Milli Məclisin bu gün keçiriləcək plenar iclasında “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.
Layihəyə əsasən, ətraf mühitin istehsalat monitorinqinin aparılması, onun nəticələri barədə hesabatların təqdim edilməsi və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin ictimaiyyətə açıqlanması ilə bağlıdır.
Layihəyə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər istehsalat monitorinqi aparmalı olacaqlar. Bu monitorinq təsərrüfat fəaliyyətinin ətraf mühitin vəziyyətinə təsiri nəticəsində baş verən dəyişikliklərin müşahidəsi və tədqiqini əhatə edəcək.
Təklifə görə, monitorinq zamanı istifadə edilən ölçmə vasitələrinin tipi “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq təsdiq edilməli və həmin vasitələr yoxlamadan keçirilməlidir.
Bundan başqa, istehsalat monitorinqinin nəticələri barədə illik hesabatın növbəti il fevralın 1-dən gec olmayaraq müvafiq dövlət qurumuna təqdim edilməsi nəzərdə tutulur. Hesabat müəyyən edilmiş formaya uyğun hazırlanacaq.
Qanun layihəsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna da dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini hazırlayan şəxslər həmin sənədin nəticələri ilə ictimaiyyəti tanış etməklə yanaşı, sənədi müvafiq dövlət qurumunun rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi üçün də həmin quruma təqdim etməlidirlər.
Layihə, həmçinin “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun bəzi müddəalarında terminoloji dəqiqləşdirmələrin aparılmasını nəzərdə tutur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.