Modern.az

Qarsda beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

Qarsda beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

Diaspor

24 Oktyabr 2023, 17:08

Türkiyənin Qars şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycanın Qarsdakı Baş konsulluğu, Elm və Təhsil Nazirliyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Əskişəhər Azərbaycanlılar Dərnəyi, İğdır Azərbaycan Evi, Qars Qafqaz Universiteti, Elger Elm və Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində baş tutan konfransa 12 ölkədən 100-dən çox alim qatılıb.

 

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə Qars Qafqaz Universitetinin rektoru Prof. Dr. Hüsnü Kapu və Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev açıblar. Plenar iclasda çıxış edən Təşkilat Komitəsinin sədri dosent İlkin Qulusoy, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Elm və Təhsil Nazirliyinin təmsilçisi Müjdat Həsənov, Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın konfransın işinə uğurlar arzulayıblar. Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektorlarının təbrik nitqləri səsləndirilib.

 

Sonra professor Toğrul İsmayıl, professor Yusuf Bayraktar və dosent Elman Cəfərli dahi şəxsiyyətin Azərbaycançılıq və dövlətçilik irsinin geniş təhlil olunduğu məruzələrlə çıxış ediblər. Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin “Heydər Əliyev və “Şərq qapısı” qəzeti”, Azərbaycan Dövlət İdman Akademiyasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadənin “Heydər Əliyev və hərbi təhsil siyasəti” mövzusundakı elmi məruzələri də maraqla qarşılanıb. 

 

Üç bölmədə işini davam edən konfransda Heydər Əliyevin dövlətçilik, elm, təhsil, mədəniyyət, ordu quruculuğu, gənclər siyasəti, multikulturalizm və digər sahələrdə həyata keçirdiyi islahatlarından bəhs olunub, foto və video təqdimatlar edilib. Konfrans iştirakçılarına Heydər Əliyevin 100 illik yubiley plaketi və diplomlar təqdim edilib. 

 

Tədbirin bədii hissəsində konsert proqramı nümayiş olunub.

 

Konfrans çərçivəsində qonaqlar Qars Qafqaz Universitetində qurulan Heydər Əliyev Mərkəzini ziyarət ediblər. 

 

Xatırladaq ki, Qars Qafqaz Universitetində Azərbaycan türkcəsi və ədəbiyyatı ixtisası tədris edilir. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov