Modern.az

Müxalifət liderləri, gəlin! Arzularınız çin olsun!

Müxalifət liderləri, gəlin! Arzularınız çin olsun!

Aktual

8 Sentyabr 2014, 21:10

Uşaqlıq arzuları. Çox çətindir onları unutmaq. Amma böyüdükdən sonra başa düşürəm ki, həyata keçirmək də çətindir. Uşaqlıqda saqqızı çox sevirdim. Həsədlə baxırdım küçədə oturub xırda alver edən qadınların semiçkanın yanında satdıqları saqqızlara. Çox baha idi. Amma indi saqqız çoxdur. Özü də cürbəcür, ucuz. Pulum da var. Amma almıram. Beynimdəki arzular daha böyük, daha sonsuzdur.

Balacaydım. Hərdən dayılarım Beşmərtəbə dairəsindən üzü evimizə tərəf gələndə Hüsü Hacıyev küçəsindəki stalinka evin altında yerləşən bir pavilyona girirdilər. Mənim də guya ki, başımı aldadırmış kimi – “Mahir, səninçün də dyuşes limonad alacağıq. Amma, evdə mamaya heç nə demə ya”- deyirdilər.

İçəri girirdik. Ortada hündür yumru stollar, divar boyu isə 1 və 5 qəpiklik “Qazirovannı voda” avtomatlarıına oxşar qurğular vardı. Yadımda deyil, bilmirəm nə qədər atırdılar, amma xırda pul idi. İri bakallara pivə tökülürdü. Dayılarım pivə bakallarını əvvəlcə gətirib yumru, oturacaqları olmayan ayaqüstü stolun üstünə qoyardılar. Sonra isə pivnoyun qapısına çıxar, qapının kandarında evindən gətirdiyi balaca taburetkanın üstündə oturub, qabağına məktəb dəftərlərinin kağızından hazırlanmış içi noxud dolu üçbucaq şəkilli bağlamalar qoyan əmiyə yaxınlaşardılar. Üç-dörd bağlama alıb yenidən içəri qayıdardılar. Stola çatan kimi həmən pivədən bir qurtum içərdilər. Bığları pivənin köpüyünə bulanardı. Hələ bir “oxxayy” da deyərdilər. Sonra dilləriylə bığlarına sığal çəkərdilər. Sağ əllərinin baş və işarə barmaqlarını nəməkdanda cütləşdirərək bir çimdik duz götürüb bakalın dodaq dəyən hissəsinə sürtərdilər. Duzdan bir-iki zərrə pivənin içinə töküləndə dibindən sanki vulkan qopardı. Dayılarımdan biri “bax qardaş, böyrəkdə də nə qədər duz var, pivə bu cür əridir. Xeyirdir” deyərdi. Bakalı götürüb, pivəni başlarına çəkərdilər. Noxudu açıb üstünə duz tökərdilər. Mənim noxudum ayrıca gələrdi. Ləzzət edirdi mənə. Nə olsun ki, hələ balacaydım - pivə içmirdim. Əsas zakuskanın dadını bilmək idi. Pivənin ətri nəinki içəri, küçəyə də yayılırdı.

Bir də görürdün ki, pivnoyun qabağında yük maşını dayanır. Beş-altı rus İvanı əmrə müntəzir kəsdirirdilər maşının arxasını. Əynində xalat, üzü-gözü pudralı, pamadalı, iri döşləri pırtlayaraq, az qala xalatın yuxarı düymələrini qıracaq təsəvvürü bağışlayan biq qadın əlində nakladnoy yaxınlaşandan sonra, maşıının yük hissəsinin qapısı açılırdı. Üç metrəlik qalın taxtalar vağzaldakı platforma kimi

maşınla yeri birləşdirirdi. Sonra fəhlələrdən ikisi maşına qalxıb iri, taxtadan olan pivə çəlləyini böyrü üstə aşırdar, taxta relslərdən aşağı dığırladardılar. O birilər isə aşağıdan əlləriylə əks təkan verib çəlləyin sürətini azaldar, yerə endirərdilər. Sonra da dığırlada-dığırlada içəri aparardılar. Hər yük maşınında iki belə çəllək olardı. Çəlləyi içəridə düzünə qoyan kimi siftəni də fəhlələr içərdi - əmək haqqı əvəzinə.

Mən isə bu mənzərəni müşahidə edərdim. Ona görə yox ki, bunu nəvaxtsa yazıb isti yay günlərində ağzınızın suyunu axıdım. Əsla. Uşaqlıq arzum idi ki, nə vaxtsa böyüyüm, dayılarım kimi bu avtomatlaşdırılmış pivə barına girim, pivənin qurtarmağından qorxaraq üç-dörd bakal birdən doldurum, şagird dəftərinin yazılmış varağına bürmələnmiş noxud alım və pivəylə içim.

Hardan biləydim ki, arzum ürəyimdə qalacaq. Həmin bu yerdə pivnoyu ləğv edib, Şahmat məktəbi açacaqlar.

Artıq 48 yaşım var. Həmin yerdən keçəndə həsrətlə vitrinlərdən içəri baxıram. Balaca uşaqlar stol arxasında oturub şahmat oynayır. Özü də böyük həvəslə. Ordunu irəli aparır, baş işlədir, peşkanı vəzirə çevirir, şahı mat, ya pat edirlər. Üstəlik “Urra!” da qışqırırlar. Ya da ki, heç-heçəyə razılaşıb atəşkəs əldə edirlər. Eyniylə dünya siyasət müstəvisində kimi.

Mən isə şahmat yox, pivə içmək istəyirəm. İyi indi də burnumda qalan, avtomatlaşdırılmış pivə aparatlarından süzülən pivədən. Qapıda uşaqlarını gözləyən, onların məşhur şahmatçı olacağına inanan valideynləri yox, noxud satanları görmək istəyirəm. Amma ki, görmürəm. Bircə bunu görürəm- Şah və Mat – Şahmat.

Deyirlər Şahmat qədim oyundur. Görəsən niyə yaradıblar bu oyunu? İdman növü sayılır. Amma heç bir fiziki güc əldə etmirsən. Amma indi başa düşmüşəm ki, demə şahmat o vaxtın uğursuz, hakimiyyətə can atan, amma heç nə əldə edə bilməyən müxalifət liderləriyçün yaradılıbmış. Gəlsinlər, oynasınlar, qələbə qazansınlar. Gözlərinin qurdunu öldürsünlər. Taxtda olmasa da, heç olmasa taxtada – şahmat taxtasında şah olsunlar.

Artıq 24 ildir ki, Hüsü Hacıyev, indiki Azərbaycan prospektində yerləşən Şahmat məktəbinin qabağından keçəndə köhnə xatirələrim oyanır. Pivə içmək istəyirəm – ovaxtkı pivədən. Amma ki, yoxdur. Bircə şahmat var.

Artıq 24 ildir eşidirəm ki, müxalifət liderləri hakimiyyətə çan atır, prezident olmaq istəyirlər. Amma arzuları ürəyində qalır. Prezident olmaq istəyən müxalifət

liderləri! Gəlin Şahmat məktəbinə. Keçin Şahmat Federasiyasının prezidentinin qılıncının altından. Şahmat öyrənin, şahmat oynayın, özünüz mat olun, şahı mat edin.”Urraa!!!” qışqırın. Məğlubiyyətin acısını dadın, qələbənin sevincini yaşayın. Seçkidən seçkiyə yox, gündə neçə dəfə ürəyiniz istəyirsə. Qapıda da həmfikirləriniz dayanıb sizin bu sevincinizə şərik olsunlar.

Mənim bu zalda pivə içmək arzum çin olmadı, heç olmasa sizin gənclik arzularınız çin olsun. Ürəyinizdə qalmasın. Əlbəttə ki, taxtada – şahmat taxtasında.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü