslər cəmiyyətin də marağındadır. Müsavatda  seçki yolu ilə dəyişikliyin olması dolayı yolla cəmiyyətə də təsir edəcək. Nəzərə almaq lazımdır ki, daxili seçkilərlə, qurultay vasitəsilə formalaşan rəhbərlik, gələcəkdə həmin partiyanı seçkilərə aparacaq. Həmin insanları cəmiyyətimizə parlament, bələdiyyə namizədləri kimi təqdim edəcək. 2018-ci ildə prezident seçkilərinə namizəd kimi təqdim edəcək. Odur ki, biz xalqla partiya arasında yaxınlıq, doğmalıq yaratmaq istəyirik.  Təbliğatımı rəqiblərimdən daha güclü aparmaq üçün qurultay üzvü olmayan müsavatçılarla da görüşürük, onların fikirlərini dinləyirik. Fiziki imkanlarımız yol verdiyi dərəcədə bunu edəcəyik.  Seçkinin bir müsbət tərəfi də odur ki, partiya daxilindəki prosesləri analiz edirsən, sanki yenidən nəyisə kəşf edirsən, regionlara çıxırsan, regionların problemlərini üzə çıxarırsan. Qurultay təkcə başqanlıq seçimi ilə fərqlənməməlidir”.

Başqanlığa iddialı Arif Hacılı hələ ki təbliğatla bağlı nəsə demək fikrində deyil: “Başqanlığa namizədliyimi hələ ki irəli sütməmişəm. Ona görə də bu barədə danışmaq istəmirəm”.

Başqanın keçmiş müşaviri Səxavət Əlisoy da Arif Hacılı kimi eyni fikirdədir: “Mən hələ rəsmən başqanlığa namizədliyimi verməmişəm. İnşallah, namizədliyimi rəsmiləşdirdikdən sonra, təbliğatla bağlı suala cavab verə bilərəm”.

Qubad İbadoğlu isə hələ ki susmağa üstünlük verir. Görəsən, niyə?

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü