Modern.az

“Əfv olunan məhkumların 1-2 faizi yenidən cinayət törədir”

“Əfv olunan məhkumların 1-2 faizi yenidən cinayət törədir”

Aktual

5 Yanvar 2015, 13:54


Dünyada, eləcə də Azərbaycanda hər gün insanlar müxtəlif cinayət törətməkdə təqsirkar bilinərək həbs olunurlar. Onların bəzisi cəzasını tam olaraq çəkir, bəzisi əfv olunur, bəzisi  cəzasının müəyyən hissəsini çəkdikdən sonra (müəyyən səbəblər nəzərə alınmaqla) azadlığa buraxılır. Cəmiyyətdə isə belə insanlara qarşı münasibət birmənalı deyil. Əksəriyyət belə insanları ictimai təhlükə hesab edir. Maraqlıdır, ölkəmizdə həbs müddəti başa çatan insanlara nəzarət varmı?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a bildirib ki, heç kim həbsdən azad olunan insanların sonradan cinayət törətməyəcəyinə zəmanət verə bilməz: “Bu gün cəzaçəkmə müəssisələrində yatan məhkumların statistikasına baxsaq, görərik ki, onların içərisində dəfələrlə məhkum olunanlar var. Onlar isə bir neçə qrupda birləşir: Vaxtından əvvəl azad olunanlar, cəzasını tam çəkib azadlığa çıxanlar, əfv olunanlar. Əgər söhbət vaxtından əvvəl və əfv olunanlar qrupundan gedirsə, burada risk azdır. Çünki onların vaxtından əvvəl azad olunması üçün müəyyən araşdırmalar aparılır: hər hansı insanla düşmənçiliyi varmı, ona qarşı qəsd ola bilərmi, kimdənsə intiqam ala bilərmi, özünü cəzaçəkmə müəssisəsində necə aparıb. Bunlar hamısı təbii ki, nəzərə alınır”.

Hüquq müdafiəçisi qeyd edib ki, cəzasını tam şəkildə çəkərək azadlığa çıxan insanların hərəkətlərinə heç kim zəmanət verə bilməz: “Bu qrupda risk daha çoxdur. Bu baxımdan heç kəs ürəklə deyə bilməz ki, cəza çəkən şəxslər sonradan cinayət törətməyəcək. Amma onların üzərində açıq nəzarət aparmaq da düzgün deyil. Konstitutsiyaya görə insanlar azad və sərbəstdirlər və cəzalarını çəkdikdən sonra yenə də azaddırlar.

Lakin müəyyən operativ tapşırıq əməliyyatlarını həyata keçirərkən, həmin insanların özü də bilmədən hansısa əməliyyatlar, onların cəmiyyətdə davranışı, onları əhatə edən dairə, hazırki, işi və ya işsizliyi, həmçinin törədilən cinayətlə bağlı aparıla bilər. Araşdırmalar apararkən müəyyən etmişik ki, əfv olunan insanların 1-2 faizi təkrar cinayət törədir və xarakter etibarı ilə ağır olmur.

Əfv olunan və cəzasını vaxtından əvvəl çəkərək azad olunan şəxslərin cəzasını tam şəkildə çəkərək azadlığa çıxan insanlarla müqayisədə təkrar cinayət törətməsi arasında böyük fərq var”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü