Ukraynanın baş prokurorluğu Rusiya Federasiyasına indi bu ölkə ərazisində olan keçmiş prezident Viktor Yanukoviçin ekstradasiya olunması tələbi ilə müraciət edəcək. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda parlamentin bugünkü iclasında Ali Radanın sədri Aleksandr Turçinov məlumat verib: “Baş prokurorluq Ukraynadakı kütləvi qırğınla bağlı istintaq aparır, bu işdə əsas fiqurlardan biri də eks-prezident Viktor Yanukoviçdir”. Onun sözlərinə görə, məhz bu səbəbdən baş prokurorluq Rusiya Federasiyasına keçmiş prezidentin Ukraynaya ekstradasiyası ilə bağlı müraciət edəcək.
Xatırladaq ki, Yanukoviç və digər vəzifəli şəxslərlə bağlı cinayət işi fevralın 25-də qaldırılıb. Keçmiş prezidentdən başqa Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey klyuev, keçmiş baş prokuror Viktor Pşonke, keçmiş daxili işlər naziri Vitali Zaxarçenko və digərlərinə qəsdən adam öldürmək ittihamı irəli sürülüb.
Modern.az