Modern.az

Dözülməz və düzəlməz Rusiya

Dözülməz və düzəlməz Rusiya

17 Mart 2022, 13:28

Rahid Ulusel


300 il boyunca bu imperiya niyə dəyişmədi?!

 

Jan Jak Russonun (1712-1778) Pyotrdansonrakı-inqilabaqədərki Rusiyaya digər fransız mütəfəkkirlərindən daha güclü və xüsusi təsirinin kökündə – onun rus cəmiyyətini köhnə-yırtıq qınından çıxarmağa çalışan intellektualların – Radişşev, Karamzin, Puşkin, Gertsen, Dostoyevski və başqalarının düşüncəsində fırtına yaratması dayanır. Fransız filosofunu “ilahiləşdirənlərin” içərisində Lev Tolstoy da vardı ki, onun miniatür portreti olan medalyonu on beş yaşından sinəsində gəzdirməyi, iyirmi cildliyini birər-birər oxumağı ilə fəxr edirdi. Çünki Böyük Fransa İnqilabının müjdəçisi Russo “Avropanın nüsxəsi” olmağa can atan Rusiyanın cəhdlərindəki metamorfozanın puçluğunu onlardan öncə sezmiş, kilidlənmiş Rusiyanın tənqidinə çöldən açar salmışdı.

 

Rusiya imperiyasının qurucusu Birinci Pyotru ideallaşdıran Volterdən (1694-1778) fərqli olaraq, Russo hələ XVIII yüzilliyin ortalarında həm də Volterlə şəxsi ədavəti (dolayı tənqidinə görə Volterin Cenevrədən qovdurduğu, onun yaxınlığındakı Motye kəndində də hətta daşlatdığı Russo İngiltərəyə qaçıb böyük şotland filosof-empiriki Devid Yuma sığınmışdı)  və konseptual fikir ayrılığı məcrasında Pyotrtəməlli Rusiyanın təkamülündəki qeyri-təbiilik və ziddiyyətliliyə kəskincə və uzaqgörənliklə münasibətini bildirmişdi. XVIII və XIX əsr boyunca Rusiyanın məftun olduğu Jan Jak Russo bu imperiyanın əsl mahiyyətini açaraq yazır:  

 

“Ruslar heç zaman gerçəkdən sivilizasiyalı xalq olmayacaqlar. Çünki sivilizasiyanın təsirinə olduqca erkən məruz qalmışlar. Pyotr yamsılama istedadına malik idi, ancaq onda əsl dahilik yox idi ki, hər şeyi heç nədən qurub-yaratsın. Onun etdiklərindən nələrsə yaxşı idi, əksəriyyəti isə yerində deyildi. O başa düşürdü ki, xalqı – vəhşidir, amma qətiyyən anlamırdı ki, bu xalq vətəndaş cəmiyyəti qaydaları üçün hələ yetişməyib. O istəyirdi ki, öz xalqını dərhal maarifləndirsin və firavanlaşdırsın, halbuki onu bu çətinliklərə alışdırmaq gərəkdi. O istəyirdi ki, əvvəlcə xalqından alman, ingilis yetişdirsin, halbuki onları elə rus yaratmaqdan başlamaq lazım idi. O öz təbəələrini olmadıqları kimi olmağın zəruriliyinə inandıraraq, onları olduğu kimi qalmağa qoymadı. Tərbiyəçi-fransızın etdiyi tək: öz şagirdlərini elə tərbiyələndirirsən ki, uşaqlığında işıq saçır, sonra isə birdəfəlik puç olub gedirlər. Rusiya imperiyası Avropanı fəth etmək istəyir, – ancaq özü fəth olunacaq. Ya türklər, ya onun öz təbəələri, ya da digər qonşuları Rusiyanın fatehi, elə bizim də fatehimiz olacaqlar. Belə bir dönüş mənə labüd görünür. Avropanın bütün kralları onun yaxınlaşmasına birgə kömək edirlər” (Руссо Ж.Ж. Трактаты. М.: Наука, 1969, с.183).

 

Ruslardan da  sərt fransızların, bütün Avropanın çatışmazlıqlarını qamçılayan, “İctimai Müqavilə haqqında, yaxud Siyasi Hüququn Prinsipləri”  (1762) traktat-layihəsi ilə siyasi fəlsəfə tarixində ilk dəfə sosial bərabərsizliyin səbəblərini və formalarını açan Jan Jak Russonun Avrasiyanın taleyi perspektivinə baxışları həm də ona görə dəyərlidir ki, burada kal sivilizasiyaların həmişə təsadüflərin qurbanı olması gerçəyinə  varılır. Axı, hər bir sivilizasiya öz dərin kökləri üzərində bitməli, gövdələnməli, budaqlanmalıdır ki, tarixin tufanları onu aşırmasın.

 

Avrasiyada siyasi təkamül və təşkilatlanma prosesini izləyən və tarixin böyük təcrübəsinə əsaslanan Lev Qumilyovun passionarlıq nəzəriyyəsinə görə hər bir imperiya təqribən 300 il yaşayır. Rusiya imperiyasının yaranmasından da (1721)  düz 300 il keçir. Deyəsən, zaman yetişib! Dünyada ən çox müharibə edən bu imperiya XXI əsrə sürünə-sürünə, yaxına-uzağa cırmaq ata-ata gəlib çıxıb. Və bu dəfə birdəfəlik çöküş ssenarisini özü hazırlayıb!    

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir