Modern.az

Azərbaycan Avrasiya coğrafiyasında birləşdirici mərkəz mövqeyini gücləndirir 

Azərbaycan Avrasiya coğrafiyasında birləşdirici mərkəz mövqeyini gücləndirir 

Parlament

Bu gün, 16:40

Yeni dünya düzəninin formalaşması prosesi olduqca mürəkkəb çağırışlarla müşayiət olunur. Geosiyasi rəqabətin hərbi toqquşmalar müstəvisinə keçməsi, yeni münaqişə və müharibə ocaqlarının yaranması deməyə əsas verir ki, bu proses yekunlaşmaqdan hələ çox uzaqdır. Təbii resurslarla yanaşı, strateji dəhliz və nəqliyyat bağlantılarına nəzarət uğrunda aparılan geosiyasi mübarizə hər ötən gün daha da sərtləşir, elə bu səbəbdən regional əməkdaşlıq platformalarının səmərəliliyi ön plana çıxır.  

Prezident İlham Əliyevin ötən ilin sentyabrında Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına ünvanladığı təbrik məktubunda yer alan bu fikir coğrafiyamızdakı geosiyasi qarşıdurmanın səbəblərinə kifayət qədər aydınlıq gətirir: “Bu gün Asiya həm iqtisadi potensialı, həm də qlobal proseslərə təsiri baxımından dünyanın güc mərkəzlərindən birinə sürətlə çevrilməkdədir”.

Azərbaycan 2024-cü il dekabrın 17-dən etibarən mühüm geostrateji coğrafiyanı təmsil edən beynəlxalq platformalardan birinə-AQEM-ə sədrlik edir. Asiya qitəsinin 90 faizini əhatə edən və artıq 29 üzv dövləti bir araya gətirən bu platforma regionda qarşılıqlı etimadın gücləndirilməsi və ölkələr arasında əməkdaşlığın əlaqələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Elə bu səbəbdən, Azərbaycan sədrlik dövrünü “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım” kimi strateji hədəfin reallaşmasına həsr edib. Belə bir hədəfin qoyulması AQEM-ə üzv dövlətlərin böyük potensialından xəbər verir. Dünya Bankının qiymətləndirmələrinə görə, yaxın 15 il ərzində Orta Dəhliz üzrə ticarət dövriyyəsi üç dəfə arta, daşınma müddəti yarıyadək azala və region ölkələrində 2 milyona qədər yeni iş yeri açıla bilər. Prezident İlham Əliyevin ötən il AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına ünvanladığı təbrik məktubunda yer alan növbəti fikir Azərbaycanın bu mühüm coğrafiyada oynadığı rolun və qarşısına qoyduğu hədəflərin miqyasından xəbər verir: “Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək”.

AQEM-in 7-ci Zirvə Görüşünün məhz Bakıda keçirilməsi, ölkəmizin sədrliyi dövründə Laos Xalq Demokratik Respublikasının üzv qəbul olunması və Azərbaycanın sədrliyinin daha iki il müddətinə uzadılması ölkəmizin etibarlı tərəfdaş statusuna göstərilən beynəlxalq etimadın göstəricisidir. Bu cür mötəbər platformalar müstəqillik dövründə üzləşdiyimiz riyakarlığın və aşkar ayrı-seçkiliyin beynəlxalq auditoriyaya çatdırılması baxımından da olduqca vacibdir. Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışının əhəmiyyətli hissəsini Ermənistanın təcavüzkar siyasətinə həsr etməsi həm də bu səbəbdən təsadüfi deyil. Müharibə və münaqişə coğrafiyasının genişlənməsi, geosiyasi rəqabətin kəskin qarşıdurma müstəvisinə keçməsi bir daha sübut edir ki, böyük güclərin ikili standartlar siyasəti və beynəlxalq hüququ gözdən salması indiki təhlükəli vəziyyətin yaranmasında həlledici rol oynayıb. Prezident İlham Əliyev bu acı reallığı nəzərə alaraq, çıxışında Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə geniş yer ayırdı: “Mən bu məsələ üzərində ətraflı dayandım, çünki bu, qlobal əhəmiyyət daşıyır. BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq”.

Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı məcburi xarakterli məlum dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qalması və keçmiş vasitəçilər üçlüyü başda olmaqla BMT, Avropa İttifaqı və AŞPA kimi təşkilatların bu riyakarlığa göz yumması 44 günlük Vətən müharibəsini qaçılmaz etdi. Azərbaycan sonda məcbur qalıb BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz haqqını və tarixi ədaləti savaş meydanında bərpa etdi.

Prezident çıxışında onu da xüsusi vurğuladı ki, bu gün regionda sülh de-fakto bərqərar edilsə də, o, hələ çox kövrəkdir. Bunun yeganə səbəbi Ermənistan hökumətinin vədlərindən qaçması, sözü ilə əməlinin üst-üstə düşməməsi ilə bağlıdır. Nikol Paşinyan hökuməti əvvəllər sülh tarixini 2026-ya, daha sonra 2027-ci ilə bağlayırdısa, indi bəyan edir ki, sazişin imzalanması  2031-ci ilədək uzanacaq. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan bu açıqlamanın fonunda hətta sülh sazişi imzalanmadan çox tezliklə Türkiyə ilə sərhədlərin açılacağı barədə bəyanatlar verir, Təhlükəsizlik Şurasının katibi Alen Simonyan isə ABŞ-də fəaliyyət göstərən “Save Armenia” (“Ermənistanı xilas edin”) hüquq müdafiəsi təşkilatının nümayəndələrini qəbul edir. Bu təşkilat ANCA ilə birgə ABŞ Konqresində Azərbaycan əleyhinə ardıcıl iş aparır, 907-ci düzəlişin ləğvinə qarşı çıxır və faktiki olaraq sülh sazişinin uzanmasına zəmin yaradır.

Ermənistan hökumətinin aşkar manipulyasiya cəhdləri ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan konstitusiya dəyişikliyinin ləngidilməsi səyləri ilə də müşayiət olunur. Bütün bunlar Prezident İlham Əliyevin sülhün kövrəkliyi ilə bağlı mesajının arxasında dayanan real mənzərəni əks etdirir. Azərbaycan Prezidentinin Baş nazir N.Paşinyanın 2019-cu ildəki bəyanatını xatırlatması Ermənistan hökumətinin indiki davranışının izahı baxımından da olduqca əhəmiyyətli və düşündürücüdür: “Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu... Üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan yeni havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi. 2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi”.

Ermənistan hökumətinin sülh gündəliyini 2031-ci ilə daşımaq istəyi onun sülh bəyanatlarının səmimiliyi ilə bağlı ciddi suallar yaradır. Sözsüz ki, yeni havadarlarının da həvəsləndirmə siyasəti öz təsirini göstərir. Həmin dairələr Ermənistan hökumətindən nə qədər “sülh göyərçini” düzəltməyə çalışsalar da, cəmiyyətimiz artıq yaxşı bilir və görür ki, güclü Azərbaycan, qətiyyətli Lider mövqeyi və xalqımızın öz Lideri ətrafında monolit birliyi olmasaydı, Ermənistan hökumətində nə zahiri siyasi transformasiya, nə də 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşması baş verməyəcəkdi.

AQEM Zirvə Görüşünün keçirildiyi günlərdə Avrasiya coğrafiyası üçün olduqca vacib olan qlobal layihələrdən biri də reallaşdı. Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 15-də Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını etdilər. “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində gerçəkləşən bu layihə Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət üçün geniş imkanlar açır. Prezident İlham Əliyev açılış mərasimində dost və qardaş ölkələri sevindirəcək olduqca vacib olan bu mesajı verdi: “Bu, əməkdaşlığın gücləndirilməsi işinə növbəti töhfədir. Çünki bu kabeldən Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyanın ölkələri istifadə edəcək. Beləliklə, bu gün biz qlobal layihəyə start verdik”.

Bu mesaj, əslində, o deməkdir ki, bədxahlarımızın, o cümlədən Ermənistanın bugünkü himayədarlarının nə deməsindən və ya nə etməsindən, çirkin qarayaxma kampaniyalarından asılı olmayaraq, Azərbaycan Avrasiya coğrafiyasının birləşdirici strateji mərkəzinə çevrilir və yeni layihələrlə Cənubi Qafqazda yaratdığı tarixi reallığı daha da möhkəmləndirir. Yaxınlaşmaqda olan Müstəqilliyin Bərpası Gününə bu gerçəklikdən, qalib Azərbaycan reallığından böyük töhfə ola bilməz.

Ülvi Quliyev, 
Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar