Modern.az

Azərbaycanda işləmək üçün yaş həddinin uzadılmasına yenidən baxılsın - komitə sədri

Azərbaycanda işləmək üçün yaş həddinin uzadılmasına yenidən baxılsın - komitə sədri

Parlament

Bu gün, 11:19

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin plenar iclasında dövlət qulluqçularının elmi və pedaqoji fəaliyyətlə məşğul olması, sertifikatların qüvvədə olma müddəti və dövlət qulluğunda yaş həddi ilə bağlı məsələlərə münasibət bildirib.

Modern.az xəbəır verir ki, Komitə sədri  dövlət qulluqçularının elmi və ya pedaqoji fəaliyyətlə məşğul olması ilə bağlı normanın məcəllədə mövcud formada əks olunması qanunvericilik texnikası baxımından əsaslı olduğunu qeyd edib.  Onun sözlərinə görə, elmi və pedaqoji fəaliyyət dövlət qulluqçusuna verilən hüquqlardandır və bu fəaliyyətlə məşğul olmaq üçün müvafiq dövlət orqanı rəhbərinin yazılı icazəsi tələb olunur.

Əli Hüseynli bildirib ki, dövlət qulluqçusunun əsas vəzifəsi dövlət orqanına həvalə edilmiş funksiyaları yerinə yetirməkdir. Bununla yanaşı, qanunvericilik ona elmi və ya pedaqoji fəaliyyətlə məşğul olmaq imkanı da yaradır.

Komitə sədri sertifikatların qüvvədə olma müddətinə də toxunub. O, mövcud qaydalara əsasən sertifikatın beş il müddətinə verildiyini, növbəti sertifikatın alınması ilə bu müddətin uzadıldığını və müəyyən mərhələdən sonra sertifikatın müddətsiz hesab olunduğunu xatırladıb.

Əli Hüseynlinin sözlərinə görə, təklif olunan yanaşma sertifikatlaşdırma prosesinin təkrarçılığını aradan qaldırmağa və dövlət qulluqçularının fəaliyyətinin formal prosedurlardan daha çox real nəticələr əsasında qiymətləndirilməsinə xidmət edir. O vurğulayıb ki, dövlət qulluqçusunun fəaliyyətinə onsuz da xidməti vəzifələrinin icrası çərçivəsində qiymət verilir.

Komitə sədri çıxışında dövlət qulluğunda yaş həddi məsələsinə də diqqət çəkib. O bildirib ki, dövlət qulluqçuları və dövlət büdcəsindən maliyyələşən müxtəlif təşkilatlarda çalışan şəxslər üçün yaş hədləri fərqlənə bilər. Bu baxımdan, 65 yaşına çatmış dövlət qulluqçularının xidmət müddətinin uzadılması ilə bağlı meyarların aydın və obyektiv müəyyənləşdirilməsi vacibdir.

Əli Hüseynli qeyd edib ki, xidmət müddətinin uzadılması zamanı dövlət qulluqçusunun fəaliyyəti və xidməti nəticələri kimi konkret göstəricilərə əsaslanmaq subyektiv qərarların qarşısını almağa kömək edə bilər. Onun fikrincə, belə meyarlar qərarların əsaslandırılmasını təmin etməli, eyni zamanda, cəmiyyətdə yarana biləcək sual və şübhələri aradan qaldırmalıdır.

Komitə sədri əlavə edib ki, Dövlət qulluğu məcəlləsinin qəbulundan sonra dövlət büdcəsindən maliyyələşən digər sahələrdə də yaş həddinin uzadılması ilə bağlı məsələlərə yenidən baxılması məqsədəuyğundur. O, bu sahədə subyektiv yanaşmaların qarşısını almaq üçün konkret, aydın və şəffaf meyarların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

digər sahələrdə də yaş həddinin uzadılması ilə bağlı məsələlərə yenidən baxılması məqsədəuyğundur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr