Modern.az

Qərbmeylli siyasət yürüdən eks-prezidentdən şok AÇIQLAMA: “Qərb bizi satdı”

Qərbmeylli siyasət yürüdən eks-prezidentdən şok AÇIQLAMA: “Qərb bizi satdı”

18 İyun 2015, 22:33

 “Aramızda fikir ayrılıqları mövcuddur, lakin  bu, ukraynalılar arasında konfliktə səbəb olmur. Mən Ukraynada vətəndaş müharibəsinin getməsi ilə bağlı irəli sürülən iddialarla razılaşmıram”.

Modern.az saytının məlumatına görə bunu İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko deyib.  

O bildirib ki, Ukraynanın hərbi və mülki şəxsləri Rusiya işğalçılarına qarşı mübarizə aparır. Viktor Yuşşenkonun sözlərinə görə Ukraynada Rusiya prezidenti Vladimir Putini dəstəkləyənlər də var.  

Bununla belə o, Ukrayna əhalisinin yeganə xilas yolunu Avropada gördüyünü də vurğulayıb:

“Bu gün ukraynalıların 77 faizdən çoxu Avropaya inteqrasiya mövqeyindən çıxış edir. 47 faiz isə NATO-ya üzv olmağın tərəfdarıdır. Putin isə tanklarla Ukraynaya gəlir və bizim necə yaşayacağımızı göstərir. Bu qəbuledilməzdir. Bununla problem həll edilmir”.    

Keçmiş prezident Qərbin və Çinin Ukrayna məsələsində tutduğu mövqeyi də sərt şəkildə tənqid edib. Onun fikrincə, Ukrayna satılıb:  

“Məndə dərin bir hiss var ki, bizi satıblar. Mən şəxsən bundan məyus olmuşam. Putin Ukraynaya 600 tank daxil edəndə, minlərlə zirehli texnika salanda bu bizə çox baha başa gəldi. 10 min dinc insan həlak oldu, 50 mini yaralandı, 1.2 milyon nəfəri isə daxili qaçqındır.  

1994-cü ilin 5 dekabrında Ukrayna üçüncü ən böyük nüvə dövləti statusundan imtina etdi. Bunun müqabilində Rusiya, ABŞ, Fransa, Çin və Böyük Britaniya isə bizə çox böyük zəmanət verdilər. Bu ondan xəbər vermirmi ki, Ukraynada böhran başlasa, Fransa, Çin, ABŞ və Böyük Britaniya bizə kömək etməyə məcburdur?! Onsuz da siyasətçilər üçün müqavilələr və memorandumlar İncil kimi bir şeydir. Ona görə də mən dünyanın yaddaşının bu qədər qısa olmasına görə təəssüflənirəm”.  

O, Rusiyanın Avropanın şimalı üçün təhdid yaratdığını və artıq Qərbin bunun qarşısını almaqda aciz qaldığını da vurğulayıb:  

“Avropa Putinə reaksiya vermək metodlarını itirib. Bundan sonra Rusiya barəsində vahid mövqeyə nail olmaq çətindir. Moskva Avropanın nüvəsi olan ölkələrə girəndə ona hərbi əməliyyatlar keçirmək lazım olmayacaq. Elə stabilliyi pozmaqla Avropanı zəiflətmək istəyəcək.

Bunun üçün presedent də var. Bir neçə ay bundan qabaq bunu Latviyada müşahidə etdik. Bu, Polşada da baş verə bilər. Mən Putinin növbəti hədəfinin kim olacağı haqqında bir şey deyə bilmərəm. Biz hamımız dünyanın bir hissəsiyik. Ona görə də istənilən ölkə hədəf seçilə bilər. Ayıq-sayıq olmaq lazımdır”.

2005-2010-cu illərdə Ukraynaya rəhbərlik edən Viktor Yuşşenko Qərb meylli xarici siyasət yürüdüb.  

Aqşin Kərimov  


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü