Modern.az

Məhkəmə qərarlarının icrası üzrə əməkdaşlıq sazişi müzakirə edilir

Məhkəmə qərarlarının icrası üzrə əməkdaşlıq sazişi müzakirə edilir

Parlament

Bu gün, 14:03

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin qərarlarının məcburi icrası zamanı məlumat mübadiləsinə dair çoxtərəfli saziş layihəsi geniş müzakirə olunub.

Modern.az xəbər verir ki, sənəd məcburi icra sahəsində iştirakçı dövlətlər arasında hüquqi və institusional əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Layihədə icra sənədi, icra icraatı, borclu və tələbkar anlayışları dəqiqləşdirilir, icra orqanlarının səlahiyyətləri və funksiyaları konkret şəkildə müəyyən olunur. Sənədə əsasən, icra prosesində borcluların əmlakı, bank hesabları, gəlirləri, daşınmaz əmlakı, nəqliyyat vasitələri və yaşayış ünvanları ilə bağlı məlumatların operativ şəkildə əldə olunması və qarşılıqlı paylaşılması mexanizmləri yaradılır.

Sazişdə məlumat mübadiləsinin istiqamətləri də ətraflı göstərilib. Buraya icra sənədlərinin mahiyyəti, borcun məbləği, icra mərhələləri, borclunun iş yeri və gəlir mənbələri, eləcə də dövlət reyestrlərindən və digər rəsmi informasiya bazalarından əldə edilən məlumatlar daxildir.

Eyni zamanda, sorğuların göndərilməsi və cavablandırılması qaydaları, icra müddətləri, tələb olunan sənədlərin siyahısı və onların təqdim olunma forması konkret şəkildə tənzimlənir. Sənəddə sorğuların elektron qaydada ötürülməsi, təhlükəsiz informasiya kanallarından istifadə və prosedurların sadələşdirilməsi kimi məsələlər də yer alıb.

Məlumatların məxfiliyi və qorunması ayrıca vurğulanır. Qeyd olunur ki, əldə edilən məlumatlar yalnız icra məqsədləri üçün istifadə olunmalı, üçüncü şəxslərə ötürülməsi isə qanunvericiliyə uyğun şəkildə həyata keçirilməlidir.

Sazişin tərəfləri qismində MDB məkanına daxil olan dövlətlər arasında Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan çıxış edir. Sənəd bu ölkələr arasında məhkəmə qərarlarının icrası sahəsində əməkdaşlığın vahid mexanizmlər əsasında qurulmasını hədəfləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi