Modern.az

Azərbaycanın tərəkəmə camaatı: Min ildir dəyişməyən adətlər - MARAQLI

Azərbaycanın tərəkəmə camaatı: Min ildir dəyişməyən adətlər - MARAQLI

25 İyul 2015, 14:16

Toylarda çox ifa edilən “Tərəkəmə” rəqsini yəqin ki, hamımız ya oynamışıq, ya da dinləmişik. Köçəri tayfaların çöl həyatının ən dolğun ifadəsi olan bu rəqs rəqqasın ifası ilə bütün tərəkəmə camaatının həyat tərzini özündə ifadə edir. Onlar da bu cür ritmik, bir yerdə qərar  tutmayan, çevik olduqları qədər də saf, təmiz olan, lazım gəldikcə qoçaqlıq göstərən bir xarakterə sahibdirlər. Çox təəsüflər olsun ki, Dağlıq Qarabağ işğal olunandan sonra bəzi tərəkəmə tayfaları da məcburiyyət qarşısında qalıb oturaq həyat tərzinə keçməli oldular. Bu isə onlar üçün sadəcə olaraq zülüm demək idi. Buna baxmayaraq ölkənin bəzi yerlərində xüsusən də Mərkəzi Aran, dağlıq və dağətəyi zonalarda, cənub ərazilərinin kiçik bir hissəsində, qərb zonasında az sayda da olsa tərəkəmə tayfaları qalmaqdadır.

Tərəkəmələr türkdilli tayfalardır. Əvvəllər Sırdəryanın sağ sahilində yaşayıblar. Oğuz türkləri XI əsrdən başlayaraq, İran, Zaqafqaziya, Kiçik Asiya və Mesopotamiyaya yayılıblar. Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (“ər” türkmən sözünün cəmidir) deyiblər. Azərbaycanda Kür-Araz ovalığında, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində yaşayan və icma halında yaylağa gedən tərəkəmələr həm də əkinçiliklə məşğul olurdular. Tərəkəmələrin qalan hissəsi aranda biçini qurtarıb, payız əkininə hazırlıq görürdülər.

Tərəkəmə tayfalarının bu günə kimi qoruyub saxladığı bir sıra adət-ənənlər var ki, məhz onlar elat camaatını başqa zümrədən fərqləndirir. Tərəkəmə əhli bu adətlərini “biz dədə-babadan tərəkəməyik” devizi ilə mühafizə edirlər. Həmin adətlərin bir neçəsi ilə tanış olaq:
Yazın axırlarında, yayda otun bol, havanın sərin olduğu yerlərə - yaylaqlara, payızda isə arana köçürlər. Köç vaxtı atlar, qatırlar, dəvələr yüklənir. Bir tərəfdə qoyun-quzu, mal-qara sürüləri, digər tərəfdə isə at belində yaşlılar, qadınlar və uşaqlar yola çıxırlar. Dağa çıxana kimi bir neçə yerdə gecələyirlər.

Tərəkəmə üçün otun, otlağın, biçənəyin, xamın öz mənası var. İtin hürməyi, atın kişnəməyi, qurdun ulamağı, quzu mələrtisi tərəkəmə üçün nəsə deyir. Bir körpə quzunun, necə deyərlər, “burnunun qanaması” belə, tərəkəmənin gözündən yayınmaz. İtin də, atın da, köşəyin də öz dəyəri var tərəkəmə üçün. Tərəkəmə istər min baş olsun, ustər yüz və ya on baş, qoyun-quzunun hər birini üzündən tanıyar, quzunun mələrtisindən hansı qoyunun balası olduğunu dərhal anlar, ilin gəlişindən sürünün sayını əvvəlcədən təyin edər. Bir yetim quzunu aldırmayınca, rahatlıq tapmaz.

Yaylaqda təndir olmur deyə, çörəyi sacda bişirirlər. Ocağın altında təzək və çırpı yandırırlar. Sacı külləyirlər ki, yuxanı yandırmasın. Yuxa nazik yayılmış mayasız çörək növüdür. Ona yayma da deyirlər. Kündəni nazik yayıb isti sacın üstünə sərir, o üz-bu üzə çevirərək, qısa vaxta bişirirlər. Motal pendirini bir büküm isti yuxa ilə dürməkləyib yeyən adamın könlündən daha heç nə keçməz. Üstündən doyunca buzlu bulaq suyu içməyənə deyərlər ki, naqolaydı, yəqin bir əmması, azarı var...



Qədim tarixə malik olan tərəkəmə tayfalarının içində olan, bu həyatı yaşayan və hazırda tərəkəmə tarixinin tək-tük təbliğatçılarından olan şair, “Azərbaycan” jurnalının şöbə müdiri Qəşəm Nəcəfzadə Modern.az-a tərəkəmələr barəsində bunları danışır:

“Tərəkəmələrin özünəməxsus adət-ənənələri var. Azərbaycan dilinin incəlikləri, deyək ki, dilin ən dərin qatları onların aralıq söhbətlərində, lətifələrində, yaşam tərzində üzə çıxır. Mən tərkəmə balasıyam, obamızın, elimizin həyat tərzini olduğu kimi yaddaşıma köçürmüşəm. Düşünürüəm ki, bunları yazmaq lazımdır. Yazmasaq, çox şeylər: adət-ənənlər, söz və ifadələr, şirin ləhcələr unudulacaq. Tərəkəmlər böyük türk tayfalarıdır. Əvvəllər Sırdəryanın sağ sahilində yaşayıblar. Oğuz türkləri (tərəkəmələr) XI əsrdən başlayaraq, İran, Zaqafqaziya, Kiçik Asiyaya yayılıblar. Köçəri həyat sürən oğuzlara tərəkəmə (ərəbcə "tərakimə" - türkmənlər) deyiblər. Tərəkəmələr Azərbaycan, Türkiyə və Gürcüstanda yaşayırlar. Azərbaycanda Kür-Araz ovalığında, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində yaşayan və icma halında yaylağa gedən tərəkəmələr həm də əkinçiliklə məşğul olurlar. Tərəkəmələrin qalan hissəsi aranda biçini qurtarıb, payız əkininə hazırlıq görürdülər. Onlar əsasən heyvandarlıq məhsulları (yağ, pendir, yun və s.) istehsal edir, bunları taxıl və sənətkarlıq məhsulları ilə dəyişirdilər. Tərəkəmələr arasında xalçaçılıq, toxuculuq və s. də inkişaf etmişdi. "Tərəkəmə" xalq rəqsi və musiqisi tərəkəmələrlə bağlıdır. Tərəkəmələr bu gün də öz adət -ənənələrini yaşadırlar. Böyük Türk yazıçısı Cingiz Aytmatav yazırdı ki, “tərəkəmə” sözünün mənası “türk mənəm” deməkdir. Sonra dil-ədəbiyyat müəllimi olduğum üçün başqa bir araşdırma apardım “Tərəkəmə” sözünün kökü “tər” sözüdür. Tər-sifətdir. Təzəlik mənasını ifadə edir. Yəni yuxanın təri, otun təri. Sonra “tər” sözünə “ə” isim düzəldən şəkilçi artırılır. Bələliklə “tərə” sözü əmələ gəlir. Tərə-yəni göy-göyərti, təzə otlaq, biçənək. Sonra isə tər sözünə “kəm” hissəciyi əlavə edildikdə, yəni tərəkəmənin otu, tərəsi, göyərtisi kəm olanda təzə yurda, oylağa köçürlər anlamı yaranır, daha sonra “tərəkəm” sözünün sonuna “ə” isim düzəldən şəkilçisi əlavə olunanda “tərəkəmə” sözü meydana çıxır. Bu, mənim şəxsi araşdirmamdır. Bəlkə belədir, ya da belə deyil. Hər halda Cingiz Aytmatovun yuxarıdakı sözünə böyük önəm verirəm. Tərəkəmə təkçə geyim, məişət tərzinə görə deyil, həm də təfəkkürünə görə xarakterizə olunur. Araşdırmaçı Nərmin Kamal tərəkəmələri belə xaraktirizə edir.
”Mən uşaq vaxtı kəndə gedəndə donum qırışmışdı, nənəm deyirdi ki, tərəkəməsən?”. Təəssüf edirəm ki, böyük içə, təfəkkürə, folklara malik elat tayfalarını yalnız bəzən geyim məsələləri ilə dəyərləndirənlər olur. Tərəkəmə comərdliyi, sənətkarlığı, həmişə tarixdə adla deyilib. Qadınları lazım gələndə kişilərlə vuruşub, dəvə minib, at çapıb, tərəkəmə itləri, atları və qoyunları tarixdə məşhurdur. Tərəkəmələrin özünəməxsus yeməkləri var, demək olar ki, bu yeməklər başqa yerlərdə bişirilmir, tərəkəmələrin özünə aid dil leksokonu var ki, ancaq onu özləri başa düşürlər. Onlar heyvandarlıqda yeni icadlar eləyiblər, yeni sözlər yaradıblar, itlərinə qoyunlarına atlarına yeni adlar veriblər, onlar bir-birindən fərqləndiriblər. Tərəkəmələr köçəri tayfalar olsa da, onlar yurda, daşa , torpağa bağlı adamlar olublar. Onların yurdu böyük əraziləri əhatə edir. Seçmə qoyun, at, it nəsli yetişdiriblər. Onların ən yaxşılarını qoruyub saxlayıblar. Tərəkəmlərin özlərinə məxsus geyimləri, türkəçarələri, inancları, oyunları, nəğmələri, oyunları var. qoyunçuluğun, maldarlığın sirləri nəsildən-nəsilə ötürülüb, bu günə kimi qorunub saxlanılıb. Onların köç həyatı çox maraqlıdır. Mən dəfələrlə bu köçin iştirakçısı olmuşam. Qoyunların döl vaxtı, dollək, kərəskə, ağıl, vana, küz, xıx, qığ, dəlmə, arxac, yazdıx, payızdıx, güzəm, bulama, kətəməz, koramaz, kətil, vəl, örkən, sijim, sinəbənd, quşqun, tafqır, dizzax, qax, şəddə, örən, xam, örüş, qalax, əriş, arxac, paz, hörük, yal, küt, dirədöymə, qığmərə, çilingağac, oğursaq, boğaz, balax, pota, tələmək, cubuq, yanlıq, əyin ağacı, fərməş, iflik, garvıt, sirkən, qarağan, kətiyyən, küdrü, təzək, kürsək, cemis, buğaya gəlmək, muroya gəlmək, ojax qırağı, yaz ağzı, ceyillik, kor əmçək, duz daşı, əvəlik, quşotu, çobanaldadan, duyçə, kələf, çəhrə, iy, quşnu, dələmə, maya, qursaq, axtarma motal, çalansı, yükaltı, koğa, çomaq, cust, əvədək, quşqaytaran, ənik, day, maydan, dayca, qulan, bağırbeyin, tərəkəmə qovurması, alışma, qəhəl, qəhət, balax, ləvərə, dağarcıx, dəstərxan, qavqarmaq, binə, urfa, doğrama, alıx, yağır, xötək, heybə, odux, ağartı, çəkməcə, dəlicə, ətənə, sulux, ağcavaz, qiryəlin, damazdıx, baş covan, subay qoyun, sağmal qoyun, sərdən, poran, təpəl, səkil, əmizlikli, təhlə, puş, gərmə, sidiklik, qana düşmək, qırxılığa düşmək, miyəntək, kəlin qoyun, sarı kürə, ağ kürə, şilə, şəpit, ediləmək, lay, çərttək, toğlamıx, elti, küt, yelin, çətənə, tiyə və yüzlərlə belə sözlərin hamısı tərəkəmə həyatından bəhs edir. Bu sözlərin etmologiyasından, koç həyatından, digər adət və ənənələrdən danışmaq çox maraqlıdır. Tərəkəmə həyatı Azərbaycanda böyük maraq doğurur. Ola bolsin ki, bəhs etdiyim məsələlər müəyyən mübahisələrə səbəb olsun. Mübahisələrə hazıram. Hər halda bu, işin xeyrinədir. Tərəkəmə mədəniyyətinin araşdırılmasına və öyrənilməsinə böyük ehtiyac var”.



Jurnalist Əziz Əlibəylinin uşaqlıq illəri tərəkəmə tayfalarının arasında keçib. O, diqqəti tərəkəmələrin gündəlik işlərinə yönəldir:

“Əslində tərəkəmələrdən danışanda mütləq bir söz deyirlər, “dədə-babadan beləyik”. Bu dədə-baba qaydası yüz illərdir qışlaqdan –yaylağa köç prosesinin adıdır. Başqa formada, buna maldarlıq deyirlər. Tərəkəmələr elatın, obanın üzü adam görməyən şəxsləridir. Biz də gözümüzü açandan bu ab-havada böyümüşük. Yazın ilk günəşi düşən kimi, dağın qarı əriməyə başlayır. Tərəkəmə hamıdan qabaq yuxudan oyanır, saysız-hesabsız qoyun sürülərini güneylərə yayır. Bunun adı “yaylım”dır. Söz yaymaq feilindən götürülüb, yaylaqda hər kəsdən tez tərəkəmələr yuxudan oyanar, günəşin ilk şüaları çardağa düşəndə hər kəs qalxıb, bayıra çıxardı, Qarşıda görünən ilk mənzərə dağın sinəsinə yayılmış mirvariyə bənzər heyvan sürüləri olardı. Tərəkəməliyin özünəməxsus qayda-qanunları var: Biz öz kiçik qoyun sürümüzlə çobanlarla yanaşı düşərdik. İndi bəzi adətlər var ki, unudulub. Tərəkəmələr nehrə çalxardı, canavarlara görə ayıboğan itləri vardı, itburnu kolunun özəyindən qayış kimi möhkəm çomaq hazırlanardı. Aşağı-yuxarı hər çobanın tütəyi vardı. Amma indi, üstündən 25 ildən az bir zaman keçib, tərəkəməlik də, elatın mövsümi köç mədəniyyəti də undulub. İluzunu qadınlar qarağat, moruq, baldlırğan, çiçək toplayar, müxtəlif meyvə quruları hazırlayar, ağartı məhsullarından-yağ, qurut, qatıq, süzmə, pendir düzəldərdilər. Hansı çardağa getsən ipdən asılmış əvəlik quruları, meyvə qaxı görmək olardı”.



Elmin Nuri

Qeyd: Modern.az saytı tərəkəmələrlə bağlı olan mövzunu bir neçə hissədə davam etdirəcək. Çünki Azərbaycanda Qarabağ, Mərkəzi Aran, çöl tərəkəmələrinin özünəməxsus adət-ənənələri olub ki, bunlara da ayrı-ayrılıqda toqunmaq gərəkir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır