Modern.az

23 il əvvəl bu gün

23 il əvvəl bu gün

10 İyun 2015, 10:53

Birinci Qarabağ savaşında təkcə dünya ermənilərinə qarşı deyil,  az qala bütün dünyaya qarşı təkbaşına döyüşmək zorunda qalan Azərbaycan Əsgəri son damla qanına qədər vuruşaraq şəhid olmağı bacarmış və bununlada öz əcdadlarının layiqli davamçısı olduğunu  sübut etmişdir.

Mətbu orqanlarda qeyd olunduğu kimi Qarabağ müharibəsində  bir sıra ölkələrdən olan könüllülər qısa müddət ərzində doyuşlərdə iştirak etmişlər. Birgə aparılan döyüş əməliyatları göstərdi ki, Azərbaycan əsgəri  bu gün dünyada döyüşkən kimi taninan heç bir millətin əsgərindən geridə deyil, əksinə  şücaət və cəsurluğu, cəsarət və qorxmazlıgı, Vətənə sevgisi və baglılığl ilə fərqlidir, hətta bir çox cəhətlərinə gorə  başqalarından üstündür.

Bunun üçün xeyli sayda misallar və faktlar göstərmək olar.

UNUDULMUŞ XOCAVƏND

Birinci Qarabağ müharibəsinin ilk günlərindən tamamilə unudulmuş Xocavənd istiqamətində qüvvələr olduqca az idi və  bu az qüvvə ilə böyük bir ərazidə yalnız  müdafiə döyüşləri aparılırdı. 1992- ci ilin may ayında Muğanlı kəndində 2 bölük var idi və həmin bölüklərdən biri müvəqqəti olaraq  849 saylı Beyləqan batalyonun tərkibinə verilmişdi. Digər bölük isə Müdafiə Nazirliyinin 13 fevral 1992 – ci il tarixli  017 saylı əmri ilə yaradılmış Muğanlı özünümüdafiə bölüyü idi, bölük komandiri Müdafiə Nazirinin müvafiq əmri ilə Əbülfət Hüseynov təyin olunmuşdu.

Karate üzrə qara kəmər sahibi, dzyudo üzrə idman ustası  və  sovet ordusunda xüsusi təyinatlı hərbi hissədə qulluq etmiş Əbülfət Hüseynov 1989- cu ildə yaşadığı Ukrayna respublikasının Dnepropetrovsk şəhərindən doğma kəndinə qayıtmışdı.

Gəldiyi gündən isə Muganlı özünümüdafiə dəstəsində fiziki hazırlıq və döyüş təlimlərinə cavabdehlik daşıyırdı. Bölüyün  tərkibində 100 nəfərə yaxın döyüşçü var idi. Bölüyün əsasıni təxminən 20 nəfər xüsusi təlim keçmiş yüksək hazirlıqlı  doyüşçü təşkil edirdi və məhz bu döyüşçülər bütün müharibə dövründə Xocavənd istiqamətdə aparilan  döyüş əməliyyatlarınin önündə olmuşlar.

Bölüyun tərkibində əsasən agdaşlı, salyanlı, agcabədili və ölkəmizin digər bölgələrindən olan könüllülər döyüşürdü.  

Yaradıldığı gündən etibarən Əbülfət Hüseynov tərəfindən keçirilən hərtərəfli təlimlər nəticəsində bu dəstə qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək bacarığına malik idi və heç də təsadüfi deyildi ki, bu dəstəni  “spesnaz”  adlandırırdılar.  

Hər iki bölük, əsasən də Əbülfət Hüseynovun komandir olduğu özünümüdafiə bölüyü çox böyük bir ərazidə müdafiə döyüşləri aparırdı.

Müdafiə xətti Əmirallar kəndi, Muğanlı kəndindən Ağdam –Füzuli magistral yoluna çıxan hissədə qurulmuş abidənin yanından magistral yol boyu- “Toyuq ferması” , “Elçi daşı”  və Çeyildağa kimi olan ərazini əhatə edirdi. Bölük tərəfindən ermənilərin  bütün postlarına qarşı diversiya  xarakterli hücumlar həyata keçirilir və onlara ağır zərbələr vurulurdu.

Həmin dövrdə ermənilərin “Gülmətəpə” adlanan yüksəklikdə  qurmuş olduqları top ətraf əraziləri atəş altında saxlayırdı və 1992- ci ilin may ayında həmin topdan açılan atəş nəticəsində Kuropatkin kənd sakini Quliyev Aqil Qaytaran oğlu, Muğanlı kənd sakini Quliyev Rəhim Tapdıq oğlu, Əmirallar  kənd sakinləri Rüstəmov Nəsib Qərib oğlu, Nəsibov Müseyib Qaraca oğlu və Rəhmanov Yasin Şahmar oğlu  şəhid olmuş, Bəhrəmov Fəxrəddin Kamil oğlu isə ağır yaralanmışdı. Ətrafdakı bütün yaşayış məntəqələrini və döyüş postlarını atəş altında saxlamaqla yanaşı, bu top  eyni zamanda qonşu Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Veysəlli və digər  kəndlərini də mütəmadi olaraq atəşə məruz qoyurdu.

TOPUN MƏHV EDİLMƏSİ VACİB İDİ

Belə bir təhlükənin aradan qaldırılması, bu topun məhv edilməsi olduqca vacib bir məsələ idi.

1992- ci ilin iyun ayında 849 saylı Beyləqan batalyonunun Xocavənd istiqamətində Qaraçuğ dağının sol tərəfində Bəhrəmli deyilən ərazidə yerləşən qərargahına  17 nəfər  könüllü çeçen  döyüşçülər gəlmişdi . Çeçenlərdən ibarət bu dəstəyə özünü Dudayevin yaxın adamı kimi təqdim edən Moqamed adlı bir mayor və köməkçisi Abdulla adli kapitan başçılıq edirdilər. Onların bura gəlmələrində əsas məqsədləri  döyüş təcrübəsi toplamaq və əldə olunacaq silah- sursatı qənimət kimi özlərinə götürməkdən  ibarət idi.

Bizə çatan məlumatlara görə çeçen döyüşçülər öyünərək bildirirdilər ki, bizə bir bələdçi verin, bu istiqaməti ermənilərdən təmizləyəcəyik. Bu yersiz ötkəmliyə cavab olaraq Əbülfət Hüseynov onları Muğanlıya dəvət etdi və bildirdi ki,  sizə lazım olan “bələdçi” veriləcək. Muğanlı kəndində,  özünümüdafiə dəstəsinin qərərgahında keçirilən qısa toplantıdan sonra iyun ayının 9-dan 10-a keçən gecə “Gülmətəpə” yüksəkliyindəki topun məhv edilməsi planlaşdırıldı.  

1992- ci il iyun ayının 9 – da əməliyyatda iştirak edəcək özünümüdafiə dəstəsinin  döyüşçüləri Muğanlı kənd sakinləri Balakişiyev Rövşən (şəhid olub), Hüseynov Müşviq, Namazov Elçin, Abbasov Ədalət (hər üçü Qarabağ müharibəsi əlili, hamısı Muğanlı kənd sakinləri),  Məmmədov Etibar, Xudiyev İlham (hər ikisi Ağdaş rayonundan) və Salyan rayonundan olan İlqardan ibarət qrup, çeçenlərdən də öz növbəsində yeddi nəfərlik qrup müəyyənləşdi.


DÖYÜŞ TAPŞIRIĞI

Əməliyyata yollanmazdan əvvəl çeçen qrupu döyüş öncəsi ənənəvi ayin icra edərək müxtəlif hərəkətlər edirdilər. Bizim qrup da öz növbəsində döyüşə tam hazır şəkildə komandirin son tapşırıqlarını dinləyirdi.

Tapşırıq isə bundan ibarət idi.

“İgidlər! Düşmənin “Gülmətəpə”də yerləşdirdiyi top bizə çox böyük itkilər verdirir. Bildiyiniz kimi tək May ayında bizim Muğanlı, Əmirallar və  Kuropatkin kəndlərindən 5 nəfər şəhid olmuş, xeyli sayda soydaşlarımız yaralanmışdır!  Qonşu Ağdam və  Füzuli rayonlarının yaşayış məntəqələrinə də ciddi ziyan vurulmuşdur! Bu top və onun heyəti məhv edilməlidir!  Şəhidlərimizin qisası alınmalıdır! Eyni zamanda  çeçen döyuşçulərinə  göstərməliyik ki,  onlardan üstünük və bu  torpaqların sahibləriyik, döyüşməyə və torpaqlarımızı qorumağa qadirik! Heç kim burada bizdən üstün ola bilməz və bizdən öndə gedə bilməz!  Əgər bir çeçen yaralansa sizdən iki nəfər yaralanmalıdır! Əgər bir çeçen ölsə sizdən iki nəfər ölməlidır!  Sağ qayıtsanız özüm sizi güllələyəcəm!” 

Bu Əbülfət Hüseynov tərəfindən döyuşçulərimizə verilən tapşırıq idi. Sonda isə komandir həmişəki kimi yüksək səslə söylədiyi “İgid Ölər!” sözlərinə dəstə üzvüləri “Dönməz!” hayqırtıları ilə cavab verdilər. Bu çağırış üç dəfə təkrar olunurdu.

Qeyd etdiyim kimi ermənilərin artileriya qurğusu Gülmətəpə yüksəkliyində yerləşdirilmişdi və bu ərazi ermənistan ordusunun mövqelərindən 3-4 km  arxada yerləşirdi. Bu əraziyə getmək üçün isə ermənilərin “Plotəpə” və “Əppəkli” deyilən yüksəkliklərdəki postlarından keçmək lazım idi.

Beləliklə, iyun ayının 9-da axşam saat 10-11 radələrində 14 nəfərdən ibarət dəstə hərəkətə keçərək bir müddətdən  sonra Ağdam – Füzuli magistral yoluna çatdı. Bura bir növ neytral zona idi və buradan irəli təhlükəli ərazi hesab edilirdi. Heç gözlənilməyən bir halda möhkəm yağış başlamışdı. Güçlü göy gurultusunun ardınca  çaxan şimşək hər tərəfi işıqlandırırdı və döyüşçülər aşağı oturmağa məcbur olurdular. Bu isə öz növbəsində onların hərəkət etməsini  bir qədər çətinləşdirirdi. Lakin əmr icra olunmalı, vaxtında həyata keçirilməli idi.

Artıq bir neçə gün əvvəl Muğanlı özünümüdafiə qüvvələri tərəfindən dağıdılmış ermənilərin “Əppəkli” və ona paralel yerləşən “Plotəpə”-dəki postları arxada qalmışdı. Bir neçə kilometr getdikdən sonra dəstə tək Armud ağacının  yanına çatdı. Rövşənlə Müşfiq digərlərinə burada gözləmələrini tapşıraraq  ətrafı müşahidə  etmək məqsədi ilə  xeyli irəli getdilər. Yuxarıda, meşə massivinə çatmağa bir xeyli məsafə qalmış gözlənilmədən ermənilərin gizli postu ilə qarşılaşan döyüşçülər heç bir tərəddüd etmədən, postu yoxlamaq məqsədi ilə hərəsi bir tərəfdən səngərə daxil olurlar. Lakin ermənilər hansısa səbəbdən postu daha əvvəlcədən tərk etmişdilər və səngər tamamilə boş idi.  Müşfiq digər döyüşçülərin ardınca geriyə dönür, hələlik heç bir təhlükənin olmadığını  və irəli getmək lazım olduğunu bildirir. Bu zaman çeçen döyüşçülərdən biri kifayət qədər uzun məsafə qət etdiklərini və erməni postlarının arxasında əməliyyat keçirilməsinin olduqca riskli olduğunu əsas gətirərək geri qayıtmaq istədiklərini, hətda özünün nişanlı olmasını və bu yaxınlarda toyunun olacağını bildirir. 

Müşfiq isə onların əmrlə gəldiklərini və komandirin əmrini icra etməyə borclu olduqlarını və  kim istəmirsə elə buradan qayıda biləcəyini bildirir. Təbii ki, bələdçi olmadan onlar geri qayıda bilməzdilər və irəli getməkdən başqa əlacları da yox idi.

Meşə massivinə çatanda Rövşən bildirdi ki, bizimlə topun qurulduğu yer arasında çox az bir məsafə , bəlkə də 40-50 metr məsafə qalıbdı. Yenə də əvvəlki qaydada digər döyüşçülər ağac və sıx kollarla  əhatə olunmuş ərazidə dayandılar. Rövşənlə Müşfiq isə  bir qədər də irəliləyir. Yağışın bir az səngiməsinə baxmayaraq, yenə də güclü şimşəklər çaxır və ətrafı işıqlandırırdı. Növbəti şimşəyin işığında onlar ağaclara bağlanmış  və külək vurduqca havada yellənən iri kəndirləri görə bilirlər. Həmin istiqamətdə hərəkət edərkən axtarılan və əsil hədəf olan topun lüləsi ilə üzbəüz qalırlar. İndi məlum olur ki, nə üçün bizim topçular tərəfindən  bu topu məhv etmək mümkün olmayib. Dağın demək olar ki, zirvəsində qazılmış çuxurda yerləşdirilən top çox hiyləgərcəsinə gizlədilmişdi . Belə ki, dağın zirvəsindən açılmış xüsusi yarıqlar vasitəsi ilə düşmən istədiyi yaşayış məntəqəsini hədəfə ala bilirdi . Bunun üçün sadəcə topun lüləsini həmin yarıqlara istiqamətləndirmək kifayət edirdi. Artıq hədəf müəyyən edilmişdi və bircə qalırdı məqsədi həyata keçirmək. Rovşən Müşfiqə döyuşçüləri çağirmaği tapşirir. Müşfiq bir az sonra baş verəcək “atəşfəşanlığı” düşünərək sevincindən topun lüləsindən öpur, qaçaraq döyuşçülərə yaxinlaşmaqlarını tapşırır və tez Rövşənin yanina qayıdır.  Bir azdan bizim beş döyüşçü də gələrək topun ətrafında öz mövqelərini tuturlar.

Çeçenlərdən isə hələ də bir soraq yox idi. Müşfiq yenidən onların ardınca geriyə dönmək məcburiyətində qalır. Onlar isə müxtəlif bəhanələr gətirərək geriyə qayıtmaq istədiklərini bildirdilər. Bir xeyli söhbətdən sonra onlar öz aralarında nə isə danışıraq irəli getməyə razılaşılar. Topun və  erməni qüvvələrinin olduğu çadır aypara şəkilli mühasirəyə alındı. Döyüşçülər yağış yağmamışdan əvvəl ermənilərin üzərində oturduqları plaş palatkaların üzərində uzanaraq sakit bir şəkildə müşahidə aparırdılar. Ətrafı kəskin araq və sarımsaq qoxusu bürümüşdü. Çox güman ki, az öncə  həmin yerdə ermənilər yemək yemişdilər. İndi isə onlar bir çadıra cəmləşmişdilər və nə barədə isə danışıb gülürdülər. Sayları isə təxminən 12- 15 nəfər olardı. Lakin səbr etmək, digər yerlərdə düşmənin canlı qüvvəsinin və ya zirehli texnikasının olub olmaması haqqında ətraflı müşahidə aparmaq və buna əmin olduqdan sonra hərəkətə keçmək lazım idi. Bu vaxta qədər isə çadırda olan ermənilərdən biri bayıra çıxaraq kefi kök halda bizim postlara tərəf PK pulemyotdan bir neçə atəş açaraq təzədən içəri qayıtmışdı.

Rövşənlə Müşfiq öz aralarında belə qərara gəlmişdilər ki, düşmənin canlı qüvvəsini məhv etdikdən sonra topun istiqamətini ermənilərin mövqelərinə tərəf yönəldərək bütün mərmiləri atdıqdan sonra topun özünü partlatsınlar. Hətta hazır mərmilərin yerini də  müəyən etmişdilər. Çadırdakı ermənilər isə bir qadının nə isə danışmasına gülür, şənlənirdilər.

ERMƏNİ YARAQLILARI BELƏ MƏHV EDİLDİ

Bir xeyli sonra növbəti erməni çölə çıxıraq “molla al gəldi” deyərək yenə havaya bir neçə güllə atır və bu zaman Çeçen döyüşçülərdən biri əlindəki tapançadan ona atəş açır və güllədən yayınan erməni çığıra- çığıra üzü yenişə keçmiş Martuniyə tərəf qaçmağa başlayır. Artıq gözləmək olmazdı hazır şəkilə gətirilmiş  tank əleyhinə qumbaraların bir-birinin ardınca  çadıra, eyni zamanda  topun üzərinə atılması ermənilər üçün nəzərdə tutulmuş əsil cəhənnəmi yaratmışdı. Göydən yerə dəmir və ət qırıntıları yağırdı. Havada uçuşan dəmir parçalarından birinin üzərinə düşməsi nəticəsində  Elçin Namazov yaralanır. Rövşən tez bir vaxt ərzində silahların yığılmasını və təcili olaraq ərazini tərk etməyi tapşırır. Bütün döyüçülərin ayaq üstə olduğu bir anda çeçen döyüşçülərdən biri heç bir zərurət olmadan əlindəki qumbaranı tullayır və bunun partlaması nəticəsində bir çeçen və 3 nəfər  də  bizim döyüşçülərdən Balakişiyev Rövşən,  Abbasov Ədalət və Məmmədov Etibar yaralanır.  

Artıq keçmiş Martuni istiqamətindən ermənilərin köməyə tələsən texnikalarının səsi  eşidilirdi.  Deməli mümkün qədər tez bir vaxtda ərazini tərk etmək lazım idi.   Nə qədər təhlükəli olsa da döyüşçülər gəldikləri yolla geriyə doğru hərəkət etməyi qərara aldılar. Çünki, 14 nəfərlik bir qrupda 5 nəfərin yaralı olması  işləri xeyli çətinləşdirirdi.

Erməni tərəfi hələ də nə baş verdiyini anlaya bilmir, böyük təşviş içində bütün postlardan hara gəldi atəş açırdılar. Düşmən BMP- si bizim döyüşçülərin düşmən topunun yerləşdiyi yüksəkliyin aşağısındakı Qarakənd meşəsində gizləndiyini güman edərək dayanmadan oranı atəşə tutmaqda davam edirdi. Döyüşçülər isə bir neçə saat əvvəl olduqları yerə- tək Armud ağacına qədər gələ bilmişdilər. Lakin ən təhlükəli zona da elə  burdan sonra başlayırdı. Belə ki, ermənilər “Əppəkli” və “Plotəpə” yüksəkliklərindəki postlarından bütün keçidləri dayanmadan çarpaz atəş altında saxlayırdılar . Eyni vaxtda əvvəlcədən Plotəpə və Əppəkli istiqamətində göndərilmiş əlavə qüvvələr də ermənilərlə döyüşə girərək onların diqqətini yayındırmağa çalışırdılar.

Lakin yenədə bu güllə yağışı altında hərəkət etmək faktiki olaraq mümkün deyildi. Amma ən çətin vəziyyətdə, döyüşün ən kritik anında belə heç gözləmədiyin halda  xilas olmaq  üçün bir çıxış yolu olur. 

Sürünə- sürünə irəliyə gedən Müşfiq Hüseynov bir müddət sonra geri qayıdaraq bildirdi ki, iki dağın dibi ilə yağış sularının yuyub açdığı dərin lakin olduqca ensiz bir zolaq şəkilində uzanan yarğan var və ermənilərin atdıqları güllələr uçma  traektoriyasına görə bu yarğanı tutmur. Bəzi yerlərdə yarğanı basmış sıx böyürtkən kollarının arasından  isə süngü  bıçaqla yol açdığını deyərək buradan çıxmağın yalnız bu ərazidən mümkün olduğunu bildirdi.

ÇEÇEN KOMANDİRİN ETİRAFI

Bu həmin an mümkün olan ən döğru qərar və sonuncu variant idi.

Beləliklə, döyüşçülər iki-iki qeyd olunan yarğan boyu sürünə- sürünə  hərəkət edərək erməni postlarından uzaqlaşmağa nail ola bildilər. Artıq rahat nəfəs almaq olardı. Bir xeyli irəlidə isə özünümüdafiə dəstəsinə məxsus təcili yardım maşını, yaralıları qəbul etmək üçün hazır şəkildə gözləyirdi. Tezliklə bütün yaralılar UAZ markalı bu maşınla xəstəxanaya çatdırıacaqdı.

Budur, əməliyyatı heç bir itki vermədən uğurla yerinə yetirmiş döyüşçülər özünümüdafiə dəstəsinin qərərgahındadır və qrup rəhbərləri əmrin icra olunması  barədə komandirə məruzə edirlər. Döyüş zamanı qazanılmış  hər hansı bir uğuru  öz yoldaşları ilə paylaşmağın ləzzəti, zövqü tamam başqa bir aləm, komandirin razılılğnı  eşitmək isə  unudulmayacaq anlardır.

Əməliyyatda iştirak etmiş çeçenlərin komandiri də bizim döyüşçülərə təşəkkür  edir və hər kəlmə başı  Əbülfət Hüseynova bu sözləri təkrarlayırdı “səninkilər yaxşıların yaxşısıdırlar. Onlar bütün kişilərdən üstündürlər. Sizə heç kim lazım deyil,  düşmənlərlə özünüz artıqlaması ilə bacaracaqsınız”.

Onlar həmin gün Muğanlı kəndini tərk etdilər və biz onlarla bir daha görüşmədik.

Həmin əməliyyatdan az sonra çeçenler  849 saylı batalyona məxsus 1 ədəd QAZ-66 markalı avtomaşını, 20 ədəddən artıq avtomat, 1 ədəd PK pulemyot və 2 ədəd qrantamyotu götürərək Bakı istiqamətində gedirlər.

Maşın Bakı ətrafında yararsız vəziyyətdə tapılır, özləri isə götürdükləri silahlarla bərabər “yoxa” çıxmışdılar.

 Azərbaycan Əsgərinə esq olsun!    

 Allah bütün Şəhidlərimizə rəhmət eləsin!


Ayxan Sadiq

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü