Modern.az

Qəddafinin son günləri...(Mühafizə dəstəsinin keçmiş zabitinin dediklərindən)

Qəddafinin son günləri...(Mühafizə dəstəsinin keçmiş zabitinin dediklərindən)

Dünya

14 Noyabr 2011, 09:51

Müəmar Qəddafinin mühafizə dəstəsinin keçmiş zabiti Liviya liderinin ölümü ilə bağlı "CNN" televiziyasına müsahibə verib. Müəmar Qəddafinin son günlərinədək yanında olan zabit Mənsur Day Liviya lideri barədə nadir faktlara sahibdir.

Mənsur Day bildirib ki, bir vaxtlar həşəmətli lider sayılan Müəmar Qəddafi son günlərində doğma şəhəri Sirtin tərk edilmiş evlərindən yemək qalıqları axtarırdı. Mühafizəçinin sözlərinə görə, Qəddafi çox narahat və inamsız idi. "Ola bilsin ki, bu inamsızlıq və narahatçılığı onun qorxusundan qaynaqlanırdı. Qəddafi Sirtdən 20 kilometr aralıdakı doğma Cərif kəndinə yetişməyə can atırdı. Bəlkə də o, ömrünün son dəqiqələrini burada keçirmək və burada  da ölmək istəyirdi". (İTV)

Mansur Day bildirib ki, Müəmar Qəddafi Tripolidən Sirtə avqustun 18-də, yəni üsyançılar bu şəhərə daxil olmamışdan 2 gün öncə yollanıb. O, 4 günü Bani-Validdə oğlu Seyf əl-İslam və məxfi xidmətin şefi Abdulla əs-Sənussi ilə keçirib. Bundan sonra Qəddafi Sirtə gəlib.

"Həyatımız 180 dərəcə bucaq altında dönmüşdü, həyat şəraiti isə günbəgün pisləşirdi. Qəddafi və onun ətrafı Sirtdəki tərk edilmiş  evlər arasında sərgərdan dolanırdılar. Onlar qaldıqları evləri hər iki-üç gündən bir dəyişir və boşalmış mənzillərdə əllərinə keçənlə qidalanırdılar. İşıqları, suları və kənar aləmlə əlaqələri yox idi. Qəddafi son günlərini özüylə bərabər götürdüyü bir çemodan kitabı oxumaqla keçirirdi. O, həmçinin bütün gün ərzində nə isə yazırdı. Onun davranışlarından baş açmaq olmurdu. Sirtin mühasirəsi başa çatdıqdan sonra Qəddafinin qrupu şəhəri tərk etmək istəyirdi.

Lakin Qəddafi oktyabrın 20-dək birmənalı şəkildə Sirtdən getməkdən imtina etmişdi. Qəfildən o, və oğlu Mütəssim mühasirəni yarıb, doğma kəndlərinə getməyə qərar verdilər. Həmin vaxt 350 nəfərlik qrupda 200 nəfər qalmışdı. Adamların bir qismi öldürülmüş , bir qismi isə öz ailələrinin yanına qaçmışdı. Mütəssimin rəhbərlik etdiyi dəstədə daha çox intizamsız və ipə- sapa yatmayan mülki vətəndaşlar qalmışdı. Nə qaçış, nə də döyüş üçün heç bir plan yox idi.

Üsyançıların ehtimal olunan istirahət vaxtı konvoy Cərif kəndi istiqamətində mühasirəni yarmalı idi. Dəstədə 40 avtomobil var idi.

Səhər saat 8 radələrində NATO təyyarələri konvoydakı birinci maşını bombaladı. Zərbə dalğasından Qəddafinin "Jeep"indəki hava yastıqları işə düşdü. Onun burnu və ola bilsin ki, sinəsi xəsarət almışdı.

Qaçış cəhdinin qarşısı üsyançıların avtomat atəşləri ilə alındı. Sonra NATO ikinci aviazərbə endirdi.  Məhz bu zərbə daha çox itkiyə səbəb oldu. İnsanların əksəriyyəti yaralandı. Kimisi əlini, kimisi ayağını itirdi. Bu, dəhşətli idi".

Qəddafigil üsyançıların mühasirəyə aldığı drenaj boruların içərisində gizlənməyə səy göstəriblər. M. Dayın dediyinə görə, onun özü kürəyindən qəlpə yarası aldığından, huşunu itiribmiş və bu səbəbdən Qəddafinin sonunun necə yetişdiyi barədə məlumatı yoxdur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü