
Azərbaycanda saxlanılan erməni vətəndaşı M. Xocayan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında bu gün Ermənistana qaytarılıb. Bunu Modern.az-a açıqlamasında BQXK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib.
“Bu şəxs Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Ermənistan rəsmilərinə təhvil verilib. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu şəxsə saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün ona baş çəkiblər. Təşkilatın nümayəndələri həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlayıblar.
BQXK, neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiynının keçirilməsinə yardımçı olub”-deyə açıqlamada bildirlib.
Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.
Gülşən Raufqızı