Qəbul imtahanının ikinci cəhdi üzrə də imtahanlar keçiriləcək. Bu mərhələdə bir çox abituriyent hazırlığa haradan və necə başlayacağını müəyyənləşdirməkdə çətinlik çəkir.
Modern.az xəbər verir ki, AzEdu.az-a mövzu ilə bağlı açıqlamasında “İlin gənc müəllimi” müsabiqəsinin qalibi, repetitor müəllim və hazırlıq kursu rəhbəri Xəzri Muradov danışıb.

O qeyd edib ki, qəbul imtahanının ikinci cəhdi bir çox abituriyent üçün yeni şans, bəziləri üçün isə nəticəni daha da yaxşılaşdırmaq imkanıdır:
“Təcrübəmdə müşahidə etmişəm ki, ilk imtahanda yüksək nəticə göstərən şagirdlərin bir qismi artıq hazırlığı dayandırır, digər bir qismi isə dərslərə əvvəlki məsuliyyətlə yanaşmır. Halbuki məhz bu son bir ay nəticəni ciddi şəkildə dəyişə biləcək ən vacib dövrlərdən biridir.
Bu mərhələdə yeni mövzular öyrənməkdən daha çox, mövcud bilikləri möhkəmləndirmək, buraxılan səhvləri analiz etmək və intensiv test həllinə üstünlük vermək lazımdır. Abituriyent ilk növbədə öz zəif tərəflərini müəyyən etməli, daha sonra həmin istiqamətlər üzrə məqsədyönlü şəkildə işləməlidir. Sürətləndirilmiş ümumi təkrar da vacibdir, lakin əsas diqqət səhvlərin aradan qaldırılmasına və vaxt idarəetməsinin təkmilləşdirilməsinə yönəlməlidir”.
Əgər mən bu gün bir abituriyentin yerində olsaydım, məktəb öhdəliklərinin də azalmasını nəzərə alaraq vaxtımın böyük hissəsini təkrara, sınaq imtahanlarına və test tapşırıqlarına həsr edərdim:
“Artıq məktəb ili də yekunlaşır və şagirdlərin sərəncamında daha çox vaxt olur. Bu vaxtdan düzgün istifadə edən, gündəlik plan əsasında çalışan və test həllini artıran abituriyentlərin nəticələrində 50-100 bal, bəzən daha artıq irəliləyişlər görmüşük. Praktikamda buna çoxsaylı nümunələr var.
Ən böyük problem isə yorğunluq və məsuliyyət hissinin azalmasıdır. Bir il ərzində davam edən gərgin hazırlıqdan sonra bu hal təbiidir. Lakin məhz bu məqamda xarakter və iradə ön plana çıxır. Məşhur sərkərdə Napoleon Bonapartın dediyi kimi: “Qələbə ən çox səbir göstərənlərin olur”. Son metrələrdə sürəti azaltmaq yox, əksinə artırmaq lazımdır.
Əgər mən bu gün bir abituriyentin yerində olsaydım, məktəb öhdəliklərinin də azalmasını nəzərə alaraq vaxtımın böyük hissəsini təkrara, sınaq imtahanlarına və test tapşırıqlarına həsr edərdim. Çünki ikinci cəhd artıq bilik toplamaq deyil, mövcud biliyi maksimum nəticəyə çevirmək mərhələsidir.
Unutmaq olmaz ki, imtahan taleyi müəyyən etmir, amma zəhmətin bəhrəsini göstərən mühüm mərhələdir. Bu son bir ayı düzgün qiymətləndirənlər avqust ayında seçim qarşısında deyil, seçim edən tərəf olacaqlar”.