Modern.az

İlham Əliyevin liderliyi Azərbaycanın uğurlarını təmin edəcək – spiker

İlham Əliyevin liderliyi Azərbaycanın uğurlarını təmin edəcək – spiker

Parlament

Bu gün, 12:31

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü ərəfəsində ölkənin müstəqillik tarixindən, əldə olunan nailiyyətlərdən və beynəlxalq mövqeyinin möhkəmlənməsindən danışıb.

Modern.az xəbər verir ki, Sahibə Qafarova bunu parlamentin oktyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın yenidən dövlət müstəqilliyi qazanması müstəsna siyasi və tarixi əhəmiyyət daşıyan hadisədir.

Milli Məclisin sədri qeyd edib ki, 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçilik tarixində dönüş nöqtəsi olub. Onun sözlərinə görə, həmin dövrdə həyata keçirilən tədbirlər nəticəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırılıb, ictimai-siyasi sabitlik bərpa olunub və dövlət institutları möhkəmləndirilib.

Sahibə Qafarova vurğulayıb ki, Ümummilli Lider milli dövlətçilik konsepsiyasını həyata keçirərək dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verib, onun dönməzliyini təmin edib.

Parlament sədri 2003-cü il oktyabrın 15-də İlham Əliyevin ilk dəfə prezident seçilməsinin də Azərbaycanın tarixində xüsusi yer tutduğunu bildirib. Onun sözlərinə görə, Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi ölkənin əldə etdiyi nailiyyətlərin qorunmasına və yeni ümummilli vəzifələrin yerinə yetirilməsinə imkan yaradıb.

O, Azərbaycanın son illərdə qazandığı ən böyük nailiyyətlər sırasında 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatında əldə olunan qələbələri qeyd edib.

“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir”, – deyə Sahibə Qafarova vurğulayıb.

Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparır, beynəlxalq mövqelərini möhkəmləndirir, strateji tərəfdaşlıq əlaqələrini genişləndirir və Cənubi Qafqazda möhkəm sülhün yaradılmasına yönələn təşəbbüslərlə çıxış edir.

O, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşünün Bakıda keçirilməsini Azərbaycanın artan beynəlxalq nüfuzunun və uğurlu xarici siyasətinin göstəricisi kimi qiymətləndirib.

Sahibə Qafarova əminliyini ifadə edib ki, Prezident İlham Əliyevin liderliyi, xalqın birlik və həmrəyliyi Azərbaycanın müstəqillik yolunda bundan sonra da inamla irəliləməsini təmin edəcək.

Çıxışında qarşıdan gələn əlamətdar günlərə də toxunan parlament sədri oktyabrın 17-də Füzuli, bir neçə gün sonra Zəngilan, daha sonra isə Qubadlı şəhərlərinin günlərinin qeyd olunacağını xatırladıb.

Sonda Sahibə Qafarova Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktublarının ünvanlanmasını təklif edib. O, məktublarda Azərbaycan xalqının və dövlətinin bu günü və gələcəyi naminə fəaliyyətlərində onlara yeni uğurlar arzulamağı təklif edib.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr