Modern.az xəbər verir ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Komissiya rəhbərliyi ilə Azərbaycan Mətbuat Şurasının işçi qrupu arasında bakalavriat və magistratura səviyyələrinə qəbul zamanı jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının tətbiq olunması mövzusunda növbəti müzakirə keçirilib. Müzakirələrin nəticəsi olaraq jurnalistika ixtisasına bakalavriat və magistratura səviyyələri üzrə qəbulda bir sıra yeniliklərin edilməsi nəzərdə tutulur.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının I mərhələsindəki nəticələri müsabiqə şərtini ödəyən bütün bakalavrlara ixtisasından asılı olmayaraq jurnalistika ixtisası üzrə müsabiqədə iştirak etmək imkanı veriləcək. Bu zaman bakalavrlar internetlə müvafiq sorğu anketini dolduracaq, daha sonra isə TQDK tərəfindən təşkil olunacaq müsabiqə komissiyası tərəfindən keçirilən müsahibədə iştirak edəcəklər.
Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcək. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işi yerinə yetirəcək. Bu mərhələdə müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçiminə buraxılacaqlar.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a açıqlamasında bildirib ki, qərar qəbul olunub, qaydaların işlənməsi qalıb ki, onlarda yaxın zamanda həll olunacaq: "2014-2015-ci il qəbul planında bu qaydaların təbiqi nəzərdə tutulur".
Modern.az