Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən, paytaxtın Qara Şəhər hissəsinin bərpa və inkişafı haqqında qərar qəbul edilib. Sahəsi 221 hektar olan bu ərazi tamamilə dəyişəcək və Ağ Şəhər adlanacaq.
Sərəncamda bildirlib ki, Ağ Şəhər həm də nəqliyyatın yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Belə ki, burada Bakı Ağ Şəhərinin mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşa olunması, habelə avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi də planlaşdırılır.
Bakı Ağ Şəhərinin infrastruktur kommunikasiyalarının işçi layihələri işlənib hazırlanıb və layihənin həyata keçirilməsi prosesinə cəlb edilmiş müvafiq dövlət təşkilatları ilə razılaşdırılıb.
Maraqlıdır, Bakı Ağ Şəhərində tramvay xəttinin çəkilməsi də planlaşdırılırsa, bəs onda mövcud xətləri niyə bir neçə il öncə sökürdülər? Niyə bir neçə il öncə tramvay xətlərinə qənim kəsilənlər (başda elə həmin Hacıbala Abutalıbov olmaqla - A.Q.) şəhər əhalisini inandırmağa çalışırdılar ki, tramvay iqtisadi cəhətdən faydasız nəqliyyat növüdür.
Əgər bu gün ekologiyanın korlanmasından, tıxaclardan, piyadaların təhlükəsizliyindən geniş bəhs olunursa, onda əminliklə demək olar ki, tramvay elə ən faydalı nəqliyyat növüdür. Məgər dünyanın bütün inkişaf etmiş ölkələrin paytaxtlarında ictimai nəqliyyat vasitələrinin ən çox işlənən növləri ekoloji baxımdan zərərsiz olan trolleybuslar, tramvaylar və metro deyilmi? Azərbaycan paytaxtında isə Nəqliyyat Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti əl-ələ verərək vaxtilə şəhəri texniki baxımdan köhnə, nasaz olan avtobuslarla doldurub, tramvayları ləğv etdilər. Həmin avtobuslar isə neçə illərdir şəhərin atmosferini zəhərləməklə, tıxaclar yaratmaqla məşğuldur.
Tramvay və trolleybus kimi ekoloji baxımdan təmiz nəqliyyat vasitələrini yığışdıranlar indi onun gərəkliyini anlamağa başlayıblar. Halbuki, şəhər meri Hacıbala Abutalıbov 2004-cü ildə deyirdi ki, tramvayların gündəlik enerji istismarı baha başa gəlir və tramvaylardan sərnişinlər az istifadə edirlər. Eləcə tramvay yollarını söküb yerində kommersiya obyektləri, digər təyinatlı binalar tikdilər. Sökülüb əridilən polad relslər və satılan yollar hesabına kimlərinsə cibləri doldu.
5-6 il öncə tramvayın ardınca paytaxt sakinləri trolleybusla da vidalaşdılar. O nəqliyyat vasitəsinin də “buynuz”ları yenə kimlərinsə ovuna çevrilmişdi. Səbəbini isə belə izah etdilər: Bakıda salınan körpü tikintisi trolleybusların fəaliyyətinə mane olur. Guya körpü tikintisi başa çatandan sonra trolleybusların fəaliyyəti bərpa ediləcəkmiş... Bəs nə oldu?
Hazırda dünyanın inkişaf etmiş ölkələrində - Amerika, İngiltərə, Türkiyədə, həmçinin postsovet məkanında bu ucuz nəqliyyat vasitələrinin fəaliyyətindən geniş şəkildə istifadə olunur. Almaniyada, İsveçrədə həm elektrik enerjisindən daha az istifadə edən, həm də sabit cərəyanla işləyən müsair tramvaylar işləyir. Niyə Bakıya avtobus gətirməyə pul tapanlar, taramvay gətirməyə pul tapmadılar?
Keçmiş Sovet İttifaqında ilk dəfə Bakıda salınmış tramvay xəttinin böyük bir tarixi var: 1889-cu ildə Bakıda “konka” (polad rels xəttiylə hərəkət edən atlı fayton) tikilib. 1903-cü ildə Bakıda elektrik tramvay xəttlərinin salınması barədə Şəhər Dumasına təklif daxil olub. O zaman Dumada indiki bəzi məmurlara oxşar bürokratlar düz 20 il həmin təklifin reallaşmasına mane olublar. Nəhayət, 1922-ci ildə Bakı soveti layihəni reallaşdıra bildi. Şəhərdə tramvay xətlərinin tikintisinə başlandı. 1924-cü il fevralın 8-də Bakıda elektrik-tramvay yolu istifadəyə verildi. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi. Şəhərdə ilk dəfə tramvayla sərnişinlərə xidmət etmək şərəfi Aleksandr Lisovski soyadlı bir şəxsə nəsib olub. Onun xatirələrində yazılır ki, birinci bir neçə saatı sərnişinləri pulsuz aparıblar və bu, Bakıda böyük bayram kimi qeyd edilib. 1941-ci ilin dekabrında Bakıda trolleybus xətti də işə salındı. 1966-cı ildə ildə tramvay yollarının uzunluğu 102,5 km-ə çatdırılmışdı. 80 il Bakı sərnişinlərinə xidmət göstərən rahat, ucuz, təmiz və sürətli tramvaylar 2000-2004-cü illərdə sıradan çıxarıldı. O tramvay və trolleybuslar ki, tək sərnişinlərə xidmət göstərmirdi, həm də Bakının havasını təmiz saxlayırdı. Tramvay məsələsindən söz düşmüşkən, bu yaxınlarda Milli Məclisdə “Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər edilərkən deputat Eldar İbrahimov haqlı bir irad bildirmişdi. Millət vəkili qanunda tramvay, trolleybus sürücülərinin vəsiqələri ilə bağlı maddənin nəzərədə tutulmasına etiraz etmişdi. Azərbaycanda ümumiyyətlə tramvay və trolleybus olmadığını deyən E.İbrahimov hesab etmişdi ki, olmayan bir şey barədə necə danışmaq olar. "Siz mənə cavab verin, bundan sonra Azərbaycanda tramvay və trolleybuslar olacaqmı?". Spiker Oqtay Əsədov isə deputata maraqlı bir cavab vermişdi: "Bakı şəhəri böyüyür, bəlkə də olacaq. Bəlkə də biz adi tramvay yox, göyüstü tramvay xətti çəkəcəyik". Spikerin sözü olmasın, yerüstü tramvay xətlərini söküb-dağıdan Nəqliyyat Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti bəlkə Ağ Şəhərdə göyüstü tramvay xətti çəkəcək… Adəm Qorxmaz