Modern.az

Müəllimlərin nəzərinə: MİQ üçün qeydiyyatda YENİLİK

Müəllimlərin nəzərinə: MİQ üçün qeydiyyatda YENİLİK

Təhsil

Bu gün, 11:00

2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi bugündən etibarən başlayır. 

Modern.az xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan iyunun 10-u saat 11:00-dək miq.edu.az saytında qeydiyyatdan keçə bilərlər.

Məlumat üçün qeyd edək ki, Elm və Təhsil Nazirliyinin sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Belə ki, bu ildən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2026-cı il tarixli 114 nömrəli qərarına əsasən müsabiqədə iştirak üçün 60 manat məbləğində rüsum müəyyən edilib.

Bununla belə, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri rüsum ödəməkdən azaddırlar. Namizədin bu kateqoriyalara aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik şəkildə yoxlanılacaq.

Qeydiyyat mərhələsində ödəniş tələb olunmur. Namizəd əvvəlcə müraciətini tamamlayır, müraciət təsdiqləndikdən sonra imtahanda iştirakın aktivləşdirilməsi üçün ödəniş mərhələsinə yönləndirilir. Ödəniş bank kartı vasitəsilə onlayn qaydada həyata keçirilir.

Müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla dörd mərhələdən ibarətdir.

Müsabiqədə pedaqoji ixtisaslar üzrə orta ixtisas və ali təhsil müəssisələrini bitirmiş, dövlət nümunəli diplom almış, həmçinin xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər. Cari tədris ilində təhsilini başa vurmuş sonuncu kurs tələbələri də müsabiqəyə qoşula bilərlər. Bunun üçün onlar qeydiyyat zamanı “Təhsil haqqında sənədin nömrəsi” bölməsində “Arayış” sözünü qeyd etməlidirlər.

Hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduqları məktəbdə ən azı 3 il fəaliyyət göstərdikləri halda müsabiqədə iştirak hüququ qazanırlar. Analıq məzuniyyətində olan müəllimlər üçün də iştirak imkanı nəzərdə tutulub.

Test imtahanında namizədlərə ixtisas fənləri üzrə 40, tədris metodikası və təlim strategiyaları üzrə isə 20 sual təqdim ediləcək. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt ayrılacaq.

Qiymətləndirmə zamanı ixtisas fənləri üzrə hər düzgün cavab 2 bal, metodika və təlim strategiyaları üzrə hər düzgün cavab isə 1 bal hesablanacaq. Ümumi qiymətləndirmə 100 ballıq sistemlə aparılacaq. Səhv cavablar nəticəyə təsir göstərəcək. Belə ki, ixtisas fənləri üzrə hər səhv cavab 0,5, metodika üzrə hər səhv cavab isə 0,25 bal çıxılmasına səbəb olacaq.

Vakansiya seçimi mərhələsinə buraxılmaq üçün namizədlər ümumtəhsil proqramı üzrə minimum 34, tədris metodikası üzrə minimum 6 bal toplamalı və ümumi nəticə ən azı 40 bal olmalıdır.

Keçid balını toplamış namizədlər maksimum səkkiz vakant yer seçə biləcəklər. Yerləşdirmə namizədlərin seçim ardıcıllığı nəzərə alınmaqla aparılacaq.

Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu məktəblərdə 3-5 il fasiləsiz çalışan müəllimlərin nəticələri 1,05, 5 ildən artıq işləyənlərin nəticələri isə 1,1 əmsalla hesablanacaq.

Şəhid ailələrinin üzvlərinə vakansiya seçimi mərhələsində üstünlük veriləcək. Bu kateqoriyaya aid namizədlər qeydiyyat zamanı müvafiq təsdiqedici sənədləri PDF formatında sistemə yükləməlidirlər.

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul yalnız müsabiqənin əsas turunda həyata keçiriləcək. Sonrakı turlar və tədris ili ərzində yaranan yeni vakant yerlər üzrə işə qəbul isə müddətli əmək müqaviləsi əsasında aparılacaq.

Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü qiymətləndiriləcək.

Müsabiqənin test imtahanında toplanan bal yalnız həmin tədris ili üçün qüvvədə olacaq. Nəticələrlə bağlı apellyasiya şikayətlərinə Elm və Təhsil Nazirliyinin formalaşdırdığı apellyasiya komissiyası tərəfindən baxılacaq.

Cari ildə də müəllimlərin işə qəbulu üzrə test imtahanlarının regionlarda təşkili nəzərdə tutulur.

Bundan başqa, 2025-2026-cı tədris ili üzrə keçirilən iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilməyəcəklər.

Müsabiqənin əsas vakansiya seçimi mərhələsindən sonra ümumi vakansiya seçiminin keçirilməsi də planlaşdırılır. Əvvəlki mərhələlərdə seçim etməyən və ya uğur qazanmayan namizədlər həmin mərhələdə iştirak edə biləcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran BOMBARDMAN edilir! - ABŞ hərəkətə keçdi