Modern.az

Ordumuzdan strateji həmlə - Separatçıların “əl-qolu” bağlandı

Ordumuzdan strateji həmlə - Separatçıların “əl-qolu” bağlandı

30 Mart 2023, 16:12

 

 

Müdafiə Nazirliyinin bu gün səhər saatlarında yaydığı məlumata görə, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.


Nəzarətə götürülən ərazilərin strateji əhəmiyyəti nədir? Xankəndiyə gedən alternativ yolların tutulmasında effektiv olacaqmı? Bu ərazilər gələcəkdə keçirilməsi gözlənilən əməliyyatlarda bizə hansı üstünlüklər qazandıracaq?


Mövzu ilə bağlı Modern.az-a danışan ehtiyyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan ordusu mütəmadi olaraq dövlət maraqlarını qorumaq üçün istər Ermənistanla olan şərti sərhəddə, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ ərazisində mövqeylərini daim təkmilləşdirir.


"Bununla bağlı müəyyən zəruri tədbirlər həyata keçirilir. Son zamanlar sərhəddə və Qarabağda vəziyyətin gərginləşməsi, Ermənistanın sülh müqaviləsindən boyun qaçırması Azərbaycanı əlavə tədbirlər görməyə məcbur edib. Azərbaycan tərəfi Qarabağa qanunsuz silah daşınmasının qarşısının alınması üçün dəfələrlə Rusiya sülhməramlılarına siqnallar versə də, təəssüflər olsun ki, onlar bu məsələyə laqeyd yanaşıb. Qar örtüyünün əriməsi ilə Laçın zolağına bağlanan torpaq yollar işlək vəziyyətə gətirilərək separatçılar tərəfindən hərbi məqsədlə istifadə olunurdu. Belə hadisələrin qarşısını alarkən şəhidimiz də oldu. Laçın rayonunda olan əlavə yollarda Azərbaycan ordusu qeyd olunan ərazilərdə əməliyyat keçirib və həmin yerlərə nəzarətimizi bərpa edib. Bu, ordumuza Laçından keçən bütün yolları nəzarətdə saxlamağa imkan verir",- deyə polkovnik bildirib.

 

 

Ş.Ramaldanov vurğulayıb ki, sülhməramlılar öz missiyası və vəzifələrinə laqeyd yanaşaraq, pul qarşılığında separatçılarla əməkdaşlıq edib və yollardan qanunsuz istifadəyə şərait yaradıb:

 

"Qarabağda silahlı dəstələrin nümayəndələrinin sayının artırılması ilə bağlı məlumatlar mövcuddur. Əvvəl həmin ərazidə 5-6 min terrorçu vardısa, indi onların sayının 8-10 minə çatdırıldığı deyilir. Bu da onu göstərir ki, Azərbaycan torpaqlarında separatçıların tərksilah edilməsi yerinə onların sayı artırılır və silahlandırılır. Nəticədə Azərbaycan Silahlı Qüvvələri zəruri tədbirlər gördü. Prezident İlham Əliyev çıxışında qeyd etmişdi ki, Ermənistanın siyasi rəhbərliyi, onlara havadarlıq edənlər, revanşist qüvvələr tərəfindən Azərbaycanın maraqlarına təhlükə yaradan hərəkətlər olarsa, dərhal adekvat addımlar atılacaq. Yəni silahlı qüvvələrimiz əməliyyat şəraitinə nəzarət edərək gələcəkdə Azərbaycana qarşı ola biləcək təxribatların qarşısını almaq məqsədi ilə bu kimi tədbirlər görüb və bundan sonra da görəcək. Keçirilən əməliyyatlar separatçıların silah-sursatla təmin olunmasına qarşı atılan addımlardır".  

 


Deputat Elman Məmmədov isə söyləyib ki, Azərbaycan ordusu strateji və hərbi cəhətdən əhəmiyyətli olan əraziləri nəzarətə götürüb:


"Bütün bunlar torpaqlarımızın tühlükəsizliyi üçün həyata keçirilir. Sərhəd qorunmalıdır və hər bir qarışı nəzarət altında saxlanılmalıdır. Qeyd olunan şərtlərin müvəqqəti olaraq icra edilməməsindən istifadə edən düşmənlərimizin etdikləri göz qabağındadır. Onlar gizli yollarla silah-sursat daşıyır və terrorçuların gediş-gəlişini təmin edirdilər. Hesab edirəm ki, biz tək Laçın rayonu ərazisində yox, bütün dövlətlərlə, xüsusilə Ermənistanla sərhəd bölgələrimizdə ciddi nəzarət mexanizmləri yaratmalıyıq".

 


 

E.Məmmədov vurğulayıb ki, Azərbaycan ordusu separatçıların çirkin əməllərinin qarşısını almaq üçün zərur tədbirlər görür:

 

"Düşmənimiz hiyləgərdir və müəyyən boşluqlardan istifadə etməyi yaxşı bacarır. Azərbaycanın Laçın rayonu istiqamətində Ermənistanla uzun sərhədi var. Yaz fəslinin gəlməsi ilə separatçılar düşünür ki, onların gediş-gəliş imkanları artıb. Terrorçular meşə cığırından istifadə edə bilərlər. Məhz onların belə addımlar atmasının qarşısının alınması məqsədi ilə ordumuz tərəfindən önəmli tədbirlər həyata keçirilib. Həmin ərazilərin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi ermənilərin Xankəndinə gedən alternativ yollardan istifadə etmə imkanını da əlindən alacaq. Prezident İlham Əliyev bildirmişdi ki, Qarabağda 10 minə yaxın Ermənistan əsgəri saxlanılır. Bunların rotasiya məsələsi də var. Yəni müddətini başa vurmuş ermənilər geri qayıdır və onun yerinə mülki paltarda yeniləri gəlir. Həmin ermənilər hətta kənar yollarla deyil, Laçın-Xankəndi yolundan fərqli vasitələrlə keçirlər. Bəlkə də onlar rus sülhməramlılarının maşını ilə həmin ərazilərimizə daxil olurlar. Separatçılar çalışırdılar ki, Xankəndi-Xəlfəli-Turşsu yolundan istifadə edərək öz çirkin məqsədlərinə çatsınlar. Azərbaycan ordusu terrorçu dəstələrin təminatını kəsmək üçün adekvat addımlar atır. Separatçıların ərazilərimizdən çıxması ilə bütün bu proseslərə nöqtə qoyulacaq".

 


Hərbi analitik Alparslan İmamqulu qeyd edib ki, separatçıların tərksilah olunması və məhv edilməsi baxımından həmin ərazilərin əhəmiyyəti böyükdür.


"Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında bir sıra hakim yüksəkliklərin və yolların nəzarət altına alınması çox böyük bir hadisədir. Çünki bu cür strateji nöqtələrin azad olunması bundan sonrakı dönəmlərdə düşmənin hərəkət yollarını və qruplaşmalarını tam müşahidə altında tuta bilməyimizə şans yaradacaq. Bu bölgəyə baxsaq, görərik ki, həmin ərazilərdə yerləşməyimiz şərti sərhəddə və Qarabağda mövcud terrorçuların nəzarət altında saxlanılaraq lazım olduğu vaxt zərərsizləşdirilməsi baxımında çox əhəmiyyətlidir",-deyə o bildirib.

 


Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, nəzarətə götürülən ərazilər vasitəsilə Ermənistan tərəfindən Qarabağa silah-sursat daşınmasının qarşısı alınacaq:

 

"Azərbaycan Ordusunun Cağazur və Zabux istiqamətində hakim yüksəkliklərə, habelə digər ərazilərə nəzarət etməsi Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə nəticələnəcək. Bu, Qarabağa silah daşınmasının qarşısını alacaq. Digər tərəfdən ordumuzun bu yerlərə yerləşməsi Azərbaycana Ermənistanla sərhəd olan ərazilərin çox böyük bir hissəsinə nəzarət etmək imkanı yaradacaq".

 

 

 

 

Rahib Ələsgərov

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda dərc olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı