Modern.az

“Növbəti dəfə namizəd olmağım partiya rəhbərliyindən asılıdır” - MÜSAHİBƏ

“Növbəti dəfə namizəd olmağım partiya rəhbərliyindən asılıdır” - MÜSAHİBƏ

27 Yanvar 2015, 12:16

Musa Quliyev: “Seçicilərim şəxsi məsələlərlə də bağlı müraciət edirlər”

Bu il dördüncü çağırışda Milli Məclisə seçilən deputatların səlahiyyəti başa çatacaq. Modern.az saytı ayrı-ayrı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini öyrənir. Eyni zamanda, onlardan 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəkləri soruşulur. Qeyd edək ki, bütün deputatların bu məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq.

Bu dəfə Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev mövzu ilə bağlı Modern.az-a müsahibə verib.

- Ötən 4 ildə seçiciləriniz qarşısındakı fəaliyyətinizi necə xarakterizə edə  bilərsiniz? Seçki platformanızı necə qurmuşdunuz?

- Əvvəla, ötən 4 il yox, 14 ilə nəzər salmaq istəyirəm. 2000-ci ildə YAP-ın proporsional siyahısı ilə deputat seçildim. Ümummilli liderin xeyir-duası ilə bu siyahı tərtib olunmuşdu. O vaxtlar respublikanın bütün bölgələrini partiyanın formalaşdırdığı təbliğat qrupu çəçivəsində gəzirdik. Eyni zamanda, həmin bölgədən YAP-ın majoritar sistem üzrə irəli sürdüyü namizədin təbliğatını aparırdıq. Əyani şəkildə seçicilərimizin deputatın səlahiyyətinin, vəzifəsinin nə olduğu barədə məlumatların az olduğunu görürdüm. Həmişə seçicilər deputatlığa namizədin qarşısına o suallarla çıxırdılar ki, onlar yalnız icra hakimiyyəti orqanlarının səlahiyyətindədir və onlar bunu yerinə yetirməlidir. 2005-ci ildə isə majoritar qaydada ilk dəfə Gəncədə namizədliyimi irəli sürəndə yenə də bu tipli suallar mövcud olsa da, xeyli azalmışdı. Bu sualların bir hissəsi sosial-məişət xarakterli idi. 2010-cu ildə ikinci dəfə namizədliyim partiya tərəfindən irəli sürülərkən artıq deputat qarşısında qoyulan sualların parlamentin funksiyalarına aid olmasına sevinirdim.  Məsələn, 2010-cu ildə seçicilərim hər hansı qanunda dəyişikliyin olmasını qarşımıza tələb kimi qoyurdular. O vaxtlar “Təhsil haqqında” qanun qəbul edilmədiyinə görə “təhsil qanunu qəbul edilsin”,  “Əmək Məcəlləsinə dəyişiklik edilsin!” kimi tələblər irəli sürülürdü. Eyni zamanda, beynəlxalq xarakterli suallarla da qarşılaşırdıq. Qarabağ məsələsinin ATƏT tərəfindən həlli məsələsi, BMT-nin qəbul etdiyi qətnamələrin niyə həll olunmaması məsələsi, Qarabağ döyüşçülərinin, əlillərinin, veteranlarının, şəhid ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı hansı təkliflərimizin olmasını soruşurdular.  Sözümün canı odur ki, təkliflər qanunvericiliyə uyğun idi. Vətəndaşlar ümummilli, sahə xarakterli təkliflərlə çıxış edirdilər. Artıq deyə bilərəm ki, seçicilərimizdə, vətəndaşlarımızda siyasi maariflənmə işi kifayət qədər gedib.    

- Etiraf edək ki, parlament seçkiləri öncəsi deputatlığa namizədlərin çoxu seçicilər  qarşısında vədlər verirdi. “Əgər məni deputat seçsəniz, “yeni yollar çəkəcəm”,  “körpülər tikəcəm”  və sairə. Halbuki, bu gün deputatlarımızın çoxu seçici qarşısında hər hansı vədin verilməsini qəbul etmir. Bununla bağlı nə deyə bilərsiniz?

- Namizədlərin də 2000-2005-ci illərdə deputat olmaqla bağlı bilgiləri az idi. Hər kəs “körpü tikəcəm”, “yol çəkəcəm”,  “evlərinizin damını təmir edəcəm” kimi vədlərlə çıxış edirdi. Əslində, bunların heç birinin deputatın səlahiyyətinə nəinki dəxli yoxdur, qanunla cinayətdir. 2010-cu ildə isə seçicilərimiz də deputatın, icra orqanlarının, yerli bələdiyyə orqanlarının funksiyalarının nədən ibarət olmasını dərk edirdi. İndi hər deputatın yerlərdə qərargahı var. Daimi olaraq köməkçilər orda fəaliyyət göstərir. Hər dairənin özünəməxsus  problemləri var. Həmin problemlər qanunvericilik səviyyəsində həll olunmalıdır. Hər bir deputat həmin funksiyaları öz üzərinizə götürməyi bacarmalıdır. Çünki ona edilən etimad təkcə şəxsiyyətinə deyil,  həm də partiyaya göstərdiyi etimaddan irəli gəlir ki, o da özünü doğrultmalıdır. Bu baxımdan hesab edirəm ki, deputatlığa namizəd kimi həm 2005-ci ildə, həm də 2010-cu ildə öhdəmə götürdüyüm vəzifələrin öhdəsindən gəlmişəm. Parlamentdə təmsil olunduğum üç çağırışda Sosial siyasət komitəsində sədrin müavini kimi fəaliyyət göstərirəm. İlk gündən seçicilərim qarşımda sosial və səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, bu sahədə boşluqların olması ilə bağlı sistemli şəkildə işlədim. Hesab edirəm ki, sosial qanunvericiliyin formalaşmasında, təkmilləşməsində əlavə və dəyişikliklərin edilməsində kifayət qədər rolum var. Hər halda, passivlik göstərməmişəm, həmişə təşəbbüslə çıxış etmişəm. Çox sevinirəm ki, özümün də müəllifi olduğum qanunlar da qəbul olunub. Milli Məclisdə təkliflər irəli sürmüşəm.

Seçicilərdən biri Qarabağ əlilinin ailəsindən idi. Onun həyat yoldaşı Qarabağ əlili kimi Gəncədə ev növbəsinə dayanmışdı. Növbəyə bir ay qalmış həyat yoldaşı vəfat etmişdi, onu növbədən çıxarırdılar. Biz də deputat olaraq Gəncə şəhər İcra hakimiyyətinə müraciət etdik. Bu zaman qanunvericiliyi bizə göstərib dedilər ki, bu, sizin qəbul etdiyiniz qanundur. Qanunda yalnız Qarabağ əlili növbəyə götürülür.

- Həmin Qarabağ əlilinin məsələsini deputat olaraq həll edə bildinizmi?

- Plenar iclas başlayan kimi məsələni Milli Məclisdə qaldırdım. Məclisin sədri Oqtay Əsədov tərəfindən məsələyə dərhal reaksiya verildi. Bir həftə ərzində qanunda dəyişiklik edildi. Qarabağ əlili vəfat edərsə, onun ailəsi mənzil növbəsindən məhrum edilə bilməz. Həmin ailəyə mənzil verildi. Eyni zamanda, sağlamlıqla bağlı vaxtaşırı çıxış edib qanunlara əlavə və dəyişikliklər edirik. Məsələn, dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi məsələsi vardı. Seçicilər dərmanların müxtəlif qiymətə satılması ilə bağlı bizə müraciətlər edərək bu məsələyə baxmamızı xahiş etdi. Təbii ki, araşdırmalardan sonra hökumətlə danışıqlar aparıldı və bu məsələlər öz həllini tapdı. Eyni zamanda, seçicilərin şəxsi məsələlərlə bağlı müraciətləri də olur. Bizim sosial qanunlarımızın çoxu sosial sifariş əsasında qəbul edilib. Cəmiyyətin bu qanuna, bu dəyişikliyə ehtiyacı var. Ona görə də bu dəyişiklik qəbul edilməlidir.

Gəncə şəhərində böyük abadlıq işləri getməkdədir. Gəncə şəhərində görülən işlər cənab prezidentin nəzarəti altındadır. Gəncə Şəhər İcra Hakimiyyəti də çox fəal çalışır. Respublikanın müxtəlif qurumları cənab prezidentin  tapşırığı əsasında Gəncə şəhərinə xüsusi diqqət göstərirlər. Təbii ki,  bu zaman həm şəhərin, həm də seçicilərin problemi həll olunur. Eyni zamanda, bizə edilən müraciətlərə əsasən  müvafiq qurumlara çatdırılmasını həyata keçirmək lazımdır. İstənilən deputat yerli icra orqanları ilə birgə işləyərsə uğur əldə edə bilər. Təkbaşına işləyərsə onun o qədər də uğuru olmayacaq.

- Sirr deyil ki, sizlərə edilən müraciətlər arasında şəxsi məsələlər də var. Seçicilərdən kimsə hər hansı maraqlı məsələ ilə bağlı sizə müraciət edibmi? Halbuki, həmin məsələnin həll olunmasına cavabdehlik daşımırsınız.  

- Olub. Bir vətəndaş bizim komitəyə müraciət etmişdi. Halbuki bizim seçicimiz deyildi. Müraciətin məzmunu belə idi: “Oğlumu evləndirə bilmirəm. Ona görə ki, torpağımı sata bilmirəm. Xızıda torpağım var. Həmin torpağın satılmasında mənə kömək edin, oğlumu evləndirim”. Bilirsiniz, vətəndaş həmişə haqlıdır. Məsələn, sosial problemlərlə məşğul olduğumuza görə televiziyada mənim, yaxud komitənin sədri Hadı Rəcəblinin hər hansı çıxışımızı görür və öz problemi ilə bağlı bizə müraciət edir. Bir seçici bu yaxınlarda yazılı müraciət edib ki, Binəqədidə 5 sot torpağı var. O torpaqda ev tikməyinə köməklik edim və maddi yardım göstərim. Bunların bizə heç bir aidiyyatı yoxdur. Sadəcə, vətəndaş bizə müraciət edib. Onun məktubunu Binəqədi rayon İcra Hakimiyyətinə göndərdik ki, müvafiq qaydada vətəndaşın şikayətinə baxılsın və problemin həllinə köməklik göstərilsin. Əslində, vətəndaşa ev tikmək icra hakimiyyətinin  də vəzifəsi deyil.  Amma vətəndaş kömək istəyirsə, hər hansı şəkildə ona yardım göstərmək olar.

- Bəs yarımçıq qalan məsələlər varmı?

- Elə problemlər var ki onlar layihələr şəklində həll olunur və aradan qalxır. Yenə ötən il barədə danışmaq istəmirəm. Gəncədə fəaliyyətdə  olduğum 10 il ərzində olanlar barədə danışmaq istəyirəm. Məsələn, 2005-ci ildə bizim qarşımıza qoyulan əsas məsələlərdən biri evlərin dam örtüklərinin sıradan çıxması, yağış-qar suları nəticəsində yuxarı mərtəbədə olan insanların narahatlıq keçirməsi ilə bağlı idi. Kanalizasiya sisteminin olmaması və ya dağılması səbəbindən zirzəmilərin su ilə dolması, anti-sanitariya vəziyyətinin yaradılması, mikrob və həşəratların olması kimi söhbətlər vardı. Bu gün isə Gəncədə bu problemlərin heç biri yoxdur. Şəhər icra hakimiyyəti və dövlətin dəstəyi ilə problemlərin hamısı aradan qalxıb. Növbəti 5 ildə isə vətəndaşların problemləri başqa idi. Küçələrin asfaltlanması, elektrik xətlərinin bərkidilməsi kimi problemlər idi. Bu gün belə problemlər də yoxdur. İndi isə yeni dövrün yeni problemləri olacaq. Məsələn, seçicilər deyəcək ki, bizim məhəllədə Wi-Fi yoxdur, internetin tezliyi azdır. 10 il bundan qabaq xəstələrə böyrək, qara ciyər köçürülməsi məsələsi aktual deyildi. Bu gün isə vətəndaşlar bununla bağlı müraciətlər edir. Hətta əvvəllər vətəndaşlar “Bakıdakı müəyyən əməliyyata kömək edin”,  “göz xəstəxanasına yerləşməyimə kömək edin” kimi müraciətlər daxil olurdu. Sonra bunun həlli yolunu tapdıq. Bunun kompleks həlli Gəncədə eyni bir mərkəzin yaradılması idi. Cənab prezident bir neçə il bundan qabaq Gəncədə olanda bizdən hər hansı problemin olub-olmadığını soruşdu. Dedim ki, cənab prezident, imkan olarsa, Bakıdakı klinik mərkəzdən biri Gəncədə olsun. İndi həmin mərkəz Gəncədə fəaliyyət göstərir, prezidentə təşəkkür edirəm. Artıq böyrək də, qara ciyər də köçürmək mümkündür. Demək olar ki, Bakıda aparılan bütün əməliyyatlar Gəncədə də həyat keçirilir. Seçicinin Bakıya gəlməsinə heç bir ehtiyac yoxdur.

- Növbəti parlament seçkilərinə qatılmaq fikriniz varmı?

- Təbii ki, bu qərarı partiya verəcək. YAP-ın Siyasi Şurasının üzvüyəm. Birinci deputatlığımdan başlayaraq indiyə qədər partiyanın tövsiyəsi ilə parlament seçkilərinə qatılmışam və fəaliyyət göstərmişəm. Ona görə də partiyanın namizədləri kimi (deputat seçilən hər bir kəs bu düşüncədə olmalıdır) növbəti qərar da rəhbərlikdən gəlməlidir. Partiyanın sədri, partiyanın İdarə Heyəti məsləhət bilərsə, növbəti seçkilərdə də parlamentdə lazım olduğumu tövsiyə edərsə, o zaman məmnuniyyətlə iştirak edəcəyəm. Əgər partiya haqqımda ayrı fikirdə olarsa, o fikri də hörmətlə qəbul edəcəm. Hansı sahədə fəaliyyət göstərməyim məsləhət olarsa, o sahə üzrə də çalışacam. Biz qarşıya qoyulan istənilən məsələni vicdanla yerinə yetirməyə borcluyuq.  

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü