Modern.az

Mərhum jurnalist Elmar Hüseynovun bacısı: “Atam öləndə Ruşaniyə bizə zəng etmədi”

Mərhum jurnalist Elmar Hüseynovun bacısı: “Atam öləndə Ruşaniyə bizə zəng etmədi”

Təhsil

18 May 2015, 15:40

“Elmarın oğlu Aslandan da xəbərimiz yoxdur”


“Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun bacısı Esmira Hüseynova Modern.az saytına danışıb.

O bildirib ki, atası Sabir Hüseynovun ölümündən sonra qardaşının həyat yoldaşı Ruşaniyə onlara zəng vurmayıb:

“Yəqin heç xəbəri də yoxdur. Elmarın oğlu Aslandan da bir məlumatımız yoxdur. Elmarın qətlinin istintaqında heç bir irəliləyiş  baş vermir. Qardaşım rəhmətə gedəndə atamı bir neçə dəfə istintaqa çağırmışdılar. Demək olar ki, 10 il ərzində nə zəng vurublar, nə maraqlanıblar, nə də ailəyə hansısa istintaq hərəkətləri haqda xəbər veriblər.

Özümüz nəyə cəhd edə bilərik? Tutaq ki, o adamları və ya qətlə sifariş verənləri həbs etdilər, dərilərini gözlərimin qarşısında soydular, bununla Elmar qayıdacaqmı?! Kimisə öldürməklə qardaşım qayıdacaqsa, gedim 10 nəfəri öldürüm. Amma mən bilirəm ki, Elmar qayıtmayacaq.

Adam var, deyir: “Yaxınımı öldürəni tapın öldürün, canım rahat olsun”.  Bu qisas hissini başa düşmürəm. Bilirəm ki, mənası yoxdur. Əgər dəqiq o adamları həbs etsələr belə, mən onların həmin şəxslər olduğuna inanmaram. Tapan idilərsə, qatili 10 il ərzində tapardılar. Ümid edirəm ki, qətlin üstü haçansa açılacaq, amma bunun yaxınlarda olacağına inanmım yoxdur”.

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ildə Bakıda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb. Jurnalistin ölümündən bir il sonra onun həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Elmar Hüseynovun atası Sabir Hüseynov ötən il sentyabrın 8-də vəfat edib. O, mədəsindəki bədxassəli şişdən dünyasını dəyişib. Sabir Hüseynov Bakıdakı Qurd qapısı qəbiristanlığında, Elmarın məzarının yanında dəfn olunub.

Yeganə OQTAYQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı