Modern.az

Bakıda məmur villalları niyə sökülür?

Bakıda məmur villalları niyə sökülür?

Təhsil

19 May 2015, 10:23


Bir neçə gündür ki, mətbuatda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məmur-oliqarxların Səbayel rayonu, Salyan şosesi, 37 ünvanındakı villa və malikanələrinin söküldüyünə dair informasiyalar yer alır. Modern.az saytı məsələnin nə dərəcədə real və qanuni olduğunu araşdırıb.

Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbələri bu barədə məlumatsız olma, yaxud da məlumat vermək istəməmə səbəbindən ünvanladığımız sual cavabsız qaldı. Eyni aqibəti  Səbail Rayon İcra Hakimiyyətilə də yaşadıq. Ayrı-ayrı şöbələr sualdan yayınmaq üçün bizi digər şöbəyə yönəltdilər.
“Ümumi olaraq belə bir hal yoxdur, yoxsa mütləq xəbərimiz olardı” deməklə kifayətləndilər.

Bu zaman ortaya belə bir sual çıxır: Ümumiyyətlə, sahibi istintaqa cəlb olunsa belə, yaşayış yerinin sökülməsi nə dərəcədə qanunidir?

Deputat Fazil Mustafa qanuni məsələdə belə bir addımın atılmasını absurd adlandırıb:

“Azərbaycan hüquqi dövlətdir. Ən azı formal da olsa, mülkiyyət toxunulmazlığına münasibət var. Barəsində məhkəmə qərarı çıxarılan qeyri-qanuni tikililərin sökülməsi reallaşa bilər. Amma kimliyindən asılı olmayaraq, şəxsin evinin səbəb göstərilmədən sökülməsi qanunaziddir və ölkə üçün təhlükəli nəticə ortaya qoya bilər. Bu halda Azərbaycan dünyada mülkiyyət toxunulmazlığının təmin olunmadığı ölkə kimi mənfi imic formalaşdıra bilər. Hesab edirəm ki, bu təhlükəli bir yol olar. Ümumiyyətlə, qanuni məsələdə belə bir addımın atılması absurddur”.

Hüquqşünas Əliməmməd Nuriyev saytımıza açıqlamasında məsələnin hüquqi tərəflərinə aydınlıq gətirib:

“Daşınmaz əmlak, yaşayış, yaxud tikinti sahələrinin sökülməsi o zaman baş verər ki, onlar qeyri-qanuni olsun. Digər halda müəyyən kommunikasiya xətlərinin üstündə tikilən evlərin sökülməsi reallaşa bilər. Üçüncü halda dövlət əhəmiyyətli məsələlərlə bağlı söküntünün həyata keçirilməsi mümkündür. Bu zaman da onun ədalətli kompensasiyası olmalıdır. Sadalanan şərtlər çərçivəsində hansısa tikintinin sökülməsi baş verə bilər, əksi qeyri-qanunidir”.

Hüquqşünas son günlər reallaşan həbsləri ölkədə korrupsiyaya qarşı mübarizənin tərkib hissəsi kimi qiymətləndirib. Sökülməkdə olan villaların məhz həbs dalğasına düşən oliqarxlara məxsus olmasına dair səslənən fikirlərlə bağlı belə deyib:

 “Əgər ayrı-ayrı şəxslər dövlət səhmlərinin məxsus olduğu banklardan külli miqdarda kredit görütüb ödəmirlərsə və götürülən vəsait təyinatı üzrə xərclənmirsə, onların istintaqa cəlb edilməsi labüddür. Həmin sahibkarlara qarşı cinayət təkidi vasitələri həyata keçirilirsə, bunu yalnız alqışlamaq lazımdır”.

Əliməmməd Nuriyev bildirib ki, sözügedən məsələdə bankların üzərinə çox böyük məsuliyyət düşür:

“Burada söhbət milyonlarla resursların qeyri-səmərəli istifadəsindən gedir. Bu məsələlərdə nəticəni gözləmək lazımdır. Nəzərə almaq lazımdır ki, banklar da məsuliyyət daşıyır. Çünki, banklar yalançı təminatlar sisteminə əsaslanaraq o kreditləri verib. Mərkəzi Bank ciddi surətdə məsələyə nəzarət həyata keçirməlidir, kreditlərin təminat sistemini qurmalı, zəmanətlərin reallığını yoxlamalıdır”.

Ekspert istənilən halda oliqarxların günahı sübuta yetirilərsə belə, evlərinin, villalarının sökülməsinin yolverilməz olduğunu vurğulayıb: “Sadaladığımız əsaslar olmazsa, sırf həbs məsələsinə görə yaşayış yerlərinin sökülməsi yolverilməzdir. Nəzərə almaq lazımdır ki, bunlar biri digərinə dəxli olmayan fərqli məsələlərdir”.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü