Modern.az

Vyetnamla tərəfdaşlığın dərinləşdirilməsi ölkəmizin Asiyada mövqelərini gücləndirir

Vyetnamla tərəfdaşlığın dərinləşdirilməsi ölkəmizin Asiyada mövqelərini gücləndirir

Parlament

Bu gün, 21:45

Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin keçdiyi zəngin tarixi yolun, mövcud əməkdaşlıq potensialının və gələcək inkişaf perspektivlərinin aydın mənzərəsini ortaya qoyur.

Müsahibə həm də Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində artan siyasi, iqtisadi və geostrateji rolunun növbəti ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanla Vyetnam arasında dostluq münasibətləri ötən əsrin ortalarına, Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərinə gedib çıxır.

Bu münasibətlərin möhkəm təməlinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin də mühüm xidmətləri olub. Onun 1983-cü ildə Vyetnama səfəri və əldə olunan razılaşmalar iki ölkə arasında uzunmüddətli əməkdaşlığın inkişafına ciddi təkan verib. Bu tarixi irs göstərir ki, Azərbaycan xarici siyasətində dostluğa, etibara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qorunmasına xüsusi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ənənələr keyfiyyətcə yeni mərhələyə yüksəlib. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ildə Azərbaycana dövlət səfəri və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərdə mühüm siyasi mərhələdir.

Bu sənəd əməkdaşlığın yalnız ənənəvi istiqamətlərini deyil, energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər strateji sahələri də əhatə edən geniş gündəliyini müəyyənləşdirir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət Azərbaycanın çoxtərəfli diplomatiyasının və etibarlı tərəfdaş imicinin möhkəmlənməsinə xidmət edir. İqtisadi əməkdaşlıq isə münasibətlərin yeni strateji məzmununun əsas dayaqlarından biridir. 2025-ci ildə ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi müsbət dinamikanı göstərsə də, mövcud potensial daha böyük nəticələrə imkan verir.

Xüsusilə SOCAR ilə PetroVietnam arasında əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın zəngin enerji təcrübəsinin beynəlxalq miqyasda tətbiqi baxımından əhəmiyyətlidir. Vyetnam şirkətlərinin Azərbaycanın infrastruktur və bərpaolunan enerji layihələrinə marağı da ölkəmizin investisiya cəlbediciliyinin göstəricisidir. Digər mühüm istiqamət Azərbaycanın beynəlxalq nəqliyyat-logistika qovşağı kimi mövqeyinin gücləndirilməsidir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizlərinin imkanları Vyetnamla Avropa arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni perspektivlər açır.

Tranzit daşımalarında qeydə alınan artım Azərbaycanın yalnız regional deyil, daha geniş coğrafiyada mühüm logistika tərəfdaşı olmaq imkanlarını təsdiqləyir. Müsahibədə humanitar, elmi və mədəni əlaqələrə verilən xüsusi diqqət də təsadüfi deyil. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi sosial və təhsil təşəbbüsləri, tələbə mübadiləsi, universitetlərarası əməkdaşlıq xalqlar arasında qarşılıqlı etimadı gücləndirir. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun yalnız iqtisadi və siyasi uğurlarla deyil, həm də humanizm, həmrəylik və mədəni diplomatiya ilə möhkəmləndiyini nümayiş etdirir.

Bütövlükdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın müstəqil, çoxşaxəli və praqmatik xarici siyasət kursunun mühüm məqamlarını əks etdirir. Azərbaycan Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi və geoiqtisadi reallıqları daha geniş beynəlxalq əməkdaşlıq imkanlarına çevirməyə çalışır. Vyetnamla strateji tərəfdaşlığın dərinləşdirilməsi isə ölkəmizin Asiya istiqamətində diplomatik və iqtisadi mövqelərini gücləndirməklə yanaşı, Azərbaycanın etibarlı, təşəbbüskar və perspektivli tərəfdaş kimi beynəlxalq rolunu daha da artırır.

Azər Kərimli
Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan kritik xəbərdarlıq - Hazır olun, VURACAĞIQ!